26.12.2024, 19:57
AZ EN
17.11.2022, 13:05

Şərəfli ömrün ali mükafatı

Tahirə AĞAMİRZƏ

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-c il tarixli Sərəncamı ilə Əhliman Tapdıq oğlu Əmiraslanov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

El arasında hamıya  el adamı deyilsə də, təbii ki, hər bir kəs “Elin adamı” titulunu qazana bilmir. Dünya şöhrətli alim, Türk dünyasının, xalqımızın dəyərli oğlu Əhliman Əmiraslanov şərəfli ömür yolunda elinin-obasının dəyərlərini canı qədər əziz bilən, Azərbaycan dövlətinin uğurlarında payı olan, elmi nailiyyətləri ilə ölkəmizin adını şöhrətləndirən hər zaman, çalışdığı hər bir sahədə “Elin adamı” titulunu böyük sevgi ilə qazanıb. Ulu Göyçənin azad gününü görmək arzusuyla yaşayan ziyalımızın 75 illik ömrünün hər anında böyük bir uğurun sevinci var və bu sevincdən onu tanıyanların hər birinə pay düşür...

Əhliman Əmiraslanov 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1977-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Onkoloji Elmi Mərkəzində (ÜOEM) namizədlik və 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1989-cu ildə professor elmi adına layiq görülüb. 1998-ci ildə Polşa TEA-nın, Rusiya TEA-nın və 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib.

Əhliman Əmiraslanov 1971-1974-cü illərdə Bakı şəhər Kliniki onkologiya xəstəxanasının Cərrahlıq şöbəsinin müdiri, 1977-1992-ci illərdə Moskvada TEA-nın ÜOEM nəzdindəki Ümumi onkologiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Respublika rəhbərliyinin dəvəti ilə Bakıya qayıdan Əhliman Əmiraslanov 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru, 1992-ci ildən ATU-nun Onkologiya kafedrasının müdiri, 2007-2019-ci illərdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi vəzifələrində çalışıb. 2010-cu ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2015-ci ildən Milli Məclisin Səhiyyə Komitəsinin sədridir.

Akademik Əhliman Əmiraslanovun əsas elmi istiqamətini dayaq-hərəkət aparatı orqanlarının, yumşaq toxumaların və bəzi daxili orqanların bədxassəli şişlərinin diaqnostikası, profilaktikası və kompleks müalicə üsullarının işlənib hazırlanması və səhiyyə praktikasına tətbiqi məsələlərini əhatə edir. O, “Dayaq-hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi” üzrə Ümumittifaq Məktəbinə rəhbərlik etmiş, dəfələrlə ABŞ-ın nüfuzlu tibb mərkəzlərinin dəvəti ilə onkologiya klinikalarında dəyərli elmi mühazirələr oxumuş, cərrahi əməliyyatlarda iştirak edib.

O, respublikada və xaricdə çap olunmuş 838 elmi əsərin, o cümlədən 20 monoqrafiya, 35 dərslik və dərs vəsaitinin, 18 ixtira və səmərələşdirici təklifin, 5 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Alimin elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər, 50 fəlsəfə doktoru yetişdirilmişdir.

Əhliman Əmiraslanov xarici ölkələrdə keçirilən çoxsaylı beynəlxalq elmi forumlarda məruzələrlə çıxış edib. O, Avropa ölkələri Onkoloqlar Assosiasiyası və Cəmiyyətlərinin, Amerika Kliniki Onkoloqlar Cəmiyyətinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı (1990), UNESCO-nun eksperti (2006) və UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin sədri (2016), Türkiyənin Qazi Universitetinin fəxri doktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2010) seçilmişdir. Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TürkPA) sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv komissiyasının üzvü, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, AMEA-nın “Həyat Elmləri və Biotibb” jurnalının baş redaktorudur.

Ə.Əmiraslanov SSRİ TEA-nın “Akademik N.N.Petrov” mükafatına (1985), SSRİ Dövlət mükafatına (1986), Əməkdar elm xadimi fəxri adına (1991), Amerika Bioqrafiya İnstitutunun “Zolotaya Statuya” mükafatına (1997), Polşa TEA-nın “Albert Şveytzer” mükafatına və Böyük qızıl medalına (1998), “Şöhrət” (2000) və “Şərəf” (2017) ordenlərinə, “Akademik Yusif Məmmədəliyev” mükafatına, “Akademik M.Topçubaşovun Məruzələri” Fəxri diplomu və qızıl medalına, Rusiya TEA-nın “Akademik N.N.Bloxin” Qızıl medalına (2007), Rusiyanın “XXI yüzilliyin liderləri” Proqramı çərçivəsində “Millətin intellekti” beynəlxalq təltifinə (2009), digər fəxri fərman və medallara layiq görülüb.

Qeyd edək ki, alimin dayaq-hərəkət aparatının, yumşaq toxumaların, vəzilərin, eləcə də bir sıra daxili orqanların bədxassəli şişlərinə, onların müalicə medtodlarının işlənib hazırlanması və təkmilləşdirilməsinə həsr etdiyi elmi-tədqiqat işləri onu ictimaiyyətdə geniş tanıtmışdır.

Onun rəhbərlik etdiyi onkoloji klinikada texniki cəhətdən mürəkkəb olan bud, qamış və bazu sümüklərinin bədxassəli şişlərində aparılan diz. Bud-çanaq və bazu oynaqlarının rezeksiyası və endoprotezləşdirilməsi, qalça-qarınarası ayırma, kürək-döşarası amputasiya kimi cərrahiyyələr müvəffəqiyyətlə yerinə yetirilir. Onkologiya kafedrasında bədxassəli sümük şişlərinin,  süd vəzisinin, qadın cinsiyyət orqanlarının bədxassəli şişlərinin, yumşaq toxuma sarkomalarının, dəri şişlərinin epidemiologiya, müayinə və müalicəsinə dair elmi-tədqiqat işləri aparılır. Sümük şişləri olan xəstələrdə hormonal-metabolik pozğunluqlar və onların korreksiya yolları istiqamətində elmi- tədqiqat işləri genişləndirilir, bu  sahədə doktorluq və namizədlik dissertasiyaları yazılır.

Akademik Əhliman Əmiraslanovu 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-təşkilati fəaliyyətində daha böyük uğurlar arzulayırıq.