04.02.2026, 05:16
AZ EN
14.01.2026, 13:30

Ağ örpəyə bürünən Şəhid izləri...

Tahirə AĞAMİRZƏ

  • Artıq beşinci qışını yaşayır azadlığına qovuşmuş Qarabağ, Şərqi Zəngəzur... 

Beş il öncə şəhid qanı ilə suvarılan, torpaqla qan qardaşı olan dağlarımız indi səssiz və sakit ağ örpəyə bürünüb. Bu ağlıq, bu səssizlik şəhid ruhlarının rahatlığı, igid oğullarımızın qisasının alınmasının təntənəsidir.

Bu yerlərdə indi qar yağır... 

Amma bu, soyuq bir qış deyil. Bu qar şəhidin ruhuna bəyaz dua kimi enir göydən. 

Bu qar, Xudayarın gülüşünü xatırladır. Həmin o mələk simalı Xudayar Yusifzadənin...

Vətən uğrunda sinəsini səngərə, ürəyini dağlara sipər edən Xudayarın...

O, sadəcə şəhid olmadı - xalqının qüruruna, mübarizənin səsinə, mərdliyin simvoluna çevrildi. 

Səsi ilə döyüş yoldaşlarına ruh verən, "Vətən yaxşıdır" deyərək öz məğrur ölümü ilə bizi yaşadan Xudayar... 

İndi o səs dağlarımızın başında qarla pıçıldaşır, ruhu səmalarda qanad açıb dolaşır...

Xudayar, səni sevdik – balamız kimi, igidimiz kimi, vətənimizin parlaq ulduzu kimi... 

Sənin şəhid olduğun torpaqlara qar yağır bu gün, şəfqətlə, səssizcə, qürurla... 

Ağlayan göylər deyil bu gün, dua edən torpaqlardır...

Sən yaşayırsan, Xudayar. Qəlbimizdə, bu Vətən torpağının hər qarışında, ağ örpəyə bürünmüş zirvələrdə...