04.02.2026, 06:56
AZ EN
22.12.2025, 07:00

Əbədi ünvanı – şəhidlik zirvəsdir!

Sabit ƏZİMOV

  • Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı mənfur düşmənlərimiz havadarlarının dəstəyi ilə ərazi iddiasını uzun illər davam etdirdilər, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğala məruz qaldı, insanlarımız doğma yurdlarından didərgin düşüb, məcburi köçkünlərə çevrildilər, silahlı basqınlara, hətta soyqırıma məruz qaldılar. Beynəlxalq qurumlar, dünya birliyi, hüquqi müstəvidə üzərlərinə öhdəliklər alanlar münaqişənin nizamlanması istiqamətində mümkün tədbirləri görmədilər, işğalçıları ikili standartlar əsasında hətta müdafiə etdilər. BMT-nin qəbul etdiyi 4 çəkindiririci qətnamə də yerinə yetirilmədi.

1988-ci ildən başlayaraq 2020-ci il 44 günlük müharibə dövrünə qədər minlərlə azərbaycanlının həyatına qəsd edildi, tarixi-mədəni abidələrimiz vandalizmə məruz qaldı, yurd yerlərimizdə barbarlıq törədildi, maddi vəsaitlər talandı. Qəhrəman vətən övladlarımız torpaqlarımızın azadlığı uğrunda istər birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük müharibə dövründə canlarını düşmənə qarşı sipər edərək mübarizə yolunda şəhidlik zirvəsinə ucaldılar, qazi oldular. 2020-ci il 27 sentyabrında Dövlət-Xalq-Ordu birliyi düşmənə qarşı haqlı mübarizəmizi uğurla həyata keçirərək 8 noyabr tarixli şanlı Zəfərin qazanılmasına nail oldu. Şəhidlik zirvəsinə ucalmış mərd övladlarınız Azərbaycan tarixinin ən şanlı səhifəsinə çevrildilər, qanları ilə torpaqlarımızın işğaldan azad olunmasına imza etdilər, “Vətən - uğrunda ölən varsa, Vətəndir” çağırışı əməldə sübuta yetirildi, xalqın şərəf və ləyaqəti bərpa edildi.

Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq milli ordu sıralarına qoşulan, torpaqlarımızın azad edilməsində canından keçməyi bacaran, şəhidlik zirvəsinə ucalan mərd oğullarımızdan biri də Hüseyn Myxtar oğlu Məmmədovdur.

...Onun atası - əslən Ağdam rayonunun Novruzlu kəndindən olan Muxtar Sərxan oğlu Məmmədov bəy nəslinin nümayəndəsi kimi sovet hakimiyyəti dövründə təqiblərə məruz qalmış, bir müddət sonra isə Mingəçevir şəhərinin quruculuğunda iştirak edərək sıravi işçidən istehsalat birliyinin rəisi vəzifəsinə yüksəlmişdir. Bu şəhərin yaradılmasında əməyi olan Muxtar Məmmədov və həmkəndlisi Şahvələd Quliyev bütün dövrlərdə Ağdam adına həmişə hörmət gətirmişlər. Xatırlatmaq istəyirəm ki, Novruzlu kəndinin yetirmələrindən Azərbaycan elminin, mədəniyyətinin inkişafına,  dövlət quruculuğuna çox böyük töhfələr verənlər əvvəllər də olub, indi də var. Bu kəndin onlarla mərd övladı Qarabağ savaşında şəhid və ya qazi olmuşdur.

... Muxtar Məmmədovun zəngin milli-mənəvi dəyərlərə söykənən ailəsində 4 oğlan, 3 qız övladı dünyaya göz açmış, Vətənimizə layiqincə xidmət etmişlər. Orta təhsilini Mingəçevir şəhərində, ali təhsilini Özbəkistanın Daşkənd şəhərində Xalq Təsərrüfatı İnstitunun iqtisadiyyat fakültəsində alan Hüseyn Myxtar oğu vətənin dar günündə -1993-cü ildə hərbi komissarlığa müraciət edərək milli ordunun 701-ci batalyonunun tərkibində Kəlbəcər, Tərtər və Ağdam istiqamətlərində düşmənə qarşı döyüşlərdə iştirak etmiş, 1995-ci ilin noyabr ayında isə şəhidlik zirvəsinə ucalmışdır.

Vətəninə, doğma el-obaslna bağlı olan Hüseyn orduya yollanan zaman iki azyaşlı övladı vardı. Lakin vətən sevgisi onu döyüş meydanına aparıb çıxardı və adını hər adama nəsib olmayan şəhidlik zirvəsinə yazdırdı. 1962-1995 illər Hüseynin ömür payının təqvim tarixi olsa da, adı Azərbaycan xalqının şərəfli tarixinə əbədi yazıldı. Birinci Qarabağ müharibəsi zamanı Hüseyn Məmmədov və onun döyüş yoldaşları vətən üçün canından keçməyin, igidlik məktəbinin təməlini qoyanlardan oldular . Hüseyn orduya könüllü  yollanaraq vətənə sədaqətlə xidmət etməkdən şərəf duyduğunu əməli ilə sübuta yetirdi, vətənin dar günündə “Vətən bizimdir!” deyərək qürur mənbəyimizə çevrilməyi bacardı.

Birinci Qarabağ müharibəsinin ilk dövrlərində vahid komandanlığın olmaması, təchizat baxımından zəiflik, hakimiyyət böhranı cəbhədə uğur qazanmağınız üçün şərait yaratmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlət və ordu quruculuğu istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdi. Onun varisi - siyasi yolunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında müzəffər ordumuzun qazandığı rəşadətli qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazıldı.

Yaşadığımız ömür payında və gələcəkdə də şəhidlərimizə hər zaman borclu olduğumuz birmənalıdır, onları dərin ehtiramla yad edirik. Qazanılmış şanlı Zəfərimizin təntənəsi birinci Qarabağ müharibəsi zamanı vətəninə sədaqətlə xidmət edən Hüseyn kimi qəhrəman vətən övladlarının keçdiyi dönməz, əzmkar döyüş, qəhrəmanlıq yolunun davamı və təsdiqi oldu. İndi Hüseyn, onunla birgə yenilməz döyüş yolu keşmiş şəhidlərimizin ruhu şaddır ki, uğrunda canlarından keçdikləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. Keşmiş məcburi köçkünlər Dövlət proqramına uyğun olaraq doğma ocaqlarına dönürlər, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sürətlə davam etdirilir .

...Şəhid Hüseyn Myxtar oğlu Məmmədovun xatirəsinə həsr olunmuş, “Mirvari Dilbazi Poeziya Məclisi” İB nin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən tədbirdə şəhid bacısı Aybəniz xanım Camalova (Məmmədov ) tərəfindən tarixi faktlara söykənən "Adını tarixə yazan şəhid qardaşım" kitabının təqdimatında iştirak edərkən bir daha əmin oldum ki, şəhidlərimizin qəhrəmanlıq yolunu təbliğ etmək, tanıtdırmaq, tariximizi yaşatmaq olduqca vacibdir. Təbii ki, bu məsul, şərəfli vəzifənin öhdəsindən kitabın müəllifi olaraq respublikamızın tanınmış pedaqoqu, şəhid bacısı Aybəniz xanım çox layiqincə gəlmişdir. Redaktor olaraq Vaqif Osmanlının rolu da danılmazdır. Kitabda ərazi bütövlüyünün qorunmasında şəhidlik zirvəsinə ucalmış bir çox qəhrəman vətən övladları, Qarabağımızın tarixi, Hüseynin ata-baba yurdu - Ağdam rayonunun Novruzlu kəndi haqqında da geniş məlumat verilmişdir. Folklorumuza və digər ədəbi yanrlarımıza da Aybəniz xanımın şəxsi töhfəsi kitabda əks olunmuşdur. Bacı-qardaşlar, sinif yoldaşları, yaxınları ,QHT təmsilçilərinin Hüseynin uşaqlıq illərindən tutmuş yaşadığı sonrakı dövrdə qədər fəaliyyəti, vətənə, qohumlara bağlılığı haqqında geniş fikirlər kitabda öz əksini tapmışdır. Tədbir zamanı çıxışlarda həm nisgilli, kövrək, həm də qürurlu fikirlər səsləndirildi. Respublikanın bir çox yerlərindən tədbirdə iştirak edənlərin şəhid Hüseyn Məmmədov haqqında söylədikləri əhatəli, yüksək fikirləri xatirələrimizi daha da zənginləşdirdi.

Qəhrəman Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur. Vətənin, xalqın yolunda canını fəda edənlər hər zaman hörmətə, ehtirama layiqdirlər. Dövlətimizin şəhid ailələrinə qayğısı, dəstəyi də olduqca müsbətdir. Nə qədər zaman ötsə də, nəsillər bir-birini əvəz etsə də, şəhiglərimiz heç vaxt unudulmayacaqdır!

Hüseyn Məmmədovu və onunla birlikdə Qarabağımızın azadlığı uğrunda canlarından keşmiş şəhidlərimizi dərin ehtiramla yad edir, ruhlarına dualar edir, qazilərimizə sağlamlıq arzulayıram.

Ali Baş Komandan İlham Əliyev, onun Müzəffər Ordusu var olsun !

Qarabağ Azərbaycandır !

Şəhidlər ölməz, Vətən bölünməz!