19.03.2025, 04:07
AZ EN
26.02.2025, 09:05

Bu gün Xocalı azaddır!

Sabit ƏZİMOV

  • Azərbaycanın taleyüklü məsələlərini düşündükcə ilk növbədə gözümüz önündə xalqımıza qarşı erməni vəhşiliyinin nəticələrini görürük, əsrlər boyu məkrli planlar hazırlayaraq qəddarlıqlar törətmiş, torpaqlarımızın işğalına çalışmışlar, havadarlarının dəstəyi ilə dinc azərbaycanlılara qarşı qətliamlar törətmişlər.

1992 -ci ilin fevralın 26 -da Xocalı şəhərinin işğalı edilməsi, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər xalqımız tərəfindən heç zaman unudulmur, hər il faciənin ildönümü qeyd edilir. Mülki əhaliyə qarşı vəhşiliklə divan tutulmuş,613 nəfər xüsusu amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir düşüb, onlara qarşı ağır fiziki əzablar verilib, psixoloji təsirlər göstərilibdir. XOCALI şəhərini tamamilə yandırıb külə çevirən ermənilər insanlıq əleyhinə beynəlxalq cinayət törətmiş, maddi -mənəvi - tarixi mövcudluğu tamamilə məhv etmişlər. Beynəlxalq qurumlar isə ikili standartlar tətbiq edərək soyqırımı görməzliklə qarşılamışlar.

Ulu öndər Heydər Əliyev Xocalı faciəsi barədə dəfələrlə beynəlxalq kürsülərdə çıxışlar edərək dünya ictimaiyyətinə , cavabdeh qurumlara faciəni törədənlər haqqında ətraflı məlumat vermiş,cinayətkarların cəzalandırılmasını tələb etmişdir, təəssüf ki, dünya birliyi tərəfindən lazımı tədbirlər görülməmişdir.2008 - ci ildən məqsədyönlü fəaliyyət nəticəsində Heydər Əliyev fondu tərəfindən "Xocalıya Ədalət" maarifləndirmə kampaniyası öz müsbət təsirini göstərmişdir, belə ki, 18 ölkənin qanunvericilik orqanı, ABŞ-nın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətlərinin Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırım kimi qəbul etmiş və pisləmişdir.

2020-ci il 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin birgünlük lokal xarakterli antiterror əməliyyatlarında Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu və 2023 -cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı.

30 il ərzində Ermənistan dövləti beynəlxalq hüquq və humanizm prinsiplərinə etinasızlıq göstərdi, işğal etdiyi ərazilərdə tarixi, mədəni abidələrə qarşı vandalizm törətdi,ekoloji mühitə qarşı barbarlıq nümayiş etdirdi, torpaqları zərərli maddələrlə çirkləndirdi, informasiya blokadası yaradaraq dünya ictimaiyyətini əsl həqiqətlərdən yayındırmağa çalışdı.

Bu gün Xocalı azaddır, bu torpağa yeni həyat gəlmişdir, ləyaqətli qayıdış proqramına uyğun insanlar doğma ocaqlarına qovuşurlar.

Prezident İlham Əliyevin bu günlərdə Xocalı sakinləri ilə görüşü çox böyük qürur və tarixi hadisə, haqqın qələbəsi-təntənəsidir! Xocalı bərpa olunur, nə qədər iztirablar yaşasalar da şəhər sakinlərinin sevinc hissləri uğurlu gələcəkdən xəbər verir. Baxmayaraq ki, Xocalı soyqırımıla bağlı tarixi ədalət hələ də bərpa olunmayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Xocalı Soyqırım Memorial kompleksinin yaradılması bir daha təsdiq edir ki, qədirbilən xalqımız faciənin qurbanlarının əziz xatirəsini heç zaman unutmayacaq, Xocalı sakinləri, davamçıları xoşbəxt həyat sürərək həyatlarını azad səma altında davam etdirəcəklər.

İşğal altında saxladıqları əraziləri xarabalıqlara ,doğma Ağdamımızı “Qafqazın Xirosimasına” çevirən separatçıların liderlərinin bu gün Azərbaycan qanunları əsasında mühakimə edilməsi onu təsdiq edir ki, Xocalı cəlladları öz hüquqi cəzalarını alacaqlar.

Xocalıda soyqırıma məruz qalmış insanlarımızı hörmət və ehtiramla yad edirik, vətən uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm.

Azərbaycan dövlətinin güclü ordusu var, iqtisadiyyatı inkişaf etmiş dövlətlərlə inteqrasiya şəraitində formalaşmışdır.

Xalq, ordu və dövlət birliyimiz bütün sınaqlardan uğurla çıxmışdır.

Qarabağımız yeni üslubda qurularaq , bərpa edilərək tarixi şöhrətini özünə qaytarmaqdadır.

Xocalı qurbanlarının ruhu şad olsun. Amin!