27.07.2024, 15:00
AZ EN
17.11.2022, 11:00

"525-ci qəzet"in 30 yaşı

Mina RƏŞİD

Bu gün mətbuat aləmində öz dəsti-xətti ilə seçilən, ictimai və siyasi həyatımızın aynası, Ədəbiyyatın dostu "525-ci qəzet"in 30 illik yubileyidir. Qeyd edək ki, qəzetin ilk sayı 1992-ci il noyabr ayının 17-də Milli Dirçəliş günündə nəşr olunub. Həftəlik qəzet kimi oxucuların görüşünə gələn "525-ci qəzet" 1996-cı ildən həftədə iki dəfə, 1999-cu ildən isə gündəlik mətbu orqan kimi fəaliyyət göstərir. Qəzetin səhifələrində əsasən ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələr dərc olunur. Azərbaycan ziyalıları, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Xalq yazıçıları müntəzəm olaraq qəzetin səhifələrində öz yazıları, bədii əsərləri və məqalələri ilə çıxış edirlər.

Yarandığı gündən yaradıcı, istedadlı gənclər üçün meydan olacağını vəd edən "525-ci qəzet" fəaliyyət göstərdiyi dövr ərzində bu vədinə sadiq qalaraq həmişə istedadlı qələm adamlarının yetişmələri, ilk qələm təcrübələrini qəzet səhifələrində dərc etdirmələri üçün maksimum imkan yaratmağa çalışıb. Təsadüfi deyil ki, bu illər ərzində "525-ci qəzet"də təcrübə qazanan onlarla gənc artıq peşəkar jurnalist kimi Azərbaycanda və xaricdə fəaliyyət göstərən ən müxtəlif media orqanlarında - qəzet, televiziya və informasiya agentliklərində rəhbər vəzifələrdə çalışırlar.

Bu gün "525-ci qəzet"də əsasən gənc jurnalistlər çalışır. Eyni zamanda, qəzetdə tanınmış qələm adamları da fəaliyyət göstərirlər. Qəzetin baş redaktoru Rəşad Məcid Əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibidir.

 

Günün mübarək, 525-ci akademiya!

Qəzetin 30 illik yubileyi münasibətilə tanınmış qələm sahiblərinin təbrikləri və onların “525-ci qəzet” haqqında fikirlərini oxuculara təqdim edirik.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı:

“525-ci qəzet”i yaranmasının 30 illiyi münasibətilə təbrik edirəm. “525-ci qəzet” mənim üçün xüsusilə doğmadır. Sevinirəm ki, Azərbaycan mediasında öz dəsti xətti və nüfuzu olan bu qəzetin qeydiyyat sənədini mən imzalamışam.
Azərbaycan ictimai-siyasi mühitində bitərəfliyini qoruyan qəzet ədəbi mövzuları və milli mədəni məsələlərı daim diqqətdə saxlamaqla ziyalıların sevimli qəzetinə çevrilib. Bir sözlə, dövrümüzün mürəkkəb mühitində, informasiya bolluğu şəraitində “525-ci qəzet” şərəfli inkişaf yolu keçmiş, öz siması, mövqeyi və üslubu olan mətbuat orqanı kimi oxucuların rəğbətini qazanmışdır.
Əziz “525-ci qəzet”in kollektivi! Sizi bir daha ürəkdən təbrik edir, can sağlığı, yeni uğurlar arzulayram”.

Günay Yelmarqızı:

İnsanın çalışdığı kollektiv də tərbiyə aldığı ailə kimidir...Ya səni cəmiyyətə qazandırır, ya da itib batırsan...Yəqin ki, "525-ci qezet" bu mənada bəlkə də ən uğurlu ailə - kollektiv modellərindəndir. Bu kollektivdə kiminsə yox olmaq kimi bir şansı yoxdur.... Buradakı peşəkarlar seni elə peşəkarcasına "yogurub", düzgün istiqamətə kokləyib cəmiyyətə təqdim edir ki, onların zəhmətini doğrultmamaq sadəcə gunah olar... Bu qəzetə 18 yaşımda gəlmişdim. "525-ci qəzet" mənim media ilə, jurnalistika ilə ilk tanışlığımdır. Xoşbəxtəm ki, karyerama məhz bu doğma ünvanda başlamışam. İllər keçib, jurnalistikada 23 ili geridə qoymuşam. Amma "525-ci qəzet" hər zaman mənim "ata ocağım" olaraq qalır. Başda cox sevdiyim Rəşad Məcid, Yusif Rzayev, Yaşar muəllim olmaqla bütün ustadları, jurnalist kimi formalaşmağımda kiçik də olsa əməyi olan bütün dəyərli insanları hər zaman boyük minnətdarlıq hissi ilə xatirlayiram... "525-ci qəzet" mənim yolumun keçdiyi yox, başladığı ünvandır. Yubilyin mübarək, doğma qəzet!!!”

Aqil Lətifov:

 Bu gün jurnalistikanın həyatında məktəb, hətta deyərdim ki, akademiya rolunu oynayan "525-ci qəzet"in 30 yaşı tamam olur. Nə xoş ki, mənim də jurnalist yolumun böyük bir hissəsi buradan keçib. Belə bir dövrdə, belə bir şəraitlə çap mediasını ayaqda saxlamaq, 30 yaşa çatdırmaq təsəvvür edilməz dərəcədə çətin işdir. Nə yaxşı ki, "525-cilər" bu işi bacararaq, bu tarixi yaşada bilirlər. Bu, böyük gün münasibətilə başda Rəşad müəllim olmaqla, bütün "525-cilər"i, habelə qəzetin sütunları Yusif, Seyfəddin, Aydın müəllimləri, İsgəndəri təbrik edir, uğurlar arzulayıram!

Günün mübarək, 525-ci akademiya!”

Aida Eyvazlı:

“30 yaşlı qəzetin məhək sütunları, yazılarımızın əziyyətini çəkənlər.. Gözünüzün nuru, həvəsiniz tükənməsin!!!”

Anar Cəbrayıllı:

“1992-ci ilin noyabrın 15-də universitetə qəbul imtahanı verəndən sonra bir müddət Bakıda qaldım. 525-ci qəzetlə ilk tanışlığım da o dövrə təsadüf edir. 30 ilin hər bir ilində bu qəzetin nüsxələrini vərəqləmişəm. Eyni zamanda rəhbəlik də daxil olmaqla qəzetin əksər əməkdaşları ilə tanışlığım yaranıb. Elə bunlara görə “525” mənim üçün doğma qəzetə, kollektivi də doğma kollektivə çevrilib. Əziz 525-cilər, sizə və qəzetinizə uzun ömür arzulayıram...Uğur həmişə sizinlə olsun! 

Rəvan Cavid:

Mən esse yazmağı, ədəbiyyat, sənət, həyat haqqında düşüncələrimi cilalamağı "525-ci qəzet"də öyrəndim. Esselərimin ilk redaktoru Seyfəddin müəllim oldu. Bu mənim üçün böyük üstünlük idi. Bəzən alınmayan yazılara görə zəng edib tənbeh edirdi, bəzən də yaxşı yazıma görə "Təbrik edirəm!" yazırdı. Hər iki halda sevinirdim. Çünki mənə qiyməti Seyfəddin Hüseynli kimi bir ədəbiyyat bilicisi verirdi.

Rəşad Məcid mənə dəstək olub, daim qiymətləndirib. Və bunu istisnasız bütün gənclər təsdiqləyər”.

Bütün bu təbriklərə “Vətən səsi” saytı da qoşulur və doğma “525-ci qəzet”in 30 illiyi münasibətilə başda qəzetin yaradıcısı və baş redaktoru Rəşad Məcid olmaqla bütün kolletivi təbrik edir.