02.07.2022, 17:57
AZ EN
04.03.2022, 11:50 3553

Xoşbəxt sənətkar

YAZILAR

Aşqabadda zəlzələ baş verməsə, hər şey tamam başqa cür olacaqdı. Onu neftçi kimi Türkmənistanın əyalət şəhərindən paytaxta – ustalıq dərəcəsi almağa yollayacaqdılar. Doğrudur, yaxşı neftçi idi. Hətta həmkarları onu “malenkiy master” adlandırırdı, amma işi lap da ürəyincə deyildi. Əslində, ürəyincə idi, sadəcə, neftçilikdən daha çox sevdiyi bir sahə vardı. Sevdiyi, aşiq olduğu, bir könüldən min könülə bağlandığı...

Ustalıq dərslərinə həm də anasına görə getmək istəmirdi. Yetim böyümüşdü. Anası onlar üçün çox əziyyət çəkmişdi. İndi əli çörəyə çatırdı və maaşının, az qala, yarısını Bakıya göndərirdi. Oxumağa getsə, maaşı ikiqat azalacaq, anasına pul göndərə bilməyəcəkdi. Amma bir az da məcburi idi onun işi. Stalinin zamanı idi. NATO təzə-təzə yaranırdı...

Anasına məktub yazır, vəziyyəti izah edir, anası ona uğurlar arzulayır, bildirir ki, Bakıda işləyir, ailəni dolandıra bilər, narahat olmasın, gedib oxusun. Və zəlzələ! Yəqin bu bədbəxt hadisənin faydasını görən yeganə adam o idi. Yox, onun neftçilikdən vaz keçməsi bütün Azərbaycanın qazancı oldu.

Musiqiyə sevgisi şərhi-bəyana sığmazdı. Özbaşına tar, qarmon, piano, hətta klarnet çalmağı öyrənmişdi.

Bir mənzərə düşünün. Ötən əsrin ortaları, Bakı küləyi, Sabunçu vağzalı, göydən lopa-lopa qar yağır, bir dəstə neftçi nahar etməyə gedir. Qəfil küçədə quraşdırılmış radio muğam konserti elanı verir. Yoldaşlarından qırılıb vağzalda qalır, lopa-lopa yağan qarın, çovğunun altında dayanıb muğam dinləyir.

İnsanı bu sevgidən ayırmaq bir az da günah sayılmalı. Amma gərək insan özü də göylərin işarəsini anlasın, taleyin onu hara yönəltmək istədiyini bilsin. Həyatda öz yerini tapmaq buna deyirlər. Yoxsa ömür boyu xoşbəxt hiss etməz özünü...

Əlibaba Məmmədov tanrının onu nə üçün yaratdığını anladı. Yolunu böyük Niyazinin yanından salmasının da əsl səbəbi bu idi. Əmisi müğənni olduğundan muğamların çoxunu bilirdi, səsi də vardı. Ona görə ilk müsabiqədəncə uğurla keçib filarmoniyaya solist götürüldü.

Sonralar filarmoniyanın direktoru Niyazinin təşəbbüsü ilə bu musiqi məbədinin nəzdindəcə “Humayun” ansamblını yaradacaq, bütün Azərbaycanda tanınacaqdı.

Amma hələ buna çox vardı. Hələ tale Əlibaba müəllimi Seyid Şuşinski ilə görüşdürəcəkdi.

Məncə, bu görüş Əlibaba müəllimlə yanaşı həm də Seyid Şuşinskinin şansı sayılmalıdır. Çünki muğam xəzinəsini yeni dövrə Seyidin vasitəçiliyi ilə məhz Əlibaba Məmmədov keçirəcəkdi. Həm muğamı, həm Seyidi yaşadacaqdı.

Ömür boyu “Seyidin sinfi” dediyi o məktəb o vaxtın musiqi akademiyası idi. Həm də müqəddəs ocaq idi Seyidin hüzuru. Onu muğamın peyğəmbəri saymaq olardı. Əlibaba müəllim düz 70 il Seyiddən böyük şövqlə danışdı. Seyid onun qəlbinə elə bir işıq salmışdı ki, bu 70 ildə zərrə qədər də azalmadı. Əksinə, Əlibaba müəllimdən tələbələrinə keçib daha da çoxaldı.

Əlibaba Məmmədov Seyid Şuşinski ocağından aldığı işığı, istiliyi səxavətlə payladı. Çünki bu elə işıq, elə istilik idi ki, paylandıqca çoxalırdı.

Ona haqlı olaraq sonuncu mogikan deyirdilər. Düzdür, muğam ifaçılığı sahəsində Yaqub Məmmədov, Arif Babayev, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev kimi böyük ifaçılar da vardı. Hətta muğamın tədrisi ilə də məşğul olurdular. Lakin Əlibaba müəllimin işi ifaçılıq və tədrislə bitmirdi. O, həm də muğam dəsgahlarını yaradırdı. Yüzə yaxın mahnı bəstələyib. Bunların bir çoxu müstəqil mahnı kimi tanınıb, bir çoxu muğamların arasında təsnif kimi oxunub. Sovet dövründə qəribə bir qayda vardı, bəstəkarlıq təhsilin yox idisə, mahnı yaza bilməzdin. Yazsan belə, onu bütün tanınmış müğənnilər oxusa belə, efirə buraxmazdılar. Əlibaba müəllimsə mahnılarının çoxunu təsnif adı ilə muğamların içində təqdim edirdi. Bunu beş-üç masterdən başqa kim biləcəkdi ki?

Dahi Volterə görə insanın böyüklüyü onun verdiyi cavablardan çox, soruşduğu suallardadır. Əlibaba müəllim soruşmağı bacarırdı. Həm də ilahi səbirlə. İran, Pakistan, Hindistan muğamlarını dinləyir, rastlaşdığı möcüzələri çözmək üçün müəllimi Seyidin üstünə qaçırdı. Seyidin izahları möhtəşəm idi, amma o, sözü bir dəfə deyirdi. Gərək diqqətlə dinləyib beyninə həkk edəydin.

Cabbarın, Zülfünün, Xanın, Seyidin, Mütəllimin adı dilindən düşmürdü. Elə bu sevginin hədiyyəsi idi ki, adı zikr olunan böyük kişilərdən sonra Əlibaba müəllimə “Əmi” deyə müraciət etdilər. Bu, muğam dünyasının general rütbəsi idi.

Muğamı regionlara ayırmağı sevməzdi, amma bunu mütləq qeyd etməliyik: həyatında böyük rol oynayan Seyid və Niyazi kimi qarabağlıların haqqını həm də heç vaxt regionçuluq etməməklə qaytardı. Lakin Əlibaba müəllimin təmsil olunduğu Bakı məktəbinin bəzi nümayəndələri “regionçu olmamaq” adı ilə Qarabağa xas səslərin özəlliyini etiraf etməkdən çəkinirdilər. Əlibaba müəllimsə Qarabağın nəfis səslərinə heyranlığını gizlətmirdi. Yaqub Məmmədov haqqında dediyi bu sözləri şəxsən mən öz qulaqlarımla eşitmişəm: “O elə bir səsdir ki, onunla adamı söysən də feyzyab olar”.

Gənc nəslə də eyni cür diqqətlə yanaşırdı. Babək Niftəliyevi “Zəmanəmizin Xanı” adlandırmışdı.

Əlibaba Məmmədovun həm də zəngin dünyagörüşü vardı. Muğam və xalq musiqiləri ilə yanaşı digər janrları, hətta xarici musiqiləri də dinləyir və sevirdi. Ona görə dünyanın nəhəng musiqi coğrafiyasında muğamın yerini dəqiq təsbit etmişdi. Sovet vaxtı muğama xeyli diqqət ayrılsa da, əslində onu etnoqrafik musiqi kimi həmişə ikinci dərəcəli hesab edirdilər. Hətta yeni yaranan proletar musiqisi fonunda milli-dini orijinallıqdan gələn ənənə kimi dışlayanlar da olurdu. Mikayıl Müşfiqin “Oxu tar” şeiri havayı yazılmamışdı. Bu məfkurə repressiyası sonrakı illərdə səngisə də, ümumi yanaşma dəyişmədi. Əlibaba müəllimin sözlərinə görə, muğama ikinci dərəcəli musiqi kimi yanaşma müstəqilliyin ilk illərində də davam etdi. Hətta onun unudulmaq, məhv olmaq təhlükəsi vardı. Heydər Əliyev Fondunun, şəxsən Mehriban Əliyevanın dəstəyi ilə muğam öz birincilik məqamına yüksəldi. Şübhəsiz, sənət öz yerini tapırsa, sənətkar da arzularına çatmış olur. Eyni zamanda, onun böyük uğurları başlayır. Əlibaba müəllim bir sənətkarın ala biləcəyi bütün titul və mükafatları aldı: Xalq artis­ti adı, Prezident təqaüdü, “Şöhrət”, “İstiqlal”, “Şərəf” kimi nüfuzlu ordenlər və s. Ölkə başçısı İlham Əliyevin bu böyük sənətkara xüsusi diqqəti vardı. Xalqın sevgisi də öz yerində. Sənətkara daha nə lazımdır? Bu səbəbdən son illərə qədər pedaqoji fəaliyyətini həvəslə davam etdirdi və gənclərlə işləməyin onu cavan saxladığını söylədi.  

Əlibaba Məmmədov Ukrayna hadisələrindən bir gün sonra, Xocalı soyqırımının 30-cu ildönümündən bir gün əvvəl dünyasını dəyişdi. Ağır hadisələrin gərginliyi içərisində də Azərbaycan xalqı onun itkisinin ağrısını yaşadı. Baxmayaraq ki, 92 il yaşamışdı və bütün arzularına çatmışdı. Tale ona sevimli müəllimi Seyid Şuşinskinin doğma vətəni Şuşanın işğaldan azad olunduğu günü də göstərdi. Buna görə çəkinmədən onu xoşbəxt sənətkar adlandırmaq olar.

Şərif AĞAYAR

Oxşar xəbərlər