Azərbaycan xalqının XX əsrin sonunda rastlaşdığı separatizmə, ərazilərimizin işğala məruz qalmasına, 30 ilik dövrdən sonra işğaldan azad olunmasına bu günün reallıqları baxımından nəzər saldıqda hələ də əsən küləklərin haradan, hansı maraq dairələrindən güc aldığını bir daha aydın görürük.
2020-ci ildə ərazilərimizin işğaldan azad olunması, 2023-cü ildə antiterror əməliyyatlarında qazanılmış uğurun qorunub saxlanılması, bərpa-quruculuq işlərində əsaslı şəkildə dönüşün yaranması, dünyanın hər bir yerində Azərbaycanın rəşadətli qələbəsinin birmənalı olaraq qəbul edilməsi, həqiqətən də, Xalq-Ordu-Dövlət birliyinin əyani təzahürüdür. Azərbaycan dövlətinin, onun rəhbəri Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin nüfuzu möhkəmlənmiş, Cənubi Qafqazda böyük güc mərkəzinə çevrilmişdir. Milli köklərimizlə cıx bağlı dövlətlərlə strateji müttəfiqlik bəyannamələrin imzalanması, Yaxın Şərq, Rusiya-Ukrayna ətrafında müşahidə olunan müharibə və İran-İsrail qarşıdurmaları zamanı Azərbaycanın müstəqil siyasət aparması, xalqların sülhə aparan yolunu dəstəkləməsi ağıllı, düşünülmüş siyasətin uğurlu nəticəsidir. Məlum həqiqət budur ki, bir çox hallarda qazandığımız nailiyyətlər, sərbəst düşüncəyə əsaslanmış dövlət siyasətimiz çoxlarını güclü narahat edir, qısqanclıq, dövlətlərarası münasibətlər sisteminə uyğun gəlməyən, qəbul edilməsi mümkün olmayan neqativ yanaşmalarla müşayiət olunur. Avropa ölkələrində, eyni zamanda güclü dövlətlərlə sıx əməkdaşlıq nəticəsində əldə olunmuş siyasi-iqtisadi uğurlar, razılaşmalar yaxın ətrafımızda olan dövlətlərin bəzilərini hədsiz narahat edir, coğrafi baxımından strateji mövqeyə və gücə malik Azərbaycanın dəstəklənməsinə sevinməyən qüvvələr düşdükləri çətin vəziyyətə görə dövlətimizi də qınayır, şər və böhranlardan istifadə etməyə çalışırlar. Regionda baş verən proseslərə, əsassız olaraq, dövlətimizi də qoşmağa çalışanlar keşmiş məxsusi çirkli variantlarından istifadə etmək istəyirlər. Belə bir dövrdə dost və düşmən hesab etdiyimiz yaxın, uzaq və qonşu dövlətlərlə münasibətlərimizin hər vasitə ilə qorunub saxlanılması, lazımsız münaqişələrdən özümüzü kənar edə bilməyimiz olduqca vacibdir.
Son günlər şimal qonşumuzun ərazisində - Yekaterinburqda yaşayan həmvətənlərimizin dini, milli və digər aspektlərdən hücumlara məruz qalması, fiziki zorakılıqla baş verən ölüm faktları onu təsdiq edir ki, şəxsi ambisiyaları həddindən artıq gərilmiş ,qonşuluq prinsiplərini gözləməyən liderlərin, daxildəki mövcud siyasi dlletantların bilavasitə iştirakı ilə böyük faciələrə yol açılır, göstərişlər verilir, təzyiq elementlərinin nəzərə çarpacaq səviyyədə həyata keçirilməsi üçün addımlar atılır. Açığını qeyd etmək istəyirəm ki, bu çox təhlükəli və məkrli tendensiyadır. Bütün zorakılıq əlamətləri olan hərəkətləri pisləyir, eyni zamanda, hesab edirəm ki, vahid strateji-müəyyənləşdirilmiş doğru istiqamətin ətrafında daha çıx birləşməyimiz zəruridir.
Zənnimcə, müxtəlif müharibələr, qarşıdurmalar, beynəlxalq hüquqa məhəl qoymadan atılan addımlar gözümüzün önündə, ətrafımızda cərəyan etdiyi üçün ağılın gücünə arxalanaraq yaranmış vəziyyətə uyğun hərəkət etmək, çətinlikləri aradan qaldırmaq üçün bütün vasitələrdən istifadə etməklə məqsədimizə nail olmalıyıq. Görünən budur ki, mövcud olan güclü dövlətlərin əleyhimizə addım atmalarını müxtəlif yollarla neytrallaşdırmalı, düşmən mövqeyində dayanaraq bizə qarşı birlik yaratmaq niyyətində olanlara imkan verməməliyik.
Bir sözlə, qazandığımız, arzuladığımız, uğurlu gələcəyimizə hesablanmış siyasi xəttimizi həyata keçirmək üçün ölçülü-biçimli addımları dəstəkləməliyik.
Bu, zamanın verdiyi imkanlar, real güc və ağıllı yanaşmaya əsaslanmalıdır.
Gücümüz birliyimizdədir!