05.02.2025, 08:11
AZ EN
27.12.2024, 09:00

Aramızdakı alaq otları

Tahirə AĞAMİRZƏ

  • Azərbaycan xalqı tarix boyu düşmənləri ilə mərdi-mərdanə mübarizə aparıb, döyüşüb. Məğlub etdiyi düşmən ondan imdad dilədiyində belə onu bağışlayıb. Neçə-neçə ağır müharibələrdən keçib varlığını, mərdliyini qoruyaraq və düşmən üzərində qələbə qazanaraq bu günümüzə gəlib çıxıb. Tarix boyu davam edən bu münaqişələrdə, müharibələrdə heç bir günahsız insana, bir dəfə də olsun, güllə atmayıb. Bir nəfər də olsun qocanı, qadını, uşağı, körpəni  öldürməyib. Düşmənin körpəsini belə bağrına basıb döyüş zonasından çıxarıb.

Təəssüf ki, aramızda "alaq otları" da yetişib.

Bilirsiniz, adama toxunan nədir?

Adı sənin olub, yəni "azərbaycanlı" adını daşıyır, amma düşməninə çalışan və ölkəmizdə hər hansı bir bədbəxt hadisə, faciə baş verdiyi anda bəzi xarici dövlətlərə "xidmət" edən həmin o "azərbaycanlılar"ın bu faciələrimizdən də mənfəət əldə etmələri, kədərli anlarımızda belə rəhimsiz olmalarıdır...

Bax, bu "sapı özümüzdən olan baltalar" həmişə olduğu kimi, yenə də yaralı yerimizdən bizi vurmağa çalışırlar. Politoloq Turan Rzayev də onların barəsində belə deyir: “İnsan nə qədər mənəviyyatsız, əqidəsiz, mənfəətçi olsun ki, ölkənin birmənalı üzüldüyü, təəssüf hissi keçirdiyi bir hadisəni öz şəxsi maraqlarına, ya da daha açıq deyək, xidmət etdiyi ağalarının maraqlarına uyğun şərh etməyə çalışsın.

"Sapı özümüzdən olan baltalar", Əli Kərimli, Gültəkin Hacıbəyli, Mehman Hüseynov, Qiyas İbrahimov, Nurlana Cəlil və bu qəbildən olanlar AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasını məqsədyönlü şəkildə fərqli təsvir etməyə çalışırlar.

Müqayisə üçün deyim ki, Ermənistanın Baş naziri Nikol Paşinyan belə hadisə ilə əlaqədar Azərbaycana başsağlığı verib. Adını çəkdiyim şəxslər isə bu günə qədər leksikonumuza təhqir kimi düşən ermənidən daha aşağı səviyyədə olduqlarını bir daha isbatladılar. Digər tərəfdən isə bu şəxslər cahilliyin son həddindədirlər. Necə bir təfəkkürdə, ya da zehniyyətdə olasan ki, baş verən təyyarə qəzasını sərhədlərin bağlı qalması ilə əlaqələndirəsən. Bunlar elə bilirlər ki, quru sərhədlər açıq olanda təyyarə reysləri həyata keçirilmir və belə qəzalar olmur.

Təyyarə qəzaları dünyanın hər yerində olur. Böyük dağıntı və itkilərə səbəb olan təbii fəlakətlər zamanı bütün siyasi ambisiyalar kənara qoyulur, hər bir ölkə maddi və mənəvi dəstəyi ilə zərər çəkmiş tərəfə kömək göstərməyi özünə borc sayır. İnsanların emosional hissləri ilə oynayan bu qulbeçələr isə tutduqları mövqe və paylaşımları ilə bir daha öz əsl simasızlıqlarını üzə çıxarırlar.

Bir daha qeyd edim ki, məsələnin quru sərhədlərin açılıb-açılmaması ilə heç bir əlaqəsi yoxdur və təəssüflər olsun ki, dünyanın hər yerində belə qəzalar baş verir. Lap sərhədlər açıq olsaydı belə hər gün avtobus və minik avtomobilləri ilə də çoxsaylı qəzalar baş verir".

Xaricdə qrantlar almaq qarşılığında ölkəmiz, dövlətimiz adına şər-böhtan yağdıran, ədalət prinsipinə sığmayan mövqe sərgiləyən belə qulbeçələrə "ar olsun sizə!"- deyirik.

Tahirə AĞAMİRZƏ