19.03.2025, 04:10
AZ EN
19.02.2025, 13:30

Kaş şəhid anaları ölməyəydi

Elxan SALAHOV

  • Ülfət Kərimovun anası Fatma xanımın vəfatı xəbərinə anamın ölümü qədər yanıram. Tez-tez hər ikisi arasında paralellər aparırdım, oxşar talelərdə çoxlu eyniliklər tapırdım...

Belə ailələr əkiz övlad kimi olur! Hər ikisi şəhid balasının amansız ağrısı ilə yaşadı...
Ermənilər Ağdabanda qızğın döyüş anında Ülfətin meyiti üzərindən keçib Kəlbəcəri işğal etmişdilər. Əsgərləri onu döyüş meydanından çıxarmağa macal tapmadılar. Hamı Kəlbəcəri tərk etdi, qanı ilə torpağa can verən Ülfət məzarsız şəhid oldu...

Anam isə Murovda şəhid olmuş Elşadın cənazəsini altı ay gözlədi. Evə gətirilən cənazədəkinin balası olduğuna inanmaq istəmirdi, öz əlləri ilə toxuduğu yun corabın naxışlarından tanımışdı...

Həm də ürəkdən inanmışdı! Amma gözü yollarda idi, elə bil, nəsə gözləyirdi. Təsəlli! Elə bilirdi ki, Kəlbəcər azad olunada gedib Elşadı orada - öz evimizin yanında görəcək...

Eynən Ülfətin anası kimi...

Fatma xanım canını vətən yolunda fəda etmiş Ülfətin haqq etdiyi Milli Qəhrəman adını, anam isə Elşadın şəhid olduğu torpağın azadlığını, xaraba qoyulmuş yurddakı izlərini, dağıntılar altından boy verən nişanələrini görə bilmədi. Dil açıb danışan xatirələr hər yerdə anamı harayladı...

Fatma xanım azad olunmuş Kəlbəcərdə Ülfətin şəhid olduğu torpağı ziyarət edəndə o qədər sevinmişdim ki! Onun ziyarətini anamın ziyarəti sandım! Elə bildim, öz anam balasının şəhid olduğu torpaqdan öpür...

Kaş şəhid anaları ölməyəydi! Onların ölümündən sonrakı boşluğu doldurmaq olmur! Heç bir təsəlli şəhid anasının yerini vermir!