Bu sözləri açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlərin 1990-cı illərin əvvəllərində qurulduğunu xatırladan siyasi şərhçi əlavə edib ki, bu əlaqələr son onilliklərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Münasibətlərin əsasında ortaq dəyərlər, qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq dayanır. BƏƏ regionda balanslaşdırılmış, iqtisadiyönümlü siyasəti ilə seçilir, Azərbaycan isə Cənubi Qafqazda etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı və nəqliyyat-logistika mərkəzi kimi qəbul olunur. Bu oxşar yanaşma iki ölkənin tərəfdaşa çevrilməsi potensialını daha da genişləndirib.
Ölkələrimiz arasındakı əlaqələrin ilk mərhələdə əsasən siyasi və diplomatik çərçivədə inkişaf etdiyini bildirən Ülviyyə Zülfiqar deyib: “Sonrakı mərhələdə isə iqtisadi və investisiya istiqaməti ön plana keçib. BƏƏ Azərbaycanın qeyri-neft sektoruna maraq göstərən ilk körfəz ölkələrindən biri olub. Turizm, daşınmaz əmlak, logistika, liman infrastrukturu, kənd təsərrüfatı və xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq addım-addım genişlənib. Bu gün BƏƏ kapitalı Azərbaycanda təkcə kommersiya layihələrində deyil, həm də uzunmüddətli strateji investisiya təşəbbüslərində iştirak edir. Enerji sahəsi münasibətlərimizdə xüsusi yer tutur. Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, son illərdə yaşıl enerji istiqamətində ortaq layihələr Azərbaycan-BƏƏ tərəfdaşlığının yeni xəttini formalaşdırır. BƏƏ-nin bu sahədə qlobal təcrübəsi ilə Azərbaycanın geniş coğrafi və iqlim potensialının birləşməsi qarşılıqlı faydalı platforma yaradır.
Siyasi müstəvidə isə BƏƏ Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə daim hörmətlə yanaşan, beynəlxalq platformalarda balanslı mövqe sərgiləyən ölkələrdəndir. Azərbaycan da öz növbəsində BƏƏ-nin regional və qlobal təşəbbüslərinə hörmətlə yanaşır, xüsusilə Yaxın Şərqdə sabitliyin qorunması xəttini dəstəkləyir. Bu qarşılıqlı siyasi etimad iqtisadi və ticari əlaqələrin sürətlə genişlənməsinə zəmin yaradır. Son illərdə qarşılıqlı ticarət dövriyyəsi də artan dinamika nümayiş etdirir. Hava nəqliyyatı, turizm axını, biznes-forumlar və sərmayə platformaları iki ölkənin iş adamlarını daha da yaxınlaşdırır”.
Siyasi şərhçinin sözlərinə görə, bu səfər bir daha göstərir ki, Azərbaycan-BƏƏ münasibətləri düşünülmüş, uzunmüddətli strateji tərəfdaşlıq modelidir. Münasibətlərin tarixçəsi sübut edir ki, bu xətt ardıcıl və sabit şəkildə inkişaf edir. Bu münasibətlər təkcə iki dövlətin maraqlarına deyil, həm də daha geniş coğrafiyada sabitlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı etimada xidmət edən tərəfdaşlıq nümunəsinə çevrilməkdədir. (AZƏRTAC)