Otuz altı günlük məzuniyyətin 25 gününü Kəlbəcərdə keçirdim –doğma Başlıbeldə. İşğaldan sonrakı azadlığının beşinci ilini yaşayan kəndimizdə.
İmkanım olsaydı, daha bir 36 günün hamısını doğma yurdda keçirərdim. Düşmənin yerlə yeksan etdiyi evlərin məzar daşı kimi boy verdiyi xarabalıqların arasında olsa da...
Məzuniyyəti öz kəndində keçirən dost-tanışa həmişə həsəd aparmışam. Bir-birimizin içinə-çölünə, dərdinə-sərinə bələd olduğumuz dostlar bunu yaxşı bilir. Təxminən 15 il əvvəl redaksiyada məzuniyyət bölgüsü aparılarkən “Bizim istirahət eləməyə yerimiz yoxdur, Kəlbəcərdən başqa heç yerdə dinclik tapa bilmirik” deyəndə iş yoldaşlarımın necə kədərləndiyi də yadımdan çıxmayıb...
Məzuniyyəti ata-baba yurdunda keçirmək çoxdankı arzum idi. Torpaqlarımızın işğal altında olması bu arzumun qarşısında keçilməz sədd çəkirdi. Şükür, qovuşdim!
Azad olunandan bəri Kəlbəcərə 42-ci ziyarətim idi. Əvvəlki səfərlər qısamüddətli olduğundan hər şey tələsik və yarımçıq təsiri bağışlayırdı. Könül istədiklərinin heç mindəbiri də xüsusi icazənin müddətinə sığmır, portalla gediş-gəliş ürəkdolusu ziyarəti məhdudlaşdırır, məzuniyyət yanğısını söndürməyə imkan vermirdi...
Məzuniyyət mahiyyət etibarilə gərgin və yorğun iş mühitindən uzaqlaşıb dincəlmək, növbəti il üçün enerji toplamaq, şəxsi qayğıları həll etmək imkanıdır. Bu yay mənim üçün həm də 30 illik yurd həsrətinin yükünü yüngülləşdirmək fürsəti idi. Ona görə bu il xüsusi hazırlaşmışdım...
Sərbəst yaradıcılıq işlərinin də növbəti mərhələsi yekunlaşmış, yenicə çapdan çıxmış “Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimat və İmza günü tədbirləri geridə qalmışdı. Rahat nəfəs almağın, mənəvi-psixoloji yorğunluqdan xilas olmağın əsl vaxtı idi...
Başlıbelin əzab-əziyyət dolu şərəfli keçmişindən bəhs edən yeni kitabdan bir bağlama da götürüb yola düşdüm. Azad olunandan sonra yay mövsümündə 15-dək fermer ailəsinin yaşadığı, hər gün qonaq-qarası, ziyarətçiləri olan kəndimizin sakinləri üçün ayrıca İmza günü keçirəcəkdim...
Anasının qucağına sığınmaqdan doymayan körpə kimi qaçmaq istəyirdim Kəlbəcərə!
Qəribə hisslər idi. Bəlkə də heç vaxt belə sevinməmişdim. Elə bil uçurdum. Hətta mətbəəyə olan borclarla bağlı nigarançılığa əhəmiyyət vermir, “Hələ bir ay var...” təsəllisi ilə o qayğıları da özümdən uzaqlaşdırır, Kəlbəcərə çatmağa tələsirdim...
Ürəkdən, könül dolusu dincəlmək istəyirdim!
Qəbiristanlığı, şəhid məzarlığını ziyarət edəndən sonra kəndin ortasında - dağılmış evlərin xarabalıqları arasında çadır qurdum. Ertəsi gün yağış sularının yaratdığı gölməçə alaçığı yatırdandan sonrakı vəziyyət evsiz-eşiksiz yaşamağın çətinliklərini yenidən dadızdırdı mənə...
Firəvan həyatımızı zəhrimara döndərən məcburi köçkünlük Kəlbəcərin iqlimini, yaşayış tərzini də yadırğadıb. Havanın gün ərzində dəfələrlə dəyişməsi diktə edirdi ki, istirahət üçün etibarlı şərait qurmaq lazımdır. Leysanın yatırtdığı çadırı yenidən qurandan sonra evlərin dağıntıları altından çıxardığım dam örtüklərindən alaçığın qabağında çardaq da qurdum. Yarısı çürümüş, digər yarısı isə dəlmə-deşik olan dəmir örtüklər yağış damcılarını içəri buraxsa da, günəşin yandırıcı şüalarından qorunmaq üçün işə yarayırdı.
Çardaqdan ətrafı seyr etmək özgə bir aləm idi. Elə bil başqa dünyadasan...
Göz görür, qulaq eşidir, amma ətraf aləmdən təcrid halda...
Uçuq divarlarla, ot basmış cığırlarla, uzaqdan görünən dağlarla pıçıldaşırdıq. Dağlar-daşlar dilə gələ, adam öz-özünə necə də danışa, saatlarla gözünü qırpmadan xatirələrlə yaşaya, ixtiyarsız halda hönkürtü ilə ağlaya və ya gülə bilərmiş!
Az qala gözünün içinə girən uçuq divarlar nəzərləri özünə buxovlayır, açıq səma altından uzaqda görünən yamyaşıl dağlara, gül-çiçəkli yamaclara boylanmağa imkan vermir. Sağda-solda şırıltı ilə axan çayların qıjıltısı, quşların cəh-cəhi eşidilməz olur, ucsuz-bucaqsız Tərtər vadisinin isti nəfəsi sərin sulu “Barıtlı”nın mehini sümürüb aparırdı...
Hara baxırdımsa 30 ildə itirdiklərimiz göz önündə canlanır, bir daha Başlıbelə qayıda bilməyəcək doğmaların, ailəmiz qədər əziz olan qonşuların səsi qulaqlarımda cingildəyir, sanki indicə tindən burulub qarşıma çıxacaqlar...
Dincəlməyə getmişdim! Amma bircə an da rahatlıq tapmadım!
Çadırda yox, öz evimizdə yaşamağa, ata ocağını yandırmağa tələsirdim Xarabalıqlar arasında həyat qurmaq, uçmuş evimizin divarları arasında səliqə-səhman yaratmaq istəyi məni rahat buraxmırdı...
Nəhayət, qəti qərarımı verdim: evimizin içərisini dağıntılardan təmizləməliyəm! Özü də təkbaşına!
İstəyimi ailəmizə əvvəllər də demişdim, “mina olar, nəsə partlayar, özünə xətər yetirərsən” deyə razılıq verməmişdilər. Bu dəfə qətiyyətli idim. Qardaşımgil israrımı görəndən sonra özləri də mənə qoşuldular...
Bəlkə də məktəbli ikən itirdiyim atamın, qərib məzarda uyuyan anamın ruhu idi mənə güc verən. Yandırılmış evimizin içinə tökülən daşın-torpağın altından atamın şifonerdə saxladığımız fotoşəklini, anamın əlinin izi olan əşyalardan çoxunu tapa biləcəyimə inanırdım. Yaşca hamımızdan kiçik olan şəhid qardaşımın əsgər çəkməsini, azad Kəlbəcərə ilk səfərdən sonra viran qalmış yurdumuzda gördüklərinə dözə bilməyən böyük qardaşımın sukeçirməz plaşını tapmaq istəyi gücümə güc qatırdı...
Çarpayıların hamısı öz yerində idi. Hərçənd boyu iki metrə qalxan gicitkən kolu yarısı dağıntıların altında qalan, başı əzik, “setkası” çürümüş dəmir çarpayılara yaxınlaşmağa imkan vermirdi. Üç otaqdan ibarət kürsülü evimizi kol-kosdan və daş parçalarından təmizlədikdən sonra kül qarışıq torpağı qazmağa başladıq...
Nələr çıxmadı?! Anamın saç darağı, sarı ləyən, mis sərnic, yanmış cəhrənin sol qolu, hana dəzgahının kösövü, kirkit, yanıb külə dönsə də, formasını itirməyən yumaq, qəndqıran, stəkan, nəlbəki, boşqab, qənd qabı, samovar...
Sınıq və çürümüş əşyaların hamısı qiymətli xəzinə kimi əziz idi. Tapdığımız hər əşya qırığına sığal çəkərək torpaqdan təmizləyir, ovucumuzda tumarlayır, ehtiyatla kənara qoyaraq axtarışa davam edirdik...
Torpaq altında çürümüş xatirələr cik-cilik olmuş xoşbəxtliyimizin hansısa anlarını yenidən xatırlatdı. Hələ də təravətini itirməyən, naxışları solmayan boşqablarda, deşik-deşik olmuş yağ balonlarında, pendir qazanlarında anamın əllərinin izi görünürdü. Sümük materialdan hazırlanmış daraq isə...
Evimizin dağıntıları altında qalaraq sınan, çürüyüb torpağa qarışan hər şey atalı-analı illəri, qansız-qadasız xoşbəxt çağları yenidən xatıraldı. Cilik-cilik olmuş qab-qaca, acı xatirədən başqa heç nəyə yaramayan qabların üzərindəki naxışlar belə ürəyimə su səpdi...
Məzuniyyətin qurtarmasına bir neçə gün qalırdı, ayrılıq məqamı yaxınlaşdıqca kövrək hisslər yenidən baş qaldırırdı. Lap uşaq vaxtı hər payız köçünü arana sürən atamın dalınca ağladığım kimi! Elə doluxsunmuşdum!
Doymamışdım kəndimizdən! Ayrılmaq istəmirdim!
Çarəsiz idim, kimsəsiz qalan yurdumuzla vidalaşıb geri – məcburi köçkün ünvanına qayıtmalıydım. Yol boyu amansız işğalın kədərə qərq etdiyi kəndimizin hüznlü mənzərəsi gözümün önündən çəkilmirdi. Bircə təsəllim vardı: çadırı sökmədim, yenidən qayıtmaq arzusu ilə...