Ruhunuz şad olsun...
Kənd qəbiristanlığına yaxınlaşırıq. Bir vaxt al quçmaşa bürünmüş məzarlar da didəgin düşüb elə bil, indi burada tək-tük qəbir daşlarına rast gəlirik. Atam mülki şəhid Məmmədov Rəşid Xurşud oğlunun da başdaşı sındırılıb, iki hissəyə ayrılıb. Evimizin sonbeşiyi bacım Gülüzar özünü atamın qəbrinin üstünə atır, elə bil, atasıyla canlı görüşür, hönkürür. Məni elə bil, don vurub, hələ gördüklərim, kəndimizə gəldiyimiz yuxu kimi gəlir. Qardaşım Nəsib avazla quran oxuyur, onun səsi sanki insan nəfəsinə həsrət qalan daşı, torpağı, burada yatan şəhid ruhlarını oyadır...
Qonşumuz, qohumumuz tanınmış xanəndə, öz həyətində balası ilə gözlərim önündə şəhid olmuş Şahmalı Kürdoğlunun məzarını ziyarət edirik. Sonra qonşumuz Yaqub kişinin oğlu, Birinci Qarabağ Müharibəsinin qəhrəman şəhidi, zabit, “Azərbaycan bayrağı” ordenli Maarif Haqverdiyevin məzarı başında ayaq saxlayır, onların ailəsini xatırlayır və bu igid övladından danışırıq.
Kəndimizin şəhidlərindən ibarət lövhənin yanında dayanıb həmişə onlarla bir olduğumuzu göstərən anı fotoaparatın da yaddaşına köçürürük. Bütün şəhidlərimizin ruhu şad olsun. Şad olsun ki, onların uğrunda canlarını verdiyi torpaqlarımız daha murdar düşmən tapdağından azad edilib.
Bir ay sonra məscidimizin qapıları üzümüzə açılacaq...
Sonra kəndimizin məscidinə gəlirik. Qardaşım ayağında 32 ildir ki, qəlpələr gəzdirdiyindən çəliklə də çətin yeriyir. Bacımla biz təmiri hələ başa çatmamış məscidin qapısından içəri keçirik. Burada işçilərə rast gəlirik. Deyirlər ki, məscidin təmiri bir ay sonra başa çatacaq. Deməli, növbəti gəlişimizdə biz gəlib oz doğma kəndimizin məscidində ibadət edə biləcəyik, Uca Allaha şükürlər olsun.
Bu da bizim evimiz...
Məscidimizdən çox da uzaqda olmayan evimizə doğru yol alırıq. Şair Allahverdinin, Məhi əminin, onun qardaşı Telman müəllimin, uşaqlıqdan adlarnı eşitdiyimiz, amma başqa yerdə yaşadıqlarından üzlərini görmədiyimiz Şəfi əmigilin evi, sonra atamın bacısı, Qumru mamagilin evi... Onun yanındak da “bizim evimiz” demək istəyəndə, o boyda imarətdən yerində bir uçuq-sökük hasar, o 12 ədəd sal daşdan olan darmadağın pilləkənlərimizi görəndə mat-məəttəl qaldıq... Qazanımız, çaydanımız, vedrəmiz saralmış otların arasından üzümüzə boylandılar, sanki onlar da gəlişimizə sevinirlər... Nənəm demiş, o topdağıtmaz evimizin içində ağac bitib, kol-kos basıb uşaqlığımızın gözəl, qayğılı-qayğısız günlərinin keçdiyi doğma ocağımızı... Həyətimiz bom-boşdu elə bil... O bağlı-bağçalı, nanəli, bənövşəli, qızılgüllü həyətimizdən bir ovuc torpaq qalıb indi...
Nəinki o şabalıdı böyük darvazamız, heç onun yeri, izi-tozu da bilinmir indi. Bizimlə üzbəüz qonşumuz, səsi-avazı şirin xanəndə Şahmalı Kürdoğlunun o günbəzlərlə bəzədilmiş ağ daşdan olan hasarından bircə işarə qalıb. Günbəzlərin dibindəki daşlar... Sola dönəndə rəhmətlik Badam xalanın izi-tozu bilinməyən evi, sağa baxanda hündürdə təpənin üstündə tikilmiş, sinif yoldaşım Gülüşün atası Məhiş əminin saray kimi evindən yerində bir az daş-kəsək qalıb. Qardaşımın oğlu Hünər elə hey sual verir bacıma. Bacım da daşlara sığal çəkərək evimizin dilə-ağıza sığmayan tərifini eləyir dayanmadan. Qardaşım əlində çəlik bir kənarda dayanıb, mən də sanki qonşularımızla görüşürəm. Deyirəm: -“Xoş gördük, Gözəl xala, necəsən Badam xala?”
Ürəyimdən həsrətində olduğumuz kəndimizə yazdığım şeiri elə buradaca söyləmək keçir, amma həyəcandan ancaq bunu deyə bilirəm:
Mənim Qiyaslı kəndim,
De, evimiz necədi?
Kim çıxır ağaclara,
Həyətimiz necədi?...
Qardaşım bizi səsləyir, bacım isə elə bil, uşaqlığına qayıdıb, hələ xəyalındakı yaraşıqlı evimizin başına dolanmaqdan doymur...
Qoşa minarəli Cümə Məscidim...
Nəhayət, Ağdam Cümə Məscidinə üz tuturuq. Elə məscidə yaxınlaşan kimi qardaşımı tanıyanlar onu, bizi çox mehriban qarşılayırlar. Namaz vaxtı xalçanın üzərinə biri də salınır, müharibədə can qoymuş, indi güclə addım atan qardaşım üçün... Bacım dua edə-edə ora-bura boylanır. Mən bir küncdə oturub bu günümüzə görə Yaradana şükürlər edirəm...
Sonra məsciddən ayrılıb onun həyətindəki qırmızı, sarı qızılgüllərə baxıram və onların da şəklini çəkib özümlə Bakıya gətirirəm...
Sənə qovuşmağı çox arzuladım,
Duam qəbul oldu, gözlərim aydın.
Qoşa minarəli Cümə məscidim,
Qisasın alındı, gözlərin aydın!
Mina RƏŞİD