13.02.2025, 10:15
AZ EN
24.01.2025, 12:40

Sazın Kəlbəcər sevinci

Şərif AĞAYAR

  • Fikir vermişəm, yaxşı ifaçılar ifaya başlayanda, sanki sazı mühərrik kimi işə salırlar. Məşhur əhvalatdır: Moskva dekadalarının birində dünya şöhrətli Raç Kaput ustad Ədalət Nəsibova qula asanda ondan soruşur ki, bu alətin içində nə var? Heç nə olmadığını, boş çanaqdan ibarət olduğunu biləndə heyrətlənir. Deyir, axı burdan bir orkestrin səsi gəlirdi!

Doğrudan da elədir.

Yaxşı ifaçının bütün varmaqları işləyir və konkret xallara, güllərə ümumi fon verir. Yaxşı saz ifası yaxşı rəsmə bənzəyir. İlk baxışdan boşluq kimi görünən yerlər də boş deyil. Haradasa incə bir melodiyası, xəfif eşidilən bir iniltisi, az qala eşidilməyən incə bir xumu olur. Saza sehr qatan da budur. Bəzən daşqın dağ çayının səsini verir, bəzən düzənliyə çıxıb şaqqıltısını içinə çəkir, bəzən at kimi kişnəyir, bəzən bülbül kimi ötür. Birdən necə sızıldayırsa elə bil Füzulinin “beytül-həzəni” kimi çanağına bir topa arı dolub.

İnsan yaşlandıqca dinləyici kimi püxtələşir, xüsusi bilik və təcrübə qazanır.

Bundan sonra mahir ifaçını ilk mizrabdanca tanıyır.

Ədalət Dəlidağlının ən gənc yaşlarındakı ifalarında da bu ustalığı hiss edirsən. Sazın canını alır pirolmuş. Bir pərdə, bir sim barmağının altından yan qaça bilmir. Tamaşaçını ovqata kökləməsi, havacatın cənginə alması uzağı beş-on saniyə çəkir.

Başqa aşıqların ifasında bəyəndiyin xüsusi havalar olur. Dəlidağlı nə çalırsa, könlünə yatır.

O, Ədalət Nəsibov yolunun ən mahir davamçısıdır desək, yəqin səhv etmərik.

Bu həm də bir tale, bir missiyadır.

Atası adını ustaddan götürüb. Yəqin böyüyüb onun kimi bir sənətkar olması arzusu ilə qoyub bu adı. Dəlidağlı da ustadın adını doğruldub. Müxtəlif sənətkarların yanında şəyirdlik etsə də su axıb çuxurunu tapıb – gəlib böyük Nəsibovun yanına çıxıb, onunla birlikdə səfərlərdə olub, festivallarda iştirak edib, xalq dili ilə desək, tökdüklərini yığıb, bir barmağına belə laqeyd qalmayıb.

Təsadüfi deyil ki, saz azarkeşləri ona “Bala Ədalət” deyiblər. Bu hər şəyirdə nəsib olan mərtəbə deyil. Ədalət Nəsibov o qədər müqtədir sənətkardır ki, onun balası, balacası olmaq da bir işdir.

Lakin ataların bu deyimini də həmişə qulağında sırğa edib: izlə gedənin izi qalmaz. Hər hansı bir yolu getmək qaçılmazdır və vacibdir, ancaq bu yola sənin də öz töhfələrin olmalıdır.

Ədalət Dəlidağlı yaşa dolduqca özünəməxsus ifaları ilə görünməyə başladı. Artıq onun böyük Nəsibovdan yaxşı mənada fərqləndiyini görmək çətin deyildi. Düzdür, xüsusən yutub platformasında onların bir çox ifalarını dəyişik salıblar və həvəskar dinləyicilər üçün bunları fərqləndirmək o qədər də asan deyil. Lakin bilənlər-bilir.

Dəlidağlının saz sənətində öz dəsti-xətti, öz incə gedişləri var.

Məhz həmin ustalığın, sənətkarlığın sayəsində bu gün əməkdar mədəniyyət işçisidir. Dolayısı ilə ondan təsirlənən onlarla gənc aşıqla yanaşa birbaşa Ədalət Dəlidağlıya şəyirdlik edən Aşıq Əfqan, Aşıq Qalib, Şəhriyar Laçın, Ülvi Cəfərov kimi yeni dövr sənətçiləri vard.  

Onun söz seçimi də təqdirəlayiqdir. Xüsusilə kəlbəcərli Sücaətdən oxuyanda dinləyicinin ruhuna işləyir. Ədalət Dəlidağlının Sücaətdən oxuması Alim Qasımovun Seyid Əzim Şirvanidən oxumasına bənzəyir. Öz qabında bişir. Mahiyyəti üzrə çalıb-çağırır. Çalğısına da, səsinə də, avazına da xüsusi məlahət qarışır. Çünki Sücaət təkcə şair deyil, taledir, yaşantıdır, ağrıdır. Xüsusən torpaqlarımızın işğalı vaxtı yaralı könüllərə layla çalırdı. Oxumaqdan, dinləməkdən, zümzümə etməkdən doymurdun.

Dəlidağlı isə bu sirli-sehrli misraları xüsusi şövqlə deyirdi:

...Millinin üstündə bədirlənmiş ay,
Bizim aynəbəndə baxırmı görən?

Ayı aynəbənddən görüb, təbii, amma elə demir, indi aynabənd aya yox, ay aynabəndə baxır. Çünki şair də, aşıq da artıq öz evində, öz aynabəndində deyil, uzaqlardadır. Aynabənd sözünün “Ay” hecası ilə başlaması şeirə gözlənilməz sehr qatır, onun intonasiyasını da, məna gücünü də artırır.

Şəxsən mən Dədə Şəmşirin, Bəhmən Vətənoğlunun, Sücaətin əzbər bildiyim şeirlərini Ədalətin ifasında xüsusi maraqla dinləyirəm. O oxumayanda da, şeiri sadəcə deyəndə də sözləri rəssam kimi al-əlvan rənglərə boyayır, onu şairlərin özü qədər dərindən yaşayır və ən başlıcası, bu hissi dinləyiciyə də yaşadır.

Ədaləti digər ifaçılardan fərqləndirən həm də bir vətən nisgili, yurd həsrətidir. Onu son otuz ildə Kəlbəcər dərdi ilə daim yanıb-tutuşan görmüşəm. Himə bənd olub ki, sazını qəmə kökləyib hicran təranələri oxusun. Simləri, pərdələri yandırdıqca özü də yansın, tamaşaçının da ürəyinə çınqı salsın. Həsrət-hicran şeirləri də, maşallah, boldan-bol! Kəlbəcər ola, hər dərsindən beş şair çıxıb. Hamısı da yurd-yuvaya bağlı, saza vurğun.

Lakin zaman gəldi Ədalət Dəlidağlı ayrılıq və hicran havacatlarına son qoyub vüsal nəğmələri oxudu. Daha doğrusu, köhnə havalar üzərində sözlər təzələndi.

Çünki şair demiş, “ağlaya-ağlaya köçən Kəlbəcər gülə-gülə geri qayıtmışdı”.

Bu gün Kəlbəcərə təzə qar yağıb,
Torpağın, dağın da azad, Kəlbəcər.
Az qalıb ellərin köçə qoynuna,
Daha həsrətini azalt, Kəlbəcər...

Onun böyüklüyü həm də özündən xeyli balaca, övladı yaşında olan şairləri də oxuyub təbliğ etməsidir. Axı indi zaman onlarındır. İndi saatımızın zəngini qələbə vaxtına tənzimləmişik. Gənclərə xitab etmək, onlarla ayaqlaşmaq, sazın laylasını onların şeirinə qovuşdurmaq həm də zamanla dil tapmaqdır.

Ədalət qələbə sevincini zamanın yeni sözləri ilə bölüşür, özü isə böyük qələbədən sonra Kəlbəcərə ilk gedişini belə xatırlayır:

“...Şəhidlərimizin qanı tökülən torpaqları öpdüm. Xatirələrim dilə gəldi. Məclisdə Dədə Şəmşirin başımı sığallamasını gördüm, 18 yaşım var idi onda. Çal-çağırlı elatlarımızı gördüm, xəyal kimi keçdi gözümün önündən, əlimi uzatdım, tapa bilmədim. Cavan Ədalətlə, öz keçmişimlə qarşılaşdım, danışdım. Bu duyğuları saza töksən, saz yanar, sözə töksən söz. Allah bir daha ayrılıq yaşatmasın”.

Deyirsən, aşıq deyil, yazıçıdır danışan. Axı aşıqlar həm də çoxlu dastan bilirlər. Onlar saz çalanda musiqiçi, şeir deyəndə şair, dastan danışanda nasirdirlər. Ona görə elə sözlər tapıb-deyirlər ki, heç nə əlavə etmək istəmirsən, ürəyindən bircə “Amin” demək keçir.