18.05.2025, 12:01
AZ EN
30.04.2025, 12:00

Belə sevinən adam görməmişəm

Şərif AĞAYAR

Laçınlı aşıq Cabbar Cabbarovun 75 illik yubileyi münasibəti ilə

  • 1998-ci il. Daşkəsən. Qoşqar yaylağı. Orta yaşlı, ziyalı görkəmli bir adam sazı çiynindən çıxarır, qayışı çanağa dəyib çaqqıldayır, sanki beşaçılanı ayağa verir. Bir azdan buludlu səmaya doğru həyəcanlı bir “Dubeyti” qanadlanır. Əvvəl ifaçını marıtlayan kamera yavaş-yavaş ətrafı gəzir, yanıqlı melodiyaların başına toplaşıb ətrafda sıra ilə düzülən uşqlı-böyüklü, qadınlı-kişili qələbəliyin üstündə gəzir. Özünü bir anlıq “Tütək səsi” filmində hiss edirsən. Lakin bircə fərqlə: ordakı rejissorun qurğusudur, burdakı həyatın öz əl işi... 

Hamısı tanışdı bu çöhrələrin.

Uşaqların çoxu böyüyüb.

Yaşlıların çoxu rəhmətə gedib.

Tarixin bir anı sazın ruha işləyən melodiyaları ilə kameranın yaddaşına köçüb.

Nə yaxşı ki köçüb!

Hər baxanda bizi tarixin o çağına, ömrün o vədəsinə aparır. 

Əslində, ilk deyil bu heyrətamiz çalğı. Hətta bundan daha yaxşısı, daha yaxşıları olub. Di gəl kamera şahidlik eləməyib bu ifalara. Eləcə göy qübbəsinin altına uçub.

Deyirlər, yer kürəsi binnət olandan bugünəcən bütün səslər səmada qalır. Nə zamansa xüsusi cihazlar vasitəsi ilə tezliyini tutub həmin səslərə qulaq asacaqlar. Motsartın danışığını eşitmək, Bethovenin barmaqlarının pianoda çıxardığı səsi dinləmək, Paqanininin sehrinə dalmaq insan oğluna qismət olacaq...

Əminəm, tarixin seçib-sonaladığı səs kolleksiyasına Cabbar müəllimin ifaları da daxil ediləcək. Çünki ürəkdən gələn hər bir sənət bu mötəbər dəyərə layiqdir.

İllah da Laçının işğalından sonra Daşkəsən yaylaqlarında çaldığı saz havaları...

Laçın camaatı bura – Qoşqarın yan-yörəsinə Laçını, doğma İşıqlını, Dəlidağı yad eləmək üçün gəlirdilər. Bir az ovunurdular, bir az da yox. Bəzən əksi olurdu: bu oxşarlıq adamları daha da kövrəldirdi. Şübhəsiz, Cabbar müəllim aşağıdakı şeiri bu hisslərin yanğısından oxuyurdu:

Çaylaq həmən çaylaq, çay həmən çaydı,

Quzeylər, güneylər o tay-bu taydı...

İstədim inanam dağ dağa taydı,

Ötəri hiss imiş, inam deyilmiş...

Bir dəfə Qoşqarın ətəyindəki ən hündür yurd yerlərinin birində durnaların dumana düşüb qaqqıldaşdığını görür. Ali təhsilli coğrafiya müəllimidir. Yaxşı bilir ki, durnalar dumana düşüb azanda yerə yaxınlaşıb istiqaməti təyin edirlər. Bu zaman onların səfi pozulur, qəribə bir qarışıqlıq yaranır və durnalar səs-səsə verib biri-birini haraylayır. İlahi! Bu necə də qaçqın düşən camaatı xatırladır. Səmti itirmək, qarışıqlığa düşmək və səs-səsə verib biri-birini haraylamaq... Deyir, sazımı gətirin. Ayağını bir daşın üstünə qoyub bir “Dubeyti” çalır. Durnalara yol göstərir. Həm də Laçına salam göndərir. Cənuba uçan quşlar mütləq doğma Ağbulaq dağlarının üstündən keçəcəklər. Hava xoşlarına gəlsə, Xan Kərimin Ərzurumu aşan durnalar kimi doğma torpaqlara lələk salacaqlar...  

–Kaş lentə alan olaydı o çalğını. Ömrümdə elə “Dubeyti” çalmamışdım. Bir də görüm özümdən asılı olmadan gözlərimdən yaş axır, – Cabbar müəllim xatırlayır. – Başqa çalğı idi o!

Heç respublika üzrə keçirilən “Oxu tar” festivalındakı qalibiyyətindən, Şərqi Zəngəzurda ilk dəfə “İşıqlı” adlı aşıqlar ansamblı yaratmasından, I Ümumittifaq Yaradıcılıq festivalı laureatlarının Tacikistan Respublikasında keçirilən yekun konsertində ifa etdiyi “Orta sarıtel” havasına görə qızıl medala layiq görülməsindən belə həvəslə danışmır.

Nə qədər təvazökar olsa da, sənət adamı  mübaliğə sevəndir. Ancaq mən öz müəllimimə inanıram. Di gəl, kasetdəki “Dubeyti”dən daha yaxşı çaldığına bir az şəkk eləyirəm. Düzdür, burada nə duman var, nə durnalar, əvəzində adamlar var. Dumana düşüb səmtini itirən, dərdin-qəmin içində çaşıb-qalan adamlar...

Nə yaxşı saz var. Kimi idi bunu deyən, xatırlamıram. Amma elə bil Quran ayəsi deyib. Doğrudan saz olmasa neyləyərdi o camaat?

Saz olmasa...

Havacat olmasa...

Cabbar müəllim olmasa...

Düz on beş il əvvəl Taxtakörpü qəsəbəsində keçirilən yubileyində çıxış eləyəndə demişdim: insan geniylə valideyninin, qanıyla millətinin, ruhuyla tanrısının övladıdır, ağır günlər adamları biri-birindən elədi, heç kim heç kimə yiyə durmadı, hərənin başı öz hayına qarışdı, belə bir çaşqınlığın içində Cabbar müəllim sazını götürüb ipimizin Tanrıdan üzülməsinə imkan vermədi, bizi onun yadına saldı, onu da bizim, beləcə ümidlə yaşamağa, dözməyə davam elədik.

Düz otuz il!

Ağlatdı bizi. Sızlatdı. Ölənləri, itənləri yadımıza salıb daşımızı daş üstündə qoymadı. Amma ən axırda hərəmizin ürəyinə bir ovuc ümid işığı səpib evimizə yolladı.

Onun barmaqlarından çıxan melodiyalar yalan danışa bilməzdi.

Biz inandıq ona.

Sazına, sözünə inandıq.                     

Günlərin bir günü doğma Ağbulaqda Cabbar müəllimi ziyarət eləmək qismət oldu bizə. Tək deyildi. Qohum-əqrəbadan başqa yan-yörəsində “canavar kimi” şəyirdləri vardı. Bir barmaq işarəsi verirdi, sazlardan od tökülürdü.

Şəxsən mən gözlərimə inanmırdım. Cabbar müəllimin ata evinin həyətində oturmuşuq, qarşımızda samovar çayı, yanında da arıların Laçın güllərindən çəkdiyi ağappaq beçə balı...

Cabbar müəllim həm də arıçıdır. Sazbəndliyi isə dillər əzbəridir. Onun əllərinin ovsununu görməyən saz heç vaxt öz sirrini kimsəyə vermir.

– Əmioğlu, onun əlində saz ayrı səs çıxarır, – şəyirdlərindən biri girəvələyib qulağıma pıçıldayır.

– Saz ustad axtarır də! Uşaq-muşaqla danışmaq istəmir, – zarafatlaşıram.

– Yox e! – inad edir – Ustadlıq öz yerində, amma təkcə bu deyil, əllərində nə isə qəribə bir enerji var. Eyni barmağı, eyni mizrabı vurursan, eyni səsi vermir.       

Susuram. Razılaşıram. İstəyirəm yenə bir-iki barmaq vursun. Bir dəfə də bu gözlə baxım onun ifasına. Sazı əlinə almır. Amma ürəyimdən keçəni oxuyur:

– Qoy cavanlar çalsın, onlar indi məndə də yaxşı çalır!

Yola verir. Bilirəm. Hətta əsl səbəbi də bilirəm. O, Tanrı qarşısındakı missiyasını başa vurub: Musa kimi öz qövmünü səhralardan keçirə-keçirə, nəhayət, “vəd olunan torpaqlara” qaytarıb!

Budur otuz illik zülm-zillətdən sonra vətəndəyik – doğma Laçında, doğma Ağbulaqda...

Ustadın 75 illik yubileyini bu doğma diyarda qeyd etməyə hazırlaşırıq.

Cabbar müəllimin üzündə indiyə qədər görmədiyim bir işıq dolaşır.

Ömrüm boyu bu dünyada heç kimi belə sevinən görməmişəm.