Rəsmi təsdiq xəbəri onda yayıldı ki, həm Əliyevi, həm də Paşinyanı Əbu-Dabi şəhərində qurulmuş sülh masasına çatdıracaq təyyarələr bəlkə də havaya qalxmışdı. Nikbinliyə, nəhayət ki, sülhün əldə ediləcəyinə inama səbəb hər şeyin bu cür tezliklə baş verməsi idi...
Ötən axşamdan gözlər Əbu-Dabiyə dikilib, hamı uzq Ərəbistan yarımadasından xoş xəbər alacağını gözləyirdi. Sanki hər kəs gecəni bu ümidlə yuxuya verdi, səhəri xoş xəbərlərin gözləntisi ilə açdı...
İşə çatan kimi adətim üzrə xəbər saytlarına, "Facebook"a göz gəzdirdim. Əbu-Dabi görüşünün ilk foto və videogörüntüləri "Facebook"da rastıma çıxdı. Əliyev-Paşinyan görüşünün əks olunduğu kiçik videonu qürurla izlədim!
Təşəbbüskar, əsas söz sahibi yenə də Azərbaycan lideridir. Əliyev az qala, ev sahibi kimi erməni həmkarını qəbul otağında gözləyir, Paşinyan içəri girib ona yaxınlaşaraq Azərbaycan lideri ilə əl tutur. Bundan sonra məhz İlham Əliyev Paşinyanın arxasınca zala daxil olan Ermənistan nümayəndə heyətinin üzvlərinə yaxınlaşaraq onlarla bir-bir görüşür. Paşinyan isə çaşqınlığını, həyəcanını gizlədə bilmir, ixtiyarsız halda Əliyevin etdiklərini təkrarlayır. Bundan sonra hər iki ölkənin nümayəndə heyətində təmsil olunan diplomatlar də bir-biri ilə salamlaşır. Bir az da təbəssümlə...
Görüşlə bağlı xəbərləri izlədikcə xəyallar məni məni keçmişə aparır. Hələ iyulun 3-də “Middle East Eye” nəşri Əliyevlə Paşinyanın Dubayda görüşəcəyi ilə bağlı xəbər yayanda siyasi şərhçilər bu məlumata şübhə ilə yanaşmışdı. Vaxta da hələ xeyli vardı, “Middle East Eye” görüşün iyulun axırlarında keçirilə biləcəyini yazmışdı. Amma hər şey çox sürətlə dəqiqləşdi və məlum oldu ki, liderlərin heç bir vasitəçi olmadan planlaşdırılan görüşü irəli çəkilib. Həm də Dubayda yox, paytaxt Əbu-Dabidə. Görüşün keçiriləcəyi barədə ilk rəsmi məlumat isə bundan cəmi 8-9 saat əvvəl elan edilir.
Bütün bunlar Azərbaycan-Rusiya və Ermənistan-Rusiya arasında siyasi və diplomatik münasibətlərdə yaranmış gərginliyin pik həddə çatdığı məqamda baş verir. Rusiyanın Ermənistanda hakimiyyəti dəyişməyə, kilsəyə və rus iş adamları vasitəsilə Paşinyanı devirməyə hazırlaşması, Yekaterinburqda azərbaycanlılara qarşı vəhşi zorakılıq hallarının gündəm olması fonunda. ABŞ rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı yeni və kifayət qədər ciddi qəbul edilən təklifləri, Amerika şirkətlərindən birinin həmin yolda təhlükəsizliyi təmin etmək missiyasını öz üzərinə götürmək istəyi isə Rusiyanın Cənubi Qafqaz regionunda əvvəlki nefuzunu, təsir imkanlarını, nəhayət, söz sahibi olmaq haqqını itirməsinə işarədir.
Otuz il bundan əvvəl erməniləri üstümüzə qısqırdan Rusiyanın özü indi köməyə, dəstəyə möhtacdır. Özündən kiçik və zəif bildikləırinə diş qıcıyan Kreml sabah növbəti “sürpriz”lərlə qarşılaşa bilər...
Qırx dörd günlük müharibə və Azərbaycan prezidentinin regionda yaratdığı reallıqlar bütövlükdə Cənibi Qafqazın rahat nəfəs almasına, hər kəsin öz haqqına sahib olmasına imkan yaradıb!
Hadisələrin bu ardıcıllıq və sürətlə cərəyan etməsi Azərbaycanla Ermənistanın nəinki Rusiya, ümumiyyətlə hər hansı üçüncü qüvvənin iştirakı olmadan sülh üzrə çərçivə sazişini tezliklə imzalayacağı ehtimalını gücləndirir. Təkcə bu fakt Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üzərində həyata keçirdiyi diplomatik çalışmaların uğurlu nəticəsi sayılır.
Uzun və yorucu yolun sonuna yaxınlaşırıq, deyəsən...