Feyzbukda qarşıma çıxan bu status məni çox duyğulandırdı...
Bunu Rəşad Məcid feyzbuk səhifəsində paylaşıb.
R.Məcid əlavə edir:
"Şuşa sakini, tar həvəslisi, yeniyetmə Məcid Məmmədov gecə saat 3- də Şuşadan yola düşüb Bakıya, Xalq artisti Ramiz Quliyevin vida mərasiminə gəlib. Deyir, bu, mənim vəfa borcum, minnətdarlığımdır.
İki il öncə Ramiz müəllim Şuşada “Qarabağ” otelinin qarşısında Məcidin tar çalmağını görmüşdü, ona ustad məsləhətlərini vermişdi, barmaqlarını pərdələrdə necə tutmağınacan söyləmişdi. Sonra da Məcidə çatdırmaqçün mizrab, tar simləri, musiqi kitabları yollamışdı. Məcidin anası da Ramiz müəllimə Şuşa kəkotusu göndərmişdi. Bu barədə Xalq artistinə həsr olunan “Ötən günlər” verilişində də danışmışdım.
İndi Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimində Məcidi görmək məni təsirləndirdi. Yüksək insani keyfiyyətlərin dünyanın sabahını qoruyacaq əsas amil olduğuna dəlicəsinə inanan insan kimi çox duyğulandım.
Ruhu şad olsun, Ramiz müəllimin!
Gözəl keyfiyyətlərimiz daim yaşasın!".
Bəli, Rəşad müəllim!
İnsani keyfiyyətlər həqiqətən də əvəzolunmaz nemətdir.
Allah dəyərli sənətkarımız Ramiz Quliyevə rəhmət eləsin. Məzarı nurla dolsun!.
Dəyərlərimizin, dəyərlilərimizin dəyərini bilməliyik. Dəyərli ənənələrimizi, insani keyfiyyətlərimizi gənclərə aşılayıb, gələcəyə ötürməliyik...
Tahirə AĞAMİRZƏ