04.02.2026, 06:59
AZ EN
28.08.2025, 10:17

Bakı-Ağdam qatarı bizi sevincli günlərə qovuşdurur

Sabit ƏZİMOV

  • “Ağdam rayonu o vaxt bizim ən varlı rayonumuzdan biri idi, iqtisadi cəhətdən çox varlı idi. Çunki Ağdamın gözəl torpaqları, çox gözəl təbiəti, çox fədakar, zəhmətkeş insanları var. Onlar da bu torpaqdan, bu təbiətdən istifadə edərək, şübhəsiz ki, yüksək nailiyyətlər əldə etmişlər və ona görə də Ağdam Azərbaycanın ən varlı rayonlarından biri idi. Ağdamdan olan insanlar Azərbaycan elmini,mədəniyyətini inkişaf etdirmişlər. Ona görə də Ağdamlılar fəxr edə bilərlər ki,onlarin belə gözəl bir diyarı var, gözəl şəhər olmuşdur və bundan sonra da olacaqdır!” Bu, Ulu Öndər Heydər Əliyevin sözləridir.

Bəli, doğma Ağdamımiz işğaldan azad olunduqdan sonra - 2020-ci il noyabrın 20-dən etibarən yeni bir tarixi dövrə qədəm qoymuşdur. Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdamda şəhərin təməlqoyma mərasimində iştirak edərək uğurlu gələcəyimizə start vermişdir. Qısa bir zamanda Ağdam Sənaye Parkı yaradılmış və fəaliyyətə başlamış, Ağdam Cümə məscidi, Qiyaslı məscidi, İmarət kompleksi bərpa olunmuş, Ağdam Muğam Mərkəzi, şəhər 1 nömrəli tam orta məktəbi, uşaq bağçası, bir neçə digər infrastruktur obyekti  inşa edilmişdir.

Rayonun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində yaşayış evləri və sosial obyektlər keçmiş məcburi köçkünlərin istifadəsinə verilmişdir. Qərvənd və Eyvazxanbəyli kəndlərində bərpa- quruculuq işləri aparılır.

Uzun illərdən bəri həsrətində qaldığınız Ağdamda indi böyük işlərin görüldüyünü hər birimiz görür və bu gün yeni Ağdamın müasir üslubda qurulduğunun şahidi oluruq.

İşğal dövrünə qədərki Ağdamın sosial-iqtisadi fəaliyyətinə nəzər saldıqda, bir daha təsdiq olunur ki, aqrar-sənaye rayonu kimi onun respublika iqtisadiyyatında mühüm yeri olmuşdur. Üzümçülük üzrə 100 min, pambıqçılıq və taxılçılıqda 40 min tondan artıq hər il məhsul istehsal edən rayonun iqtisadi gücü, həqiqətən də, çox böyük idi, heyvandarlıq, baramaçılıq sahəsində mütərəqqi texnologiyalar əsasında böyük nailiyyətlər qazanılmışdı. Heyvandarlığın yem bazasının yaradılması istiqamətində keçmiş SSRİ miqyasında ilk süni suvarma qurğusu Ağdamda yaradılmışdı. İqtisadi inkişaf ona gətitib çıxarmışdı ki, emal müəssisələrinin geniş şəbəkəsi vasitəsilə ixrac potensialı xarici ölkələrdə təmsil olunurdu. Üzüm emalı sahəsində 100 minlərlə dekalitr xammal və hazır məhsuldan milyonlarla gəlir əldə edilir, Dəzgahqayırma zavodu, Taxıl məhsulları kombinatı, xalça fabriki, şərab istehsalı müəssisələri yüksək rentabelliklə fəaliyyət göstərirdilər. Rayonun tikinti, nəqliyyat, ticarət və digər sahələrində də yüksək göstəricilərə malik olması, nəticə etibarilə, böyük uğur idi.

Səhiyyə, təhsil və mədəniyyət sahəsində olduqca yüksək nailiyyətlərə imza atılmışdı .Bütün bunları yaşadığımız Ağdamlı illərdə gördüyümüz və iştirak etdiymiz üçün tariximiz olaraq yaxşı bilirik. Əlbəttə ki, bütün nailiyyətlərin başında düzgün idarəetmə və mövcud potensial imkanların olması təbii ki,vacib amillərdəndir. İqtisadiyyatın bütün sahələrində güclü inkişafa təminat verən amillərdən ən əsas hesab etdiyimiz nəqliyyat və daşımaların təşkili vacib işdir.

Yeni üslubda yenidən qurulan, bərpa edilən rayonumuzda xoş-firavan həyat yaşamağımızı təmin edən yol infrastrukturunun yaradılması, bu günlərdə Bakı -Ağdam qatarının fəaliyyətə başlaması olduqca sevindiricidir. Artıq respublikanın hər yerindən vətəndaşlar dəmiryol qatarı ilə rahat gedib qayıda biləcəklər.

Ağdama Böyük Qayıdış davam edir, şəhər sürətlə tikilir, Qarabağımıza yeni, sevincli günlər gətirəcək Bakı-Ağdam qatarının istifadəyə verilməsi münasibətilə hər birinizi təbrik edirəm.

Xeyirli-uğurlu olsun!