02.07.2022, 19:02
AZ EN
11.03.2022, 14:00 3502

Ermənistan cəhənnəmə dönür

YAZILAR

Mart ayının son 5 günündə, erməni politoloq Stepan Qriqoryanın təbirincə desək, Ermənistan cəhənnəmə dönür. Ölkənin hərbi-siyasi rəhbərliyi müxtəlif vasitələrə əl atsa da, iqtisadi böhran, Qarabağ müharibəsindən sonrakı ruh düşkünlüyü, müxalifətin isə mövcud şəraitdən bəhrələnərək təkcə paytaxt İrəvanda deyil, həm də ayrı-ayrı vilayətlərdə iqtidara qarşı mübarizəni yeni məcraya yönəltməsi məhz belə təəssürat yaradır. Ermənistan mətbuatı bu və ya digər məsələləri şərh edərkən hər bir yazının sonluğunun ümidsizliklə bitdiyi də artıq aydın görünür.

44 günlük Vətən müharibəsində aldığı zərbədən nəticə çıxartmayan Ermənistan və Qarabağdakı separatçı qurumun rəhbərləri bəzən özləri bilmədən bir sıra sirlərin üstünü də açırlar. «Hraparak» qəzetinin 9 mart tarixli sayında separatçı rejimin rəhbəri «Araik Harutyunyanın açıqlamaları» sərlövhəli yazıda qeyd olunur ki, bir qrup erməni ziyalısını qəbul edən A.Harutyunyan müharibənin hələ sentyabrın 27-dən çox əvvəl uduzulduğunu vurğulayıb. O, tanınmış ermənilərin müharibədə «köməkliyi» barədə danışarkən isə deyib ki, Seyran Ohanyan həmişə yanında olub və «tapşırıq­larını uşaq kimi yerinə yetirib». Sonra isə ondan səs-soraq çıxmayıb. Düşünüblər ki, o ya gəbərib, ya da əsir düşüb. Ancaq məlum olub ki, Seyran Ohanyan tez-tez özünün fermalarına baş çəkib və oradakı heyvanların Ermənistana daşınması ilə məşğul olub. Bu barədə yazılan şərhlərdə maraqlı görünən bir cümlə də odur ki, özünü «Arsax qəhrəmanı» hesab edən «keçmiş müdafiə naziri inəklərini vətənindən daha çox istəyirmiş». Separatçı rəhbərin «açıqlamalarından» o da məlum olur ki, vaxtilə prezidentlik iddiasında olan Arqişdi Karamyan Şuşadakı bankdan pullarının çıxarılması üçün gedibmiş. Ancaq ona məlum olanda ki, pullar çoxdan başqa yerə daşınıb, o birbaşa İrəvana qayıdıb və bir də Qarabağda müharibə getdiyini «xatırlamayıb».

Hazırda Ermənistan mətbuatında ən çox müzakirə olunanan məsələlərdən biri də Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsidir. Ermənistan iqtidarı və Koçaryanla Sarkisyanın blokları həmin məsələyə münasibətdə demək olar ki, eyni susqunluq nümayiş etdirirlər. Hər iki blokun Rusiya meylli olduğunu hamı yaxşı bilir, iqtidarın isə mövqeyini tam açıqlamadığı təəccüb doğurur. 44 günlük müharibədən sonra milli demokratik «Qütbə» çevrilən anti-Rusiya radikal «sosna cirer»çilər isə müxtəlif saytlarda Ukraynanın ədalətli müdafiəsini dəstəklədiklərini bildirirlər. Rusiyadan bir­yolluq əl çəkib Fransa, ABŞ və İranla əməkdaşlığı daha da dərinləşdirməyi təbliğ edən «Qütbçülər» artıq bir neçə dəfə etiraz aksiyaları da keçiriblər. Tərəfdarlarının sayı az olsa da yaxın gələcəkdə hakimiyyətdə olacaqlarını daim təkrarlayan «Qütb»çülər konstitusiyada dəyişikliklər olacağı barədə fikirlərini də indidən açıq-aşkar bildirirlər. Qeyd edirlər ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddiasından, bəlkə, nə vaxtsa əl çəkəcək və bu, ölkədə vətəndaş müharibəsinin başlanmasına stimul verəcəkdir.

Martın 9-da Ermənistan milli məclisində növbədənkənar iclas keçirilib və bu televiziya ilə birbaşa yayımlanıb. İctimai yerlərdə siqaret və tütün məhsullarının istifadəsinin, satışının qadağan olunması barədə səhiyyə nazirliyinin nümayəndəsinin çıxışı bir neçə deputatın mövcud məsələ ilə bağlı suallarına cavabları ilə də müşayiət olunub. Xaçaturyan soyadlı deputatın dediyi «babalarımız vaxtı ilə «burnut» istifadə edirdilər. Burnutdamı qadağan ediləcək?» sualı isə zalda qəh-qəhəyə səbəb olub və replika atılıb ki, burnut türkcə burun otudur. Ermənicə isə «kitaxot» deməkdir».

«Hraparak» qəzetinin «Rusiya Paşinyanın ikibaşlı oyunlarına daha dözmək qərarında deyil» sərlövhəli yazıda Ermənistan iqtidarının həm Qərbə, həm də Rusiyaya münasibəti şərh olunur. Göstərilir ki, «arsaxlılar» Donetsk və Luqanskdakı qu­rumların Rusiya tərəfindən müstəqil dövlət kimi tanınmasının tərəfdarıdırlar və onlara dəstək aksiyası keçiriblər. «Ararat» erməni-rus regional mərkəzinin yerli filialının rəhbəri Samvel Arakelyan isə bildirib ki, Donbas separatçılarının dəstəklənməsi Qarabağ­dakı ermənilərin xeyrinədir və Rusiya bunu nəzərə alacaq. Amma Ermə­nistan iqtidarının ikibaşlı oyunları Rusiyanı hövsələdən çıxardacaq və o, istədiyini edəcəkdir.

Həm yazılı, həm də elektron informasiya vasitlərində Nikol Paşinyanın Fransa səfəri də geniş şərh olunub. Parisin Yenisey sarayında Fransa prezidenti E.Makronla görüşən N.Paşinyan 44 günlük müharibədə göstərdiyi yardıma görə yenə də Fransaya təşəkkürünü bildirib və daim belə olacağına əminlik ifadə edib. Ermənistan baş naziri guya Azərbaycanın Ermənistanın sərhəddəki hərbi mövqelərini atəşə tutduğunu da «dayısına» şikayətlənib. Həmin gün Parisdə Avropa Şurasının sədri Şarl Mişellə qeyri-rəsmi görüşən N.Paşinyanın Azərbaycana qarşı növbəti yalanları burada da özünü göstərib.

Erməni KİV-ləri İsrail və Türkiyə prezidentlərinin görüşlərinə isə qısqanclıqla yer ayırıblar. Türkiyəyə gələn İsrail prezidentinin təyyarəsinin üstündə «sülh, əməkdaşlıq» şüarlarının yazılması Ermənistanın həm siyasilərini, həm də KİV-lərini çox əndişələndirir. Onlar qeyd edirlər ki, İsraillə Türkiyə məhz Azərbaycan prezidentinin səyi nəticəsində mehribanlaşıblar.

Martın 13-də Ermənistanın İdman-Konsert komrleksində yeni seçilmiş prezidentin andiçmə mərasimi olacaqdır. Erməni siyasilərinin əksəriyyətinin bildirdiyinə görə Vahaqn Xaçatıryan Armen Sarkisyan kimi «dekorativ prezident» olmayacaq.

Matın 11-13-də Antaliyada keçiriləcək diplomatik forumda Ermənistan nümayəndələrinin iştirak edəcəyi isə Erməni KİV-lərində birmənalı şərh olunmur. Görünən odur ki, S.Qriqoryanın dediyi kimi, Ermənistan cəhənnəmə dönür və bu ölkədə mənzillərin qiymətinin yüksəlməsi də məhz cəhənnəm konturlarıdır.

Nəsib QARAMANLI

Oxşar xəbərlər