18.04.2024, 14:59
AZ EN
17.02.2023, 16:00

İnsanlığın Türkiyə imtahanı

Şərif AĞAYAR

  • Günlərdir gözlər qardaş Türkiyəyə dikilib. Başqa şeydən danışmağa, başqa şeydən yazmağa, hətta başqa şey haqqında düşünməyə adamın ürəyi gəlmir. Bu dəhşətli faciə Türkiyə qədər Azərbaycanı da silkələyib. Hər gün say artımını min nəfərlərlə göstərən ölüm xəbərləri bizi sarsıtmaqdadır. Təxminən yüz doxsan min insanın dağıntılar altında qaldığı söylənilir. Dağılan tikililərin sayı on minə yaxındır. Rəqəmlər qorxuncdur!

Sosial şəbəkələr kabusa çevrilib. Baxmaq mümkün deyil. Buna sağlam əsəb, daş kimi ürək lazımdır. Lakin baxmamaq da olmur. Hər yerdə üzünə faciənin pəncərəsi açılır. Göz yayındırmaq mümkün deyil.

44 günlük Zəfər müharibəsindən sonra Azərbaycanı ilk dəfə yumruq kimi birləşən görürük. Ölkə başçısından tutmuş ən sadə vətəndaşa qədər hamı səfərbərdir. Əslində, biz bu faciəni qardaş faciəsi yox, öz faciəmiz kimi qəbul edirik. Doğmalarını itirmiş insanlar kimi göz yaşları axıdırıq.

Türkiyədə yaşayan yaxınlarımızdan, sosial şəbəkələrdən və televiziyalardan göründüyü qədər türk xalqı faciədən sarsılsa da, öz mətanətini və soyuqqanlılığını itirmir. İndi ağlayıb sızlamaqdan çox, iş görmək, sözün hərfi mənasında əlini daşın altına qoymaq zamanıdır.

Təbii, kənardan, xüsusən qonşu ölkələrdən Türkiyəyə ciddi dəstək var. O cümlədən qardaş Azərbaycandan. 44 günlük müharibə vaxtı həm rəsmi dildə, həm vətəndaş dilində “nə olur-olsun sizin yanınızdayıq” deyən doğma qardaşlarımıza vəfa borcumuzu ləyaqətlə qaytarırıq. Əlimizdən gəldiyi qədər biz də türkiyəlilərin yanındayıq. Könül istərdi vəfa borcumuzu başqa cür qaytaraq, lakin qismətdən artıq yemək olmur.

Hadisələri izlədikcə adam göz yaşı tökməklə yanaşı həm də qürur duyur. Sosial vəziyyətindən və siyasi dünyagörüşündən asılı olmayaraq yüz minlərlə azərbaycanlı qardaş harayına hay verməkdədir. Biz bu saysız-hesabsız qeyrət nümunəsini sonuncu dəfə Zəfər müharibəsi zamanı görmüşdük. Pensiyasını bütövlükdə müdafiə fonduna köçürən yaşlı qoca, bütün maaşını əsgərlər üçün yemək-içməyə verən müəllim, anasının hazırladığı meyvə şirələrini qoltuğuna vurub yola çıxan azyaşlı uşaq...

Son günlər sosial media və mətbuat vasitəsi ilə tanıdığımız laçınlı Əlsər Bəşirli qardaş sevgisinin ümumiləşmiş obrazına çevrilib. O, köhnə-kürüş “Jiquli”sinə yüklədiyi yorğan döşək və Türkiyə bayrağı ilə günün fenomenidir. Başqa vaxt avtomobilin banına bu şəkildə yüklədiyi yüklə və rəngi bilinməyən köhnə maşınla onu şəhərə buraxmazdılar. Haqsız da sayılmazdılar. Lakin indi şəhərin müasirliyinə uyğun gəlməyin bu mənzərə insanlığın və humanizmin simvoluna çevrilib. Ən maraqlısı, jurnalistlər Əlsər bəyi axtarıb tapsalar da, o, müsahibə verməkdən və kamera qarşısına çıxmaqdan imtina edib. Səbəbini isə belə açıqlayıb: “Mən bu işi reklam olunmaq üçün etməmişəm!” Hətta ona təzə avtomobil almaq istəyən iş adamlarının təkliflərini də qəbul etməyib.

Bu jesti yalnız yurdu iyirmi yeddi il işğal altında qalan, dərd görən, itki görən, evsizliyin, kütləvi dağıntının nə olduğunu bilən insan edə bilərdi!

Bəli, zəlzələ necəsə müharibəyə bənzəyir. Başlanma səbəbləri tamam fərqli olsa da, hər ikisi fəlakətdir. Hər ikisi çoxsaylı ölümlərə, itkilərə, faciələrə səbəb olur. Hər ikisi ölkə üçün, xalq üçün böyük sınaqdır. Eyni zamanda, insanlıq imtahanıdır. Biz bizə ən yaxın adamları da dar gündə tanıyırıq. Fəlakətlər insanlığın həm nəcib, həm də yırtıcı tərəflərini üzə çıxarır. Çox şükür ki, Türkiyə faciəsində yalnız gözlərimizi yaşardan nəcib keyfiyyətlərin şahidi oluruq.

Zəlzələ xəbəri yayılar-yayılmaz bir neçə saatın içində Bakının Babək prospekti bağlandı. İnanılmaz reaksiyalar vardı. Hamı əlinə keçən, gücü çatan ərzağı, pal-paltarı götürüb özünü “Doğtaş” mebel salonunun qarşısına – məşhur “Babək körpüsü”nün altına çatdırırdı. Dövlətimiz işi tezliklə nəzarətə götürdü və yardımların toplanması üçün daya uyğun ünvanlar seçdi.

Gələn pal-paltarın içindəki qırmızı uşaq kurtkası da günün rənginə çevrildi. Kurtkanın cibindən çoxlu konfet, şokolad, qoz-fındıq ləpəsi çıxdı. Əlbəttə, insan ağıl və məntiqdən çox, isti ürəklə kəşf etdiyi bu sevgi dolu jesti yalnız öz doğma övladı üçün edə bilər.

Bu, qardaşlıqdan ötə bir hərəkətdir!

Azərbaycanın əyalətlərində də yardım aksiyaları təşkil olunur. Kəlbəcərlilər Gəncədəki, laçınlılar Ağcabədidəki qaçqın qəsəbələrində eyni cür xeyriyyə aksiyaları təşkil etdilər. İnsanlar ən əziz adam üçün sərdiyi işlənməmiş yorğan-döşəkləri evindən götürüb gətirirlər. O adamlar ki, otuz ilə yaxın işğal altında qalan torpaqları rəşadətli ordumuz tərəfinin azad edilən vaxt Türkiyə açıq-açığına bizim yanımızda olmuş, hətta bunu bəyanat şəklində bütün dünyaya bildirmişdi. Ən vacibi, kənardan işğalçılara havadarlıq edən və bizə siyasi təzyiq göstərməyə çalışan güclü dövlətlərin qarşısında keçilməz sədd kimi dayanmışdı. Təsadüfi deyil ki, Türkiyənin başının qarışdığını fürsət bilən işğalçılarda aktivləşmə müşahidə olundu. Siyasi kuluarlarla müharibə söz-söhbətləri gəzib-dolaşdı. Lakin bu elə söz-söhbət olaraq da qaldı. Şir yaralandısa, o demək deyil ki, çaqqala təslim olacaq. Onun bir pəncəsi bəsdir. Bu gün qardaş faciəsinə şahid olan Azərbaycanın ürəyi dağlana bilər, lakin onun əsgəri həmin əsgər, ordusu həmin ordudur. Hətta Türkiyənin faciəsi üzündən düşmənlərin aktivləşdiyini təxmin etdiyi üçün daha da ayıq-sayıqdır.

Atatürk necə haqlı imiş. Doğrudan da Azərbaycanın sevinci də, kədəri də Türkiyə ilə birdir. Qardaşlığın düsturu da elə budur. Eyni şeyə sevinib, eyni şeyə kədərlənmək... Böyük türk xalqı min illər boyu olduğu kimi bu ağır sınaqdan da ləyaqətli çıxacaq və düşmənlərini həmişə peşman edəcək. Azərbaycan isə yaxşı gündə də, yaman gündə də öz qardaşının yanında olacaq.