19.04.2025, 19:29
AZ EN
17.03.2025, 15:10

Azərbaycanlının Novruz pasportu

Şərif AĞAYAR

  • Bir xalq, bir toplum əvvəlcə dili, sonra dini, sonra ərazisi ilə mövcuddur. Fəlsəfədə də xalqın tərifi veriləndə dil birinci qeyd olunur. Hətta ərazidən də əvvəl. Dil varsa xalq, millət də var, yoxdursa yoxdur. Bir xalqın ərazisi olmasa belə, o öz dili ilə varlığını sürdürə bilir. Yəhudilərin keçdiyi kəşməkəşli tarix buna sübutdur. İsrail dövləti qurulana qədər onların ərazisi yox idi, dil və dinin hesabına ən inkişaf etmiş ölkələrdə belə axıracan assimilyasiyaya uğramadan varlıqlarını saxladılar.

Azərbaycan dili ilə bağlı mətbuatda və sosial şəbəkələrdə açılan müzakirələrin gündəmi zəbt etdiyi bir vaxtda bu məntiqi təkrar vurğulamaq yerinə düşərdi. Dil də torpaq kimi müqəddəsdir. Biz dilimizi də torpağımız kimi qorumalıyıq. Çünki o bizim mövcudluğumuzun rəhnidir. Əgər dilimiz olmasa, ərazimiz və dövlətimiz də şərti xarakter daşıyar, hansısa böyük xalqın, böyük millətin bir parçasına, bir uzantısına çevrilərik.

Bir ölkə öz fərqlilikləri və orijinallığı ilə var olur. Qloballaşmanı, dünyaya inteqrasiyanı dəryalar içində damla misalı yoxa çıxmaq kimi deyil, fərqli bir rəng, fərqli bur naxış kimi digər xalqların və millətlərin yanında durmaq kimi qəbul etməliyik.

Şair demiş, öz xəttimizi imzaların yanına qoymalıyıq.

Dildən, dindən və ərazidən sonra milli adət-ənənələr gəlir. Milli adət-ənənələr mədəniyyətin ilk rüşeymləridir. Subkulturadır. İnsanlıq bununla maddi və mədəni bir düzənə ehtiyac olduğunu göstərir.

Novruz bayramı milli kimliyimizin çox vacib komponentlərindən biridir. Təsadüfi deyil ki, sovet totalitarizmi birrəngli sosial cəmiyyət qurmaq üçün ilk növbədə milli pasporta çevrilən dəyərləri zərbə altında qoyurdu.

Dilimiz – az qala unudulmuşdu. Ötən əsrin 50-ci illərində bir qrup siyasi xadimin və ziyalının Moskvadan xəbərsiz ovaxtkı parlamentdə (Ali Sovet) Azərbaycan dilini Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi qəbul etdilər. Moskva bu qərarı hiddətlə qarşılasa da, geriyə yol yox idi. Qərarı təsdiqləmək məcburiyyətində qaldılar.

Dinimiz – hər yerdə məscidləri bağlayır, anbara çevirirdilər. Hansı şəhərdə qalırdısa, ora gedənlərin siyahısı tutub aidiyyəti orqanlara göndərirdilər. Bu adamlara nəinki iş və vəzifə vermirdilər, hətta vəzifədə olan qohumlarının təsiri ilə onları din yolundan çəkindirməyə çalışırdılar.

Ərazi – Nadir şahın qətlindən 2020-ci ilin sentyabrına qədər keçdiyimiz bütün tarixi dövrlərdə torpaqlarımızı itirə-itirə gəlmişik. Üç yüz ilə yaxın bir dövrdə yalnız 44 günlük zəfər müharibəsində itirilən torpaqlarımızı geri qaytara bildik.

Milli adət-ənənələr – Novruz bayramını qeyd etmək uzun müddət qeyri-rəsmi şəkildə qadağan olunub. Yalnız ötən əsrin 60-cı illərində – Xruşşov yumşalması dövründə vəziyyət dəyişməyə başladı.

Səni öz köləsinə çevirmək istəyənlər hansı dəyərinə hücum edirsə, ondan möhkəm yapışmalısan, çünki səni sən edən odur.

Novruz həm də bizim coğrafiyanın gerçəkliyidir. Həmin vaxt doğrudan da havalar qızmağa, təbiət oyanmağa başlayır. Qışla yazın sərhədində xüsusi bir fəsildir Novruz. Ağlım kəsəndən bayram günlərində doğrudan da bahar havası görmüşəm. Təbiət də insanlara qoşulub öz günəş üzü ilə gülümsəyib.

Novruzun mistikası da millidir. Bizə məxsusdur. Qulaq falı bunun yaddaqalan nümunəsidir. Hələ bəzi bölgələrdə, xüsusən Zəngəzurda yumurta falı da var. Çayın qırağına hərə öz adına bir yumurta qoyur, yanına da qırmızı karandaş və kömür. Səhər gələndə yumurtalarda ya qara rəngin izlərini görürlər, ya da qırmızı rəngin. Qara rəng qara günün, qırmızı rəng qırmızı günün rəmzi sayılır.

Lap uşaqlıqdan eşitmişdim ki, axır çərşənbə gecəsi hansısa dəqiqədə axar sular durur, atlar gövşəyir, söyüdlər başını əyib çaylardan su içir. Guya bunu ilk dəfə bir dəyirmançı görüb. İşin çoxluğundan bayram gecəsi də işləyirmiş, birdən dəyirmanın səsi kəsilir.

Dəyirmançı baxır – su dayanmış!

Və inanca görə həmin an hansı diləyi tutsan mütləq həyata keçər.

Bu inanc qədir gecəsi inancının sələfidir, sadəcə Tanrının yerində təbiət vardır.

Novruzda şamançılığın və atəşpərəstliyin izlərindən dəfələrlə yazıblar, danışıblar lakin bu bayramın buddizmdən də elementlər daşıdığını heç kim qeyd etməyib. Novruz daha çox təbiət hadisəsi və təbiətin enerjisinə qoşulma aktıdır. Bu mənada buddist düşüncə ilə də qohumluğu var.

Sonrakı dövrlərdə bayram adət-ənənələri dini inanclara uyğunlaşdırıldı. Görünür, bununla onun yaşamasına, dini hakimiyyətlər tərəfindən qadağan olunmamasına imkan yaratdılar.

Mən uşaq vaxtı yaşlılardan eşitmişdim ki, Novruz günündə Həzrət Əli qırmızı geyinib taxta çıxıb, insanlar bayramda buna görə sevinirlər.

Novruzdan Qodo və Xızır əhvalatlarına da xəyali linklər atılır: hər iki personaj öz humanistliyi, xeyirxahlığı, eyni zamanda həsrət və intizarı ilə baharın simvoluna çevrilir.

Novruz həm də məişətə bağlı bir bayramdır. Xalq arasında indi də bir söz işlənməkdədir: mart çıxdı – dərd çıxdı...

Bildiyiniz kimi mart qışın son ayıdır. Bu ayda insanların yaydan və payızdan yığdığı azuqə də, odun-ocaq da, mal-heyvanın ot-alafı da tükənir, yaz bir az geciksə əməlli-başlı fəlakət baş verər. İnsanlar bu stressdə ikən mart ayı sanki uzandıqca uzanır. Bir şeyi nə qədər intizarla gözləyirsən, o qədər gec gəlir. Belə bir gərginliyin içində Novruz özünü yetirir, “mən gəldim!” – deyir.

Necə sevinməyəsən!

Aprelin əvvəllərindən Aranda və bəzi dağətəyi ərazilərdə ağaclar çiçəkləməyə, ot çıxmağa başlayır. Bu isə yazın – xoş və rahat günlərin başlaması deməkdir.

Novruz qışın çıxışında, yazın girişində bir qapıdır. Seyrək saç-saqqalı və aclığı ilə qış kasadlığını təmsil edən Kosanı öldürüb Bahar qızla bu qapının kandarından yeni fəslə, yeni zamana keçirik.

Novruz bütün ayinləri və simvolları ilə həm də ciddi bir mədəniyyət hadisəsidir.

Lakin bu haqda növbəti yazımızda...

Ən böyük milli bayramımızı bütün komponentləri ilə daha çox kənd, əyalət hadisəsi kimi qəbul edirəm. Fikir verin, bayram tətilində adam bütün varlığı ilə rayona can atır. Mən bu arzunu ürəkdən alqışlayıram. Bayramı mümkün qədər kənddə keçirməyə çalışaq. Torpaqla, təbiətlə ünsiyyətdə olaq. Ən çox da işğaldan azad olunmuş ərazilərimizə gedək və bayram sevincini ikiqat yaşayaq.

On illər sonra ata-baba yurdunda qalanmış Novruz tonqalından gözəl nə ola bilər?!

SON XƏBƏRLƏR