İkinci yazı
Tədbiri həm onlayn təbliğ etmişdik, həm afişasını hazırlayıb “Laçın Abadlıq” MMC-nin köməyi ilə şəhərin ən vacib yerlərinə yapışdırmışdıq. Bundan əlavə şəxsi dəvətlərim də vardı. Ona görə iki yüz nəfərə yaxın adam gəlmişdi. Əlbəttə, çox da ola bilərdi. Çünki Laçında doğrudan da əhali çoxdur. Şəhərin yay uzunu artan yerli sakinləri, qonaqlar və yuxarı kəndlərə, yaylaqlara gələnlər… Amma buna da şükür. Lap əlli nəfər gəlsəydi də tədbir uğurla baş tutmuş sayılacaqdı. Zarafat deyildi. Mən otuz illik həsrətdən sonra Laçına öz kitabımla qayıtmışdım. Bu ad nəyə desən dəyərdi. Yəni işin mənəvi tərəfi çox qiymətli idi.
Bakının diqqətindən yenə yayına bilməmişdim. Professor dostum Çingiz Abdullayev başqa bir dostum məşhur jurnalist Etibar Cəbrayıloğlunu və rejissor Rahim Sadıqbəylini də götürüb gəlmişdi. O hələ Bakıda ikən mənə gözlənilməz bir təklif etmişdi: “Gəlsənə, Laçında səninlə bir görüş təşkil edək”. Cavabıma həm sevinmiş, həm heyrətlənmişdi. Çünki həmin vaxt mən elə bu işlə məşğul idim. Artıq görüş üçün mənə dəvət gəlmişdi. Dedi, yerini, zamanını deyərsən, mütləq iştirak edərəm, həm də Laçını görərəm!
Dedim və gəldi.
Həm də tək yox, dəyərli bir qələm adamı ilə…
Görüşün başqa bir sürpriz qonağı da vardı: tələbə yoldaşım Füzuli Dadaşov. Biz iyirmi səkkiz, iyirmi doqquz il bundan əvvəl Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Universitetinin Ağcabədi şəhərində sığınacaq tapan Şuşa filialında oxuyurduq. Köçkün universitetin köçkün tələbələri idik. Həm də ölkənin testlə qəbul olunan ilk, birbaşa magistr diplomu alan son tələbələri... o vaxt keçirdiyimiz bütün görüşlərdə, bütün məclislərdə bütün arzularımızın başında Laçında, Qarabağda görüşmək dayanırdı. İndi həmin arzular reallaşmışdı.
Füzuli bəy Ağdərənin İmarət Qərvənd kəndindəndir. İndi onların da kəndi Qarabağın və Şərqi Zəngəzurun bütün kəndləri kimi düşmən tapdağından azad olunub. Özü isə sahibkar kimi Xankəndidə iş qurmaq, Rusiyadan və Bakıdan biryolluq aralanıb burada yaşamaq istəyir. Görüşə isə xəbər vermədən gəlmişdi və onu Laçında görmək mənim üçün böyük sevinc oldu.
İlk sözü, şübhəsiz, rayonumuzun ağsaqqalı, belə tədbirlərin həm hazırlanmasında, həm keçirilməsində aktivlik göstərən Qəzənfər Hüseynova verdim.
İkinci söz də ağsaqqalın idi: Laçının ustad aşığı, el sənətkarı, əməkdar mədəniyyət işçisi Aşıq Umbay.
Laçında ağsaqqallığın xüsusi çəkisi var. Bəzən inzibati orqanların həll edə bilmədiyi problemləri bir ağsaqqal sözü həll edir. Ağsaqqal qan barışdırır, cinayətin qarşısını alır, mərkəzdən uzaq yerlərdə haqq-ədalətin təmin olunmasında həlledici rol oynayır. Umbay müəllim həm də Şərqi Zəngəzurun və Qarabağın sayılıb-seçilən saz-söz ustadıdır. Üstəlik, məndən təxminən 15 gün sonra eyni salonda onun 85 yaşı təntənə ilə qeyd ediləcəkdi. Və hələ bilmirdim ki, bu tədbirin də aparıcısı mən olacağam (bu haqda növbəti yazımızda – müəl.).
Umbay müəllim füsunkar Ağbulaq təbiətindən danışdı. Yəni mənim doğulduğum kənddən. Aşığın da nənəsi Ağbulaq kəndindəndir. Ona görə bura “Ana kəndim Ağbulaq” deyir. Ustadın mənim yazılarımı Ağbulaq kəndinin saf təbiəti – təmiz havası, büllur bulaqları, zümrüd meşələri fonunda qiymətləndirməsi dinləyicilərin ürəyincə oldu. Çünki bu doğrudan da belədir. Coğrafiya təkcə tale deyil, həm də yaradılışdır. İnsan öz ruhunda və genlərində doğulduğu torpaqlardan çox şey daşıyır.
Professor Çingiz Abdullayev qısa, lakin mənalı danışdı. Özü də Göyçə mahalında doğulan bu dəyərli insan verdiyi sözün üstündə durmuş, bunun üçün 400 kilometrdən çox yol gəlmişdi. Mən hələ tədbir başlamamış ona Laçın haqqında, keçmiş “koridor” haqqında, rayon mərkəzinin keçdiyi keşməkeşli yol haqqında məlumat vermişdim, Qərbi Zəngəzurun dağlarını, Kəlbəcər və Göyçə istiqamətini göstərmişdim. LaCinema Kino Mərkəzi şəhərin hündür yerindədir və həyətindən geniş ərazilər görünür.
Çingiz müəllim də oxşar mövzulardan danışdı. Tədbir haqqında mənə dediklərindən və belə bir səfər üçün necə sevindiyindən... Buradan həm də doğma Göyçə elinin qoxusunu aldığını bildirdi.
Göyçəni yada salan həm də bizim dəyərli saz ifaçılarımız oldu. Bu məqamda sözü gənc və istedadlı aşıq Tacir Alxanova verdim. O gözəl solo ifası ilə bir yerdə gənclik şeirlərimdən söylədi.
Növbəti çıxışçımız da saz ifaçısı idi. Lakin o həm də mənim müəllimim idi. Kənddə orta məktəbə getdiyim vaxtlar məktəbimizin direktoru olmuşdu. Cabbar Cabbarov. O, aşıq kimi Mədəniyyət Nazirliyinin xüsusi mükafatçısı, Tacikistanda qızıl medala layiq görülüb. Söhbətinə mənim lap uşaqlığımdan başladı. Hətta elə faktlar söylədi ki, özüm onları ilk dəfə eşidirdim. Sonra nələr yada düşdü? Sənətkarın mənim yazılarıma münasibəti, mənə saz bağışlaması, yaş fərqimizə baxmayaraq aramızda yaranan həmkar və dost münasibəti...
Xatirə ilə dolu bu isti çıxışa Laçın rayonunun Qarakeçdi kəndindən olan aşıq Əbdüləli Axundov tələbəlik illərində yazdığım bir qoşma ilə yekun vurdu.
Bundan sonra sözü əməkdar artist Ehtiram Hüseynova verdim.
Ehtiramın Laçına, Laçının Ehtirama sevgisi misilsizdir. O, gözəl sənətkar olmaqla yanaşı, həm də gözəl insan, gözəl dost, gözəl yol yoldaşıdır. İyirmi günlük məzuniyyətimin üç günü Ehtiram bəylə bir yerdə keçdi. Ona görə onun haqqında ayrıca yazmaq qərarına gəldim. Təbii ki, burada təkcə səfər təəssüratları olmayacaq, eyni zamanda Ehtiramın yaradıcılığına da bildiyim və anladığım qədər güzgü tutmağa çalışacağam.
Növbəti çıxışçılar “Laçın Abadlıq” MMC-nin rəhbəri Elnur Abdullayev, Laçın rayonunun tanınmış ziyalısı Tahir Məmmədov, Mərkəzi Xəstəxananın həkimi Sənan Əmirov, tələbə yoldaşım Füzuli Dadaşov, Ağbulaq kənd orta məktəbinin müəllimi Qorxmaz Bəxtiyarov, el şənliklərinin tanınmış aparıcısı Edilxan Dağlaroğlu biri-birindən maraqlı xatirələr bölüşüb, fikirlər söylədilər.
İncəsənət nümayəndələrindən Aşıq Afil, Aşıq Bakir, gənc muğam ifaçısı Məmməd Ağayarov görüşə xüsusi rəng qatdılar.
Ən axırda kino mərkəzinin girişində yerləşən “Simurq” kitab mağazasında yeni çapdan çıxmış “Rəng mühəndisi” romanımın imza saatını keçirdik. Görüş nə qədər saza-sözə və şeirə həsr olunsa da, nəsr kitabına maraq da az deyildi. “Qanun” Nəşrlər Evindən götürüb apardığım kitabların hamısı iştirakçılar tərəfindən alındı. Hətta istəyib əliboş gedənlər də oldu. Qərara gəldik ki, oxucuların istəyi ilə “Simurq” kitab evinə yeni kitablar göndərək.
Ən sonda isə xatirə şəkilləri çəkdirdik. Təbii, ən birinci də tədbir üçün zəhmət çəkən “Simurq” kitabxanasının rəhbəri Zülfiyyə Hüseynli və onun əməkdaşları ilə...