18.02.2026, 02:45
AZ EN
17.02.2026, 16:27

Ermənistanda parlament seçkiləri: əsas siyasi oyunçular və mümkün ssenarilər

David NURAŞVİLİ

  • Bu ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə region ölkələri üçün deyil, həm də beynəlxalq aktorlar üçün ciddi maraq doğurur. Seçkilərin nəticələri xüsusilə Cənubi Qafqazda sülh prosesinin gələcək istiqamətlərinə birbaşa təsir göstərə bilər.

1. Samvel Karapetyan və “Bizim Yol” partiyası.

Potensial əsas siyasi fiqurlardan biri rusiyalı və amerikalı biznesmen Samvel Karapetyandır. O, hazırda hakimiyyətə qarşı sərt ritorikası və sosial mediada aktiv siyasi kampaniyası ilə diqqət çəkir. Karapetyanın “Bizim Yol” partiyası mövcud olsa da, onun Rusiya vətəndaşı olması və ev dustaqlığında qalması birbaşa siyasi fəaliyyətini məhdudlaşdırır. Buna görə də onun tapşırıqlarını yaxın qohumları və tərəfdarları icra edir.

Erməni siyasi ekspertlərinin fikrincə, Karapetyan kimi geniş maliyyə resursları və beynəlxalq əlaqələri olan bir fiqurun Rusiya tərəfindən müəyyən “yaşıl işıq” olmadan belə siyasi ambisiya nümayiş etdirməsi ehtimalı azdır.

Onun Ermənistanda müxtəlif sahələrə milyardlarla dollar investisiya yatırması cəmiyyətin müəyyən təbəqələrində müsbət qarşılanır. Lakin hakimiyyət Karapetyanı “Rusiyanın siyasi layihəsi” kimi təqdim edərək, onun nüfuzunun qarşısını almağa çalışır. Maraqlı məqam ondan ibarətdir ki, Karapetyanın partiyası Robert Köçəryandan fərqli olaraq TRİPP layihəsini dəstəkləyir.

2. “Hamıya qarşı” partiyası.

Seçkilərdə qeyri-ənənəvi siyasi oyunçulardan biri “Hamıya qarşı” partiyasıdır. Partiyanın əsas üzvləri İT sektorunun nümayəndələridir və onların siyasi təcrübəsi məhdud olsa da, proqramları radikal institusional dəyişikliklər üzərində qurulub.

Onların əsas məqsədi hakimiyyətə gəldikdən sonra 100 gün ərzində seçki sistemində islahatlar aparmaq, təhlükəsizlik sahəsini gücləndirmək və yenidən parlament seçkiləri keçirməkdir.

3. Qaqik Tsarukyan

Uzun müddətdir Ermənistan siyasətində aktiv olan oliqarx Qaqik Tsarukyan yenidən siyasi səhnəyə qayıtmaq niyyətindədir. Onun Ermənistanda İsa Məsihin böyük abidəsini inşa etdirməsi ictimaiyyətin diqqətini cəlb edən simvolik addım kimi qiymətləndirilir.

Tsarukyanın müəyyən elektorat bazasına malik olduğu və parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs toplaya biləcəyi ehtimal olunur. Bu, ona siyasi proseslərə təsir imkanlarını qorumağa şərait yarada bilər.

4. Aram Sarkisyanın Respublika Partiyası

Aram Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası klassik Respublika Partiyası ilə qarışdırılmamalıdır. Bu siyasi qüvvə hakimiyyətə nisbətən loyal mövqeyi ilə tanınır və Rusiyaya qarşı tənqidi yanaşma nümayiş etdirir. Partiya Avropa İttifaqı ilə inteqrasiyanı dəstəkləyir və Aİ-yə üzvlüklə bağlı referendum təşəbbüsündə əsas rol oynayıb.

Lakin, bu partiyanın yüksək nəticə əldə etməsi çətin görünür. Çünki Paşinyana səs vermək istəyən seçici kütləsi daha çox onun öz partiyasını üstün tutacaq.

5. “Ana Ermənistan” Partiyası və Andranik Tevonyan.

Andranik Tevonyanın rəhbərlik etdiyi “Ana Ermənistan” partiyası Robert Köçəryanın siyasi düşərgəsindən ayrılaraq formalaşıb. Partiya yerli idarəetmə seçkilərində uğurlu nəticələr göstərərək bir neçə bölgədə qələbə qazanıb.

Rusiyayönümlü mövqeyi ilə tanınan bu partiyanın parlament seçkilərində 4 faiz baryerini keçməsi real ssenari kimi qiymətləndirilir.

6. Arman Tatoyan və yeni siyasi platforma.

Sabiq ombudsman Arman Tatoyan da siyasi səhnəyə iddialı daxil olan yeni fiqurlardandır. O, xüsusilə Azərbaycana qarşı sərt çıxışları və Paşinyan hökumətinə tənqidi münasibəti ilə tanınır.

Tatoyan ABŞ-la əməkdaşlığı və TRİPP layihəsini dəstəkləsə də, hakimiyyətin xarici siyasət kursunu tənqid edir.

7. Robert Köçəryan və “Hayastan” Bloku

Keçmiş prezident Robert Köçəryan və onun “Hayastan” bloku Rusiya ilə daha sıx strateji münasibətlərin tərəfdarıdır. Köçəryan son mətbuat konfransında Ermənistanın son problemlərinin əsas səbəbi kimi rəsmi Moskvaua kifayət qədər loyal mövqe sərgilənməməsini göstərib.

O, TRİPP layihəsini sərt tənqid edir və bu təşəbbüsün Ermənistanın ərazi bütövlüyünə təhlükə yaratdığını iddia edir.

8. Nikol Paşinyan və “Mülki Müqavilə” Partiyası.

Hazırkı baş nazir Nikol Paşinyan və “Mülki Müqavilə” partiyası seçkilərdə üç əsas güclə mübarizə apardığını bəyan edir: kilsə, Rusiya və “köhnə rejim” elitaları. Paşinyan komandası hakimiyyətdə qalacağı təqdirdə sülh prosesinin davam etdiriləcəyini və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində addımlar atılacağını bildirir.