01.12.2024, 22:11
AZ EN
26.11.2024, 16:00

Bu gün Kəlağayımıza Xarıbülbül daha çox yaraşır...

Mina RƏŞİD

Bu nə gözəl örpəkdi,

Kəlağayıdır adı.

Elə bil ki, üstümə

Göydən naxışlar yağdı.

 

Albuxarı, Yelanı,

İstiotu, Heyratı.

Nənəmin çarqatıdır

Bayatıdır, bayatı.

 

Onunla xalça üstə

Sanki göylərə uçdum.

Bu rənglər dünyasında

Göyqurşağını qucdum.

 

O Basqaldan başlanan

Nağılımdı, nəğməmdi.

Şəki, Şirvandan keçib

Qarabağıma gəldi.

 

O cıdır atlarının

Boynunda qırmızıdır.

Xonçaların bəzəyi,

Min istək, min arzumdur.

 

Heyran etdi dünyanı,

Hamı ondan danışır.

Ona buta yaraşır,

Xarıbülbül yaraşır.

 

Bəli, bu gün - 26 noyabr – Azərbaycanda Kəlağayı günüdür. Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş incə, zərif, dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə qədim tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yaşadır.

Bu gözəl gündə rejissor Nəsimi Alıyevin “Kəlağayı” adlı sənədli filmini seyr etdikcə sanki mən də başıma bu gözəl örpəyi bağlayıb bulaq başına getdim, Novruz şənliyinə qatıldım, sirli-sehirli nağıllarımıza gəlib çıxdım. “Sarı gəlin”lə rəqs elədim, “Süsən sünbül”ü oxudum, “Heyratı”nın sehrinə düşdüm, “Süleymani”yə oynadım... Sanki yuxudan oyandım, bax elə indi hiss elədim ki, bu gün azad Qarabağa, Şərqi Zəngəzur torpaqlarına üz tutanda çox vaxt qadınlarımız başlarına nədən kəlağayı örtür və ya onu çiyinlərinə salırlar... Sən demə, Kəlağayı həm də bizim özümüzə qayıdışımız, öz milli köklərimizə ehtiramımızın simvollarından biri imiş. Bu gün kəlağayımıza daha çox Xarıbülbül naxışı yaraşır, deyilmi? Axı Xarıbülbül də Zəfər simvolmuzdu. O kəlağayımızın üzərinə həkk edilərək bizi sanki göylərə uçurur və ayrı bir qürur yaşadır...

Əlbəttə, mənəvi nişanımız olan Kəlağayıdan yol alıb gəlib çox mətləblərin üzərinə çıxmaq olar. Amma bu araşdırmaçıların, alimlərin işidir, deyək...

Kələğayı günümüz mübarək olsun, qoy həmişə Şuşada, Cıdır düzündə, Laçın bulaqlarının seyrangahlarında xanımlarımız başlarındakı bu gözəl örpəklə sevinclə, qürurla gəzib-dolaşsın. Qoy al qırmızı Kəlağayımız həmişə Qarabağ atlarının Zəfər nişanı olsun. Kəlağayı, qız-gəlinlərimizin toyunu, nişanını bəzəsin, xonçalarımızın üzərində parlasın. Ən xoş anlarımızda bir-birimizə kəlağayı bağışlayaq.

Hə, bu yerdə yadıma düşdü ki, ötən ay redaksiyamıza Xocalı sakini, başı min bir müsibət çəkmiş, həmin faciənin şahidi olan Zümrüd xanım qonaq gəlmişdi. Ona nə hədiyyə edəcəyimi düşünəndə ağlıma ilk gələn də məhz Kəlağayı olmuşdu. Ürəyimdən keçmişdi ki, qoy Zümrüd xanım o yaşıl butalı kəlağayı başında doğma Xocalıda sevinclə, qürurla gəzib-dolaşsın...

Başın həmişə, hər yerdə uca olsun, Azərbaycan övladı!

Mina RƏŞİD