02.07.2022, 17:55
AZ EN
28.03.2022, 08:15 3434

Səcdə etdiyi bayrağa bükülüb əbədiyyətə qovuşdu

YAZILAR

Prezident, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli ordumuzun tərkibində döyüşərək bizə möhtəşəm Qələbə bəxş edən şəhidlərimizdən biri də Azər Yusiflidir.

Zəngilana bayrağımızı sancan  şəhidimiz Azər Yusifli yaşasaydı, bu il martın 28-də 28 yaşı tamam olacaqdı, doğmaları onun başına yığışıb doğum gününü qeyd edib, boyunu sevəcəkdilər. Bu gün isə onun xatirəsini məzarı başında yad edirlər, həm də qürurla, fəxrlə...

Azər Nazim oğlu Yusifli 28 mart 1994-cü ildə Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. 2012-ci ilin aprelində  hərbi xidmətə yollanıb. Həm hərbi döyüş hazırlığında, həm də idman hazırlığında xüsusi fərqləndiyinə görə Azəri Mərdəkanda yerləşən Sərhəd Qoşunlarına məxsus xüsusi təyinatlı dəstəyə göndəriblər. Orada keçirilən döyüş təlimlərinə və taktiki, texniki fəaliyyətinə görə Azər xüsusi fərqlənirmiş.

O, Tovuz döyüşləri zamanı xüsusi təyinatlı dəstədə kəşfiyyatçı kimi fərqlənmişdi.

Vətən müharibəsi başlayanda Sərhəd Qoşunlarında xüsusi təlim keçmiş baş gizir  Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərib.

Müharibənin ilk həftəsində Azər yaralanıb. Həkimlərin səyinə baxmayaraq üç gün sonra hələ tam sağalmamış yaralarını sarıyıb döyüş meydanına qayıdıb. Ermənilərlə qeyri-bərabər döyüşdə qəhrəmanlıq göstərən baş gizir Azər Yusifli işğaldan azad edilmiş 26 yaşayış məntəqəsinə şanlı bayrağımızı sancıb. Tərkibində onun da olduğu kiçik bir kəşfiyyat dəstəsi düşmənin 37 əsgər və zabitini əsir götürüb, 42 nəfərini isə yerindəcə məhv edib.

Azər Yusifli oktyabrın 21-də Zəngilan rayonu istiqamətində gedən döyüşdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Qəhrəmanımız Ağstafanın Böyük Kəsik kəndində dəfn olunub. Kəndin mərkəzində xatirəsinə bulaq kompleksi qoyulub. Ağstafadakı mərkəzi küçələrdən biri, eləcə də Böyük Kəsik kənd orta məktəbi onun adını daşıyır.

Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Azər Yusifli ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülüb,  “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medaları ilə təltif edilib.

“Azər Yusifli heç bir döyüş yoldaşını darda qoymurdu, onlara hər cür yardım edirdi, yaralalanların əsir götürülməməsi üçün həyatını təhlükəyə ataraq onları döyüş meydanından çıxarırdı. Şəxsən mənim özümə də döyüş meydanında yaralanarkən çox köməklik edib,” - deyə döyüş yoldaşı Vüqar Zamanov şəhid silahdaşını xatırlayır.

Qəhrəmanımızın atası Nazim Yusifov deyir: ”Bu gün Azərin hər yerdə şəkilləri var, diz çöküb Azərbaycan bayrağını öpdüyü yerdə və döyüş bölgələrində. Sosial şəbəkələrdə onun haqqında xeyli sayda yazılar var, bu mənə böyük təsəllidir. Mən oğlumla fəxr edirəm. Azər elə uşaqlıqdan bayrağımıza səcdə edirdi. Elə səcdə etdiyi bayrağa bükülüb əbədiyyətə qovuşdu...

Vətən uğrunda şəhid olan qəhrəmanımıza Allahdan rəhmət diləyirik.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər