01.06.2023, 22:27
AZ EN
01.04.2022, 09:15 1695

Vətənə layiq övlad, ataya layiq oğul, övlada örnək ata...

YAZILAR

Bir igid vardı. Bütün qanıyla, canıyla Torpağa  Bayrağa bağlı olan bir igid. İki övladın mərd atası!.. Torpaqları düşmən işalından azad etməmiş, düməndən intiqam almamış yaşamağı özünə haram bilən igidlərimizdən biri idi aslanımız.

Döyüş zamanı göstərdiyi böyük qəhrəmanlıqlarla milyonların yaddaşında qaldı elimin, yurdumun mərd oğlu....

Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Əvvəlcə Qubadlı rayonunun Başarat orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. Şükür Həmidov, hələ hərbi liseydə təhsil alarkən, könüllü olaraq döyüşlərə getmək arzusunu komandanlığa bildirmişdir. Hərbi liseydən sonra, 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə daxil olaraq təhsilini davam etdirmiş və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində taqım komandiri kimi fəaliyyətə başlamışdır. 2006–2008-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının müdavimi olmuşdur.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş və Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Şükür Həmidov İkinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Milli Qəhrəmanımız II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Ailəli idi, iki ay parçadı övladı yadigar qalıb.

Şükür Həmidov 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanın Culfa şəhərində, ön xəttdə yerləşən hərbi hissələrin birində taqım komandiri kimi fəaliyyətə başladı. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində irəli çəkildi. Bir müddətdən sonra N. saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edildi.

2008-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini, komandiri kimi xidmət etdi...

Aprel döyüşlərinin başlaması Şükür Həmidovun Füzulidə hərbi hissəyə komandirlik etdiyi dövrə təsadüf etdi. Erməni qüvvələrinin ön xəttdə konsentrasiyasını müşahidə edən Azərbaycan Silahlı Qüvvələri də müəyyən qabaqlayıcı tədbirlər görürdü. Aprelin 1-dən 2-nə keçən gecə isə düşmən təxribat fəaliyyətinə başladı və açıq şəkildə hücuma keçməyə cəhd göstərdi. Həmin vaxt ön xətdə xidmət aparan sıravi əsgərlər düşmən hücumunun qarşısını məharətlə aldılar. Şükür Həmidov hərbi hissə komandiri kimi döyüşün ilk dəqiqələrindən etibarən hücuma gedən bölmələrlə birgə Lələtəpə istiqamətinə hərəkət etdi. Onlarla birlikdə sağ və sol cinahlarda isə digər qruplar hərəkət edirdi. Ş.Həmidovun bildirdiyinə görə əməliyyatın gedişində korpus komandiri Mais Bərxudarovun şəxsən iştirakı və yüksək peşəkarlığı əsgərləri sürətli hücuma həvəsləndirmişdir. Beləliklə, itki verərək geri çəkilən düşmən təqib edilmiş və qısa zaman müddətində Lələtəpə yüksəkliyi və ətrafındakı on kilometrlərlə ərazi azad edilmişdir.

Mərhum polkovnik Şükür Həmidov Aprel döyüşləri ilə bağlı xatirələrini bölüşərkən demişdir:

"Burada ermənilərə yaxşı dərs verdik. Düşmən çaşqınlıq içərisində idi, başlarını itirmişdilər. Ermənilər Lələtəpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırıdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu həddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad elədilər. 1 saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı”...“Düşmən yaxşı döyüş aparsaydı, bu daha zövqlü olardı."

İkinci Qarabağ müharibəsində

Şükür Həmidov döyüşlər başladığı andan etibarən ön xətdə olmuş və 23 oktyabr 2020-ci ildə doğma rayonu olan Qubadlı uğrunda gedən döyüşlər zamanı şücaət göstərərək şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

10 may 2016-cı il tarixində Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olarkən, aprel ayının əvvəlində Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı şücaət göstərdiyinə görə polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov ölümündən sonra "Zəfər" ordeni ilə təltif olunmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər