Şairin 75 illiyinə
Azərbaycan miqyasında da eyni məntiq keçərlidir. Böyük şəxsiyyətlərin yeri-yurdu olmur. Onlar həm dərbəndlidir, həm borçalı, həm təbrizlidir, həm bakılı, həm şirvanlıdır, həm gəncəbasarlı, həm irəvanlıdır, həm naxçıvanlı... Öz içlərində o taylı-bu taylı Azərbaycanı çoxdan birləşdiriblər, çoxdan vahid bir məmləkətin, bütöv bir diyarın övladına çevriliblər.
Zəlimxan Yaqub kimi...
Torpaqlarımızın işğalı haqqında yazdığı şeirlər, məqalələr, etdiyi çıxışlar, verdiyi müsahibələr, Kəlbəcər, Şuşa, Laçın, Ağdam, Füzuli, Ağcabədi ədəbi mühiti ilə yaxınlığı, dostluğu onu həm də bir qarabağlı, bir zəngəzurlu kimi xarakterizə etmək imkanı verir. Müharibə mövzusu yaradıcılığından qırmızı xətt kimi keçir.
“Göyçə dərdi” poeması ilə onu Göyçə sevdalısı kimi görürük...
Sanki qərbi azərbaycanlıdır, bütün ruhuyla, canıyla o yerlərə bağlıdır.
Eləcə də Təbriz həsrətli şeirləri...
Yəqin bütün bunlar özünün də vətənin sərhədlərindən kənarda qalan doğma torpaqlarda doğulması ilə bağlıdır. Amma yox, vətən daha çox mənəvi ərazidir, onu içində bütövləşdirmək harada və nə vaxt doğulmağından asılı deyil. Bu bir düşüncə tərzidir.
Azərbaycanın hər yanı Zəlimxan Yaquba əziz və doğmadır, çünki o özü də Azərbaycanın hər yanına doğma və əzizdir...
İlk tanışlığımızı xatırlayıram. Haradasa 25 il öncə, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xəlil Rza Ulutürk mükafatının növbəti laureatlara təqdim edilməsi mərasimi keçirilir. Qaliblər arasında mən də varam. Klubun səhnəsində – rəyasət heyətində oturanlardan biri də Xalq şairi Zəlimxan Yaqubdur. Qaliblər elan olunanda səhnədən düşüb zala gəlir və mənim yanımda oturur. İyirmi yaşlarında cavan oğlanam. Əlbəttə, onu yaxşı tanıyıram, şeirlərindən əzbər bilirəm, ancaq o məni ilk dəfə görür. Buna baxmayaraq elə davranır, elə bil yüz ilin tanışıyıq. Laçınlı olduğumu biləndə bir köynək də yaxınlaşır. Ötən əsrin 80-ci illərində mərhum şair Ağa Laçınlının dəvəti ilə ora getməsindən, laçınlıların qonaqpərvərliyindən, saz-söz sevgisindən danışır...
Ən maraqlısı, tədbirdən sonra inadla məni öz maşınına mindirib “Azərbaycan” nəşriyyatına gətirir, sıxıldığımı görüb “Narahat olma, mən özüm də Yasamalda qalıram, evə gedirəm” deyir...
Bununla da bizim əbədi dostluğumuz başlayır.
Biz tərəflərin Zəlimxan sevgisi bir başqadır. Əgər buna şübhəniz varsa, yutubda laçınlı Aşıq Cabbarın 60 illik yubiley tədbirinə baxa bilərsiniz. Bu laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində keçirilən ən mötəbər tədbirlərdən biridir. Çünki burada Zəlimxan Yaqub iştirak edir.
Sarı Aşıqdan, Hüseyn Kürdoğludan, Ağa Laçınlıdan yarım saata qədər şeirlər deyir. Məndən də danışır. Qəribə bir ərklə məni laçınlılara – öz yerlilərimə, qohumlarıma tapşırır, onun dəyərini bilin deyir...
Bəli, Zəlimxan müəllimin buna haqqı və səlahiyyəti çatırdı, çünki o doğrudan da hamımızdan artıq laçınlı idi.
Ədəbi mühitdə “Yaxşı adam” kəlməsi işlənən kimi gözümün qarşısında ilk canlananlardan biridir Zəlimxan Yaqub. Adətən bu ifadəni dünyasını dəyişən insanlar haqqında qızırqalanmadan deyirlər, ona görə bir az ritorik səslənə bilər, lakin Zəlimxan müəllim sözün həqiqi mənasında yaxşı adam idi. Yazar, jurnalist dostunuz İlqar Rəsulun onunla bir müsahibəsi var, axıra yaxın Zəlimxan müəllimə zəng gəlir, İlqar bəy səsyazma cihazını söndürmür və qəribə bir danışıq gedir. Evində jurnalistlə söhbət edən şair zəng edən adama deyir ki, səsin tanış gəlir, buyur gəl evimə, süfrəmdə bir qismət çörək kəs, sazımı-sözümü dinlə...
Səsinin tanış gəlməsi tanımadığı bir adamı evə çağırması üçün yetərli səbəb idi. Hətta sizi əmin edirəm, səsi tanış gəlməyib, Azərbaycan dilində danışması kifayət edib. Şəhərin öz həqiqəti var. Adam nəinki tanımadığı birini, hətta bəzən ən yaxın dostunu da bəzən evinə dəvət eləmir. Lakin Zəlimxan Yaqubun şəhərdə də, kənddə də, qəsəbədə də öz həqiqətləri vardı.
Bəzən deyirdilər, Bakının mərkəzində bütöv bir Borçalı kimi hərlənir.
Sual verirdim: təkcə Borçalımı?
Millət vəkili olduğu müddətdə təkcə onun görüşünə gələnlərin sayı, bəlkə, yerdə qalan bütün deputatların yanına gələnlərdən çox idi. Heç kim harada yaşadığına, Zəlimxan Yaqubun hansı dairədən seçildiyinə baxmırdı, çünki o da heç kimdən haralı olduğunu soruşmurdu. Uşaq kimi hamının qabağına düşüb problemlərinin dalınca gedirdi.
Millət vəkili oldu-olmadı xalqın bir nümayəndəsi idi, evinin qapısı da, cib telefonu da hamının üzünə açıq idi.
Bəzən Zəlimxan müəllimi aktiv siyasətə qoşulmasını, iqtidarı daim müdafiə etməsini birmənalı qarşılamırdılar. Özü bundan rəncidə deyildi. Çünki seçimlərində qayət səmimi idi. Efirdə nə danışırdısa, dost-tanış arasında da onu deyirdi. Şeirlərində də onu yazırdı. Səmimiyyətinə görə zamanın sınağından qorxmurdu.
Milli Məclisdə təmsil olunmağını isə yaxşılıq etmək imkanı kimi qiymətləndirirdi. Doğrudan da belə idi. Zəlimxan müəllim yaxşılıq etməkdən zövq alırdı, dincəlirdi. Özü də çox çətinliklər gördüyü üçün çətinə düşən adamla asanca empatiya qururdu. Bir də bir şey müşahidə etmişdim: o yaxşılıqdan ötrü quru bir təşəkkür belə ummurdu, özünü buna borclu sanırdı. Məncə, bu cəhət genetik faktorla yanaşı həm də saz-söz, irfan əxlaqından irəli gəlirdi.
Bir dəfə şair-yazıçı məclislərinin birində o vaxt sərt tənqidi yazılar yazan yazıçı-publisist Seymur Baycan Zəlimxan müəllimə bir neçə acı söz söylədi. Şair təmkinini pozmadan övladı yaşında olan Seymurun saçlarından öpdü və dedi: “Bax saçından öpdüm, ancaq o, yeməyin içinə düşsə, çıxarıb kənara ataram. Hər şeyin öz yeri var. Bura süfrədir. Tənqidlərin qəzetdə yazarsan” (o vaxt hələ saytlar dəbə minməmişdi).
Yəqin qədim sufi pritçalarını xatırladınız. Elə mənim də yadıma o ibrətamiz əhvalatlar düşdü.
Torpaqlarımız işğaldan azad ediləndən sonra Zəlimxan Yaqubun ölümünə daha çox heyfsiləndin. Kaş yaşayaydı, bu günləri görəydi. O zaman yəqin qələbə ruhlu ən gözəl şeirləri də onun dilindən eşidəcəkdik. Çünki ən bədbin günlərdə də qələbəyə inamını itirmirdi. Sanki bəsirət gözü ilə bu günləri görürdü.
Elə adamlar var onların şeiri haqqında uzun nəzəri fikirlər yaza bilmirəm, çünki özləri şeirə bənzəyirlər. Zəlimxan müəllim də belə idi. Başdan-başa şeirlə, sözlə dolu, nəğmə kimi bir insan idi. Ruhu şad olsun.