18.05.2025, 11:17
AZ EN
02.05.2025, 11:30

Beynəlxalq ədalət məhkəməsi ƏDALƏTƏ xidmət etməli olduğunu anlamalıdır artıq

Tahirə AĞAMİRZƏ

  • 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi düşmən üzərinə Zəfərimizlə başa çatdı. Bu mühahirəbədə üç mindən çox oğullarımız qəhrəmancasına şəhid oldu, xeyli sayda qazilərimiz sağlamlığını itirərək bu gün də müharibənin ağrısını canında daşıyır. Prezidentimizin rəhbərliyi ilə bu qəhrəmanlarımızın sayəsində 30 ildən sonra torpaqlarımız azadlığına qovuşdu. Uzun illər qaranlığa qərq olmuş, yerlə-yeksan edilmiş, xarabalığa çevrilmiş şəhər, rayon və kəndlərimizə yenidən Günəş doğdu. Artıq 4 ildir ki, üç rəngli bayrağımız işğaldan azad edilmiş  bölgələrimizdə məğrurcasına dalğalanır. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Məcburi köçkünlərimiz doğma torpaqlarında yenidən həyata başlayır...

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu düşmənin ayaq izlərini bütün işğal olunmuş torpaqlarımızdan kəssə də, təəssüf ki, hələ torpaq altında qanayan yaralarımız da var və bu faciəni bizə yaşadan erməni cinayətkarları Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən layiqli cəzasını almayıb. Hələ kor olan gözlər düşmənin bu qan donduran əməllərinin üstünü malalayır. Amma Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti, qətiyyətli addımı sayəsində bu haqqımızı da alacağıq. O zaman dərdlərimiz tam dinəcək,  günahsız insanlarımızın ruhları dinclik tapacaq...

Bu günlərdə Xocalı yaramızın qaysağı yenidən qopdu, bağrımızın başına od düşdü.

Xocalı qətliamı XX əsrin ən dəhşətli  faciələri sırasındadır.

Cinayətkar erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində Xocalı əhalisinin dinc sakinləri — qocalar, uşaqlar, qadınlar ağlasığmaz erməni zülmünə, təhqir və işgəncələrinə məruz qalaraq qətlə yetirilmişlər. Hətta insanlıqdan nəsibini almamış erməni cəlladları meyidlərimizi belə təhqir etməkdən, alçaltmaqdan çəkinməmişlər.

Bu günlərdə Əsgəran - Xocalı yolunun üstündə növbəti kütləvi məzarlığın aşkarlanması erməni vəhşiliyinin əyani sübutudur.

Ey, Azadlığımızı, suverenliyimizi, mübarizəmizi, düşmən üzərinə qələbəmizi həzm edə bilməyən bəzi Qərb dövlətləri, başda Fransa, Hindistan olmaqla, bir çox Avropa ölkələri!  Terrorçu Ermənistanı silahlandırmaqdan əl çəkin! Ömrünüzdə bircə dəfə həqiqətin gözünə qorxusuz baxın!

Bu gün Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi sayəsində böyük, uğurlu layihələrə imza atır. Dünyanın böyük dövlətləri Azərbaycanla hesablaşır...

Yetər artıq! Cinayətkar Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir. Beynəlxalq ədalət məhkəməsi ƏDALƏTƏ xidmət etməli olduğunu anlamalıdır artıq!...