16.09.2025, 01:56
AZ EN
12.09.2025, 11:00

Sevincimizin həddi-hüdudu yoxdur…

Mina RƏŞİD

  • Sevincimin həddi-hüdudu yoxdur. 32 ildən sonra Vətənə qayıdıram. Vətən bizim üçün hər şeydir. 2024-cü ildə Xocalı şəhərinə köç edən keçmiş məcburi köçkün Zümrüd Əliyeva bunu jurnalistlərə açıqlamasında demişdi. Onu da demişdi ki, Xocalıdakı evimiz, oranın havası və suyu üçün çox darıxmışam. Xocalıdan dörd övladım, əlimdə iki qumbara və bir bıçaqla çıxmışam. Yoldaşım mənə avtomatı yığıb və sökməyi öyrətmişdi. O, mənə dedi ki, erməniyə girov düşməmək üçün tank əleyhinə olan qumbaranı dümənə qarşı, digərini isə özümüzü öldürmək üçün istifadə edim. Lakin onları istifadə etməyə ehtiyac olmadı və qumbaraları sonra Naftalanda Xocalı polis şöbəsinə təhvil verdim. Qayınanam, qayınatam, əmilərim, bacımoğlu, əmimoğlanları və bibilərim Xocalı faciəsinin qurbanı olublar.

Bəli, biz bax belə bir dəhşətli günlərdən, müsibətlərdən, itkilərdən sonra yenə özümüzə gəldik, yaddaşımızı itirmədik, amalımızı unutmadıq. İnandıq ki, bir gün o qəlbimizə dağ basılan dogma yurd-yuvamıza yenidən sevinclə qayıdacağıq. Çünki dövlətimzə, millətimizə ümidimiz tam idi. Ali Baş Komandanımız həmişə bizə ürək-dirək verirdi, deyirdi ki, biz dogma torpaqlarımızı hansı yolla olur-olsun azad edəcəyik. İndi Şanlı Zəfər tariximizin 5-ci ildönümü ərəfəsindəyik. Artıq doğma Qarabağa, Şərqi Zəngəzura qayıdan köçümüzün ardı-arası kəsilmir. Zəngilana, Şuşaya, Xankəndiyə, Füzuliyə, Ağdama, Ağdərəyə, Xocalıya, Cəbrayıla, Xocavəndə minlərlə sakin köçürülüb.    

Prezidentimiz İlham Əliyev 2024-cü ildə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa müraciətində əldə olunan uğurların yalnız bəzilərini sadaladı. İl ərzində görülən işlərin statistikasını sadalayan Prezident bəyan etdi ki, 2024-cü ili uğurla başa vururuq və qarşıya qoyulan bütün məsələlər öz həllini tapıb. Ən mühüm uğurlardan biri şübhəsiz ki, ötən il Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı işlərin uğurla getməsi ilə bağlı olub.

Müzəffər Ali Baş Komandanımız bildirib ki, artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır.

Bu gün illərdən sonra doğma yurd yerlərinə qayıdan, ata-baba ocağına dönən sakinlərimizin üzlərindəki təbəssüm SEVİNCİMİZİN HƏDDİ-HÜDUDU YOXDUR fikrini ifadə edir. Doğma kəndinə, şəhərinə yola düşən keçmiş köçkünlərimizin dilinin əzbəridir bu sözlər...   

Və doğma kəndinə dönən bir həmvətənimizin “Sevincdən deməyə söz tapmıram”, - söyləməsi bu misralara çevrildi

...Görüşünə gəlirəm, kəndim!

Sən yenidən doğulmusan,

mən də səninlə doğuldum təzədən,

doğma ocağım...

adına layiq sözlər tapa bilmirəm,

bağışla, nə deyim soruşanlara?

dilim-ağzım quruyub,

lal dayanmışam yollarında...

 

Düz 30 ilə yaxındı

səni yuxuda görürdüm,

 necə sevinirdim,

ancaq oyananda bilirdim yuxusan, kəndim!

ağzıgöyçəklər hərəsi bir söz deyirdi,

amma mən inanırdım qayıdacağıma,

səni bağrıma basacağım günə

çox inanırdım,

yoxsa yaşaya bilməzdim ki...

 

Salam, doğma kəndim,

Salam, atam-anam, qohumlarım, qonşularım...

bilirəm, indi hamınız yanımdasınız,

mən sizi görməsəm də...

 

Bu gün adi torpağı yox,

Şəhidlərimizin izlərini öpürəm,

Əlini, ayağını, gözlərini

bizə qurban edən oğulları qucaqlayıram...

Müzəffər Ali Baş Komandanıma əsgər kimi təzim edirəm,

Şükür edirəm bizi yaradana, şükür, çox şükür,

İlahi, nəhayət mən də, sevinə bilirəm...