Cahangir müəllim bənzərsiz insandır - bunu demək bəlkə də azdır. Mən onu təbiət gözəlliklərinə bənzədirəm. Sanki onun qəlbində hər zaman güllər açır. Elə insanlar var ki, daxilində nə qədər tufan olsa da, başqasına yalnız bahar ötürür. O, məkrdən, pislikdən, yalançılıqdan, saxtakarlıqdan, paxıllıqdan, düşmənçilikdən tam uzaqdır. Cahangir müəllim sanki bu dünyanın ağır yükünü daşımır - o, bu dünyanın işığını daşıyır. Müqəddəs, ali, insani, mərhəmətli, xeyirxah, səmimi hisslərin canlı təcəssümüdür.
Bu gün “Bənövşə ətirli insan”ın doğum günüdür. Qışın ortasında - soyuğun, sərtliyin hökm sürdüyü bir vaxtda doğulub. Amma Günəş qışın şaxtasında necə parlayıb insanları isidirsə, Cahangir müəllim də qışda doğulub ətrafını bahara çevirən insandır. Elə bil Tanrı onu qışın içində bahar olsun deyə yaradıb. Bəlkə də Allahın ən çox sevdiyi bəndələrindən biridir - çünki belə insanlar az yaradılır.
Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci ilin yanvarın 26-da Ağdamın Novruzlu kəndində dünyaya göz açıb. 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib və elə həmin ildən də ömrünü bu fakültəyə, bu elmə, bu tələbələrə həsr edib. Bu gün o, Milli mətbuat tarixi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur, universitetin Elmi Şurasının üzvüdür. 500-dən çox elmi və publisistik yazının, 7 kitabın müəllifidir. “Şöhrət” ordeni, Prezidentin fərdi təqaüdü… Bunlar hamısı rəsmi faktlardır. Amma onun ən böyük titulu kağız üzərində deyil – insanların qəlbindədir.
Cahangir müəllim təkcə Jurnalistika fakültəsinin yox, bəlkə də bütöv bir universitetin sonuncu mogikanlarındandır. Təhsil fədaisidir, elm xadimidir, müəllim sözünün canlı mənasıdır. 80-dən artıq yaşı var. Amma yorulmur. Yazır, yaradır, düşünür, öyrədir. Elə bil zaman onun qarşısında acizdir.
Onun işgüzarlığı qibtə ediləcək örnəkdir. Amma ən önəmlisi budur: o, təkcə alim kimi yox, insan kimi də örnəkdir. Səsini qaldırmadan öyrədir, incitmədən tənqid edir, qırmadan yol göstərir. Bu dünyada insan qalmağın nə qədər çətin olduğunu hamımız bilirik. Cahangir müəllim isə sübut edir ki, insan qalmaq mümkündür - həm də gözəl insan olmaq.
Bəzən düşünürəm: bu qədər çirklənmiş dünyada belə təmiz qalan insanlar necə olur? Cavabı bilmirəm. Amma bir şeyi dəqiq bilirəm: belə insanlar olmasaydı, dünya çoxdan qaranlığa qərq olmuşdu.
Cahangir müəllim isə o qaranlıqda yanan işıqdır.
Sönməyən, titrəməyən, yol göstərən işıq…
Və həmişə bənövşə qoxuyan bir İNSAN!...