2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Zəfər tarixini illər, qərinələr keçsə də qalib xalqımız heç vaxt unutmayacaq. 30 il doğma yurd yerlərinə həsrət qalmış millətimiz ona qələbə sevincini bəxş edən qəhrəmanlarını heç vaxt yaddan çıxarmayacaq. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin adı şanlı Zəfər tariximizə, sadəcə, yazılmadı, qızıl hərflərlə əbədi olaraq həkk edildi. Vətən müharibəsi başlayanda illərlə bu günü gözləyən Dövlət-Ordu-Xalq elə bir dəmir yumruğa döndü ki, qarşısında dağlar belə dayana bilməzdi. Düşmən dəyimanına su tökən dünyanın erməni birliyi də Azərbaycanın qarşısında dayana bilmədi. Namərd qonşumuz əzəli peşəsi olan bicliyindən nə qədər istifadə etsə də, başına endirilən “Dəmir yumruq”la bacarmadı.
Müharibə hərtərəfli aparılırdı. Cəbhədə, hər kəsin qəlbində-əməlində, siyasətdə, müasir texnika və informasiyada. Onda sanki bütün dünyanın ədalətsiz sözçüləri birləşib Ali Baş Komandanımızın üzərinə yürüş etmişdilər. Müharibə getdiyi vaxtda bir yandan da, bu qədər haqsız iddialarla dolu suallarla üzləşib, terrorçuları, qaniçənləri müdafiə edənlərlə mübarizə aparmağın özü də dəmir iradə tələb edirdi. İllərlə qan tökülməsin deyə, məsələni sülh yolu ilə həll etməyə çalışan, səbr edən ölkəmizin başçısı zalımı müdafiə edənləri tutarlı cavabları ilə susdurmağı da gözəl bacardı. Cəbhədə Şanlı Ordumuzun qazandığı
zəfərlər düşmənlərimizi yandırıb-yaxdı. Haqq nazilmişdi, amma üzülmədi. Bizim müqəddəs Vətən savaşımız dünya hərb tarixinə yeni bir qəhrəmanlıqla adını yazdırdı. Dronlarımız əbabil quşları kimi düşmən mövqelərini darmadağın etdi, əsgərlərimiz zalımları yurdumuzdan iti qovan kimi qovub çıxardılar...
Ey Müzəffər Ali Baş Komandan, odur ki, adın Zəfər tariximizlə birgə çəkilir, çünki torpaqlarımızın azadlığı Sizin adınızla bağlıdır. Doğma Qarabağda – Şuşada, Laçında üçrəngli bayrağımızın qürurla dalğalanması üçün illərlə çarpışan və sonda o unudulmaz xəbərləri bizə böyük bir həyəcanla xəbər verən Ali Baş Komandanım, doğum gününüz mübarək!
Yatmadı sübhə qədər,
Ali Baş Komandanım.
Düşmənlərlə savaşdı,
Ali Baş Komandanım!
Qalmamışdı dözümü,
Çox sərt dedi sözünü,
Oydu düşmən gözünü
Ali Baş Komandanım!
Hamı ona “Can!”, - dedi,
“Bu müqəddəs an”, – dedi,
“Can, Azərbaycan!”, – dedi
Ali Baş Komandanım!