Xalqımıza qarşı ağır cinayətlər törətmiş həmin şəxslərin vətəndaşı olduqları ölkəyə qaytarılması mətbuatda və sosial şəbəkələrdə də geniş müzakirə olunur. Azərbaycan hökumətinin növbəti dəfə humanizm nümunəsi göstərərək cinayət məsuliyyətindən azad etdiyi erməni məhbusların şəxsiyyəti və onların törətdiyi cinayətlərin motivləri haqqında daha çox danışılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ağır cinayətlərdə ittiham olunan həmin şəxslərin cəzasını tam şəkildə başa çatdırmadan Ermənistana təhvil verilməsi isə əslində, hamı üçün gözlənilməz olub.
Bəri başdan bir daha vurğulamaq yerinə düşər ki, rəsmi Bakı bu addımı humanizm prinsiplərinə söykənərək Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılıq əsasında atdığını bəyan edib. Açıq mənbələrdən yayılan məlumatlara görə, həmin şəxslər Laçın rayonu ilə sərhəddə - Həkəri çayı üzərindəki körpüdə Ermənistanın müvafiq qurumlarından olan nümayəndələrinə təhvil verib.
Ən müzakirə olunan məqamlardan biri Ermənistana təhvil verilən məhbuslardan birinin Meşəli kəndində törədilən qətliamın iştirakçılarından sayılan Vaqif Xaçaturyanın olmasıdır. Yetmiş yaşlı qoca cinayətkar 2023-cü ilin iyulunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Qarabağdan Ermənistana qaçmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdı. Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsindən Bakıya gətirilən Xaçaturyan istintaqa ifadəsində azərbaycanlılara qarşı qətllərdə iştirakını etiraf etmiş və buna görə məhkəməyə çıxarılarkən ağlaya-ağlaya xalqımızdan üzr istəmişdi.
Vaqif Xaçaturyan törətdiyi cinayət əməllərinə görə 30 ildən sonra məsuliyyətə cəlb olunacağını, əli qandallı Bakıya gətiriləcəyini, məhkəmə qarşısında ağlayaraq peşman olduğunu və bunu hamının gözü qarşısında, həm də kameralar önündə açıq sözlərlə ifadə edəcəyini ağlına belə, gətirməmişdi. Amma qanına qəltan etdiyi körpə uşaqların, köməksiz qocaların ahı və Allahı onu yaman yerdə yaxalamışdı – qızı ilə birlikdə Azərbaycandan qaçarkən dar bir keçiddə - Həkəri körpüsünün üstündə...
Ədalət məhkəməsi onu 15 il müddətinə azadlıqdan məhrum etmişdi. Törətdiyi cinayətlərə şahidlik etmiş azərbaycanlıların bir çoxunu şəxsən tanımış, keçmiş həmyerli və qonşu kimi onların qarısında rəzil və alçaq duruma düşdüyünü gizlədə bilməmişdi. Məhz şəxsən tanıdığı, vaxtilə salamlaşıb görüşdüyü azərbaycanlılarla üzləşmələrdən sonra cinayətkar qocanın bir zamanlar daş parçası hesab etdiyi ürəyi dözülməz dərdə mübtəla olmuşdu. İki ildən artıq davam edən məhkəmə prosesinin sonuncu iclaslarında ürəyindən şikayətlənirdi, qəlbinə dağ basdığı azərbaycanlılardan müalicə olunmaq üçün imdad diləyirdi. Bəlkə də erməni xislətinə uyğun şəkildə özünü tülkülüyə qoyurdu, amma reallıq o idi ki, yazıq görkəmi ilə yalvarırdı...
Təxminən bir ay əvvəl səhhətində pisləşdiyindən onu təcili olaraq ambulansla Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə təxliyə etmişdilər. Orada intensiv müalicə və reanimasion tədbirlər görülsə də, vəziyyətində nəzərəçarpan müsbət dəyişiklik olmadığından Yeni Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi...
Deyilənə görə, Laçını keçib Həkəri çayı üzərindəki körpüyə çatanda Xaçaturyanın vəziyyəti qəfildən dəyişib. Onları təhvil almağa gəlmiş Ermənistanın hökumətinin nümayəndələrinə yaxınlaşanda isə addımlarını yeyinlədib, sanki qaçmağı qənimət bilib. Qoca cinayətkar ürkərək, qorxaqcasına sərhədi o üzə keçib...
Onunla birlikdə Ermənistana təhvil verilən digər üç nəfər isə...
Onlardan biri - Gevorq Sujyan Ermənistanda dövlətə bağlı müxtəlif ictimai təşkilatların rəhbəri kimi çalışmışdı. O, 44 günlük Vətən müharibəsi zamanı Kəlbəcərə gedərək İstisuda dincəlməsi barədə video çəkmiş və həmin görüntüləri sosial şəbəkələrdə paylaşmışdı. Sujyan həmin videoda tezliklə Bakıya çatıb, Xəzərdə üzəcəyini bildirmişdi. Lakin “Kəlbəcər macəraları”ndan bir həftə keçməmiş Gevorq yoxa çıxır. Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun axtarışlarına başlayarkən Bakıdan gözlənilməz xəbər gəlir. Məlum olur ki, Gevorq Sujyan Kəlbəcərin mineral sularında çiməndən sonra Bakıya gətirilib və Azərbaycanın xüsusi xidmət orqanları onu pürrəngi çay dəstgahına qonaq ediblər..
Vigen Eulcekyan isə qeyri-rəsmi nikahda olduğu erməni arvadından ayrılaraq yolunu Bakıya salmışdı. O, Maral Nacaryan adlı livanlı qadınla birlikdə 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Qarabağda saxlanılıb. Onlar Azərbaycan ərazisinə qanunsuz daxil olub və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol veriblər. Saxlanıldan sonra Vigen Eulcekyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Maral Nacaryan isə Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində 2021-ci ilin martında azadlığa buraxılıb.
David Davtyan da Gevorq Sujyanla birlikdə Azərbaycana qarşı casusluqda ittiham olunub. O da məhkəmədə hakimlərdən mərhəmət istəyib. Müttəhimlər kürsüsündə son söz deyərkən ağlayaraq bildirib ki, xəstə anasının ona ehtiyacı var. Amma David də Gevorq kimi eyni müddətə - 15 il azadlıqdan məhrumetmə cəzasına layiq görülmüşdü.
Digər üç məhbusu kənara qoysaq, onsuz da xəstə olan Vaqif Xaçaturyanın Ermənistana qaytarılması nəinki məntiqli və anlaşılandı, hətta təqdir oluna biləcək haldı. Heç şübhəsiz, Azərbaycan hökuməti onunla bağlı qərar qəbul edərkən xəstəliyinin ağır olması və ölüm riskini nəzərə alıb. Fərz edək ki, 70 yaşlı cinayətkar qocanın həbsxanada ölməsi beynəlxalq diqqəti Bakıda həbsdə olan separatçı liderlərin üzərinə yönəldə və xaricdəki erməni diasporunun “məhbus kampaniyası”na yeni və tutarlı əsas yarada bilərdi. Bu kampaniya qarşısında geri çəkilmək isə döyüş meydanındakı qalibiyyəti siyasi müstəvidə məntiqi sonluğa irəlilədən Azərbaycanın uğur hekayətinə bir bulanıqlıq gətirərdi. Bizə Vaqif Xaçaturyanlar yox, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri kimi separatçı liderlərin ömrünü Bakıdakı həbsxanalarda çürütmək kifayət edir. Ermənilərə ən böyük dərs bu olacaq.
Elxan SALAHOV