21.11.2024, 10:21
AZ EN
20.11.2024, 10:00

Ağ günlərinə qayıdır Ağdam

Sabit ƏZİMOV

  • Doğma torpaqlarımızın 2020-ci ildə qazanılmış Zəfərin nəticələrinə görə azadlığına qovuşması Azərbaycanın tarixində ən şanlı səhifədir, - desək yanılmarıq. Böyük qürur hissi ilə artıq 4 ildir ki, ancaq qələbədən danışırıq, torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə davam etdirilir, bir çox şəhər, qəsəbə və kəndlərdə məskunlaşma reallığa çevrilir, yeni-yeni yaşayış massivləri, ağıllı kəndlər səliqə ilə tikilib keçmiş məcburi köçkünlərin istifadəsinə verilir.

Azərbaycanın ən gözəl guşələrindən biri olan doğma Ağdam 23 iyul 1993 cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldı, 2020-ci ilin noyabrın 20 -də Müzəffər Ordumuz işğala son qoydu, müqəddəs torpağımız düşmən tapdağından təmizləndi. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz, qazilərimizin qanı, canı bahasına yurd yerlərimizə yeni həyat gəlmişdir. 28 May

2021-ci ildə Prezident İlham Əliyev Ağdamda təməlqoymada iştirak edərək uğurlu yolun başlanğıcı kimi yeni, müasir üslubda qurulacaq Ağdamda bərpa-quruculuq işlərinə başlandığını imzası ilə təsdiqlədi, ilkin variantda görüləcək işlərin strateji xəttini müəyyən etdi.

Erməni terror birləşmələrinin, təcavüzkar Ermənistan dövlətinin silahlı qüvvələri tərəfindən Ağdam vandalizmə məruz qalmış, bütünlüklə maddi, mənəvi və tarixi irsimizə qarşı törədilmiş vəhşiliklər nəticəsində gözəl şəhərimiz tamamilə dağıdılmış, ətrafındakı kənd və qəsəbələr də qəddarcasına məhv edilmiş, talanmış, ərazilərimiz minalanmış, zərərli maddələrlə çirkləndirilmişdir. Belə bir vəziyyətin aradan qaldırılması üçün qüdrətli Azərbaycan dövləti yalnız öz hesabına ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılmasına, o cümlədən Ağdamın yeni üslubda qurulmasına milyardlarla manat məbləğində vəsait ayırmışdır. Hazırda azadlığına qovuşmuş bütün ərazilərdə, o cümlədən doğulduğum Ağdam rayonunda genişmiqyaslı işlər görülür. Rayonun Xıdırlı, Kəngərli və Sarcalı kəndlərində yaşayış massivləri səliqəli, xüsusu zövq və texnoloji üstünlüklərlə tikilərək keçmiş məcburi köçkünlərin istifadəsinə verilmək ərəfəsindədir.

Ağdam şəhərində Cümə məscidi tam bərpa edilib, 1 saylı şəhər tam orta məktəbdə son tamamlama işləri aparılır. Hündürmərtəbəli binaların tikintisi, "İmarət" sarayının bərpası, Ağdam mehmanxanasının istifadəyə tam hazır olması onu deməyə əsas verir ki, yaxın bir müddətdə Ağdam öz tarixi şöhrətinə nail olacaqdır. Miqyasına və potensialına görə respublikamızda ikinci pillədə qərarlaşan Ağdam Sənaye Parkında bir neçə istehsalatın ən yeni texnologiyalar əsasında qurularaq istifadəyə verilməsi günümüzün reallığı, qazanılmış Zəfərin təntənəsidir.

Qarabağdan, onun giriş qapısı doğma Ağdamdan kənarda fiziki ömrümüzü məcburi köçkün kimi yaşamalı olsaq da, mənəvi bağlılığımızı ,vətən sevgimizi, yurd yerlərimizə qayıdış ümidimizi heç zaman, heç bir qüvvə dayandıra bilmədi.

Ağdamlı günlərimizi xatırlayarkən güclü iqtisadiyyata malik rayonumuzun necə böyük qüdrətə malik region olduğunu unutmur, zəngin, vətənpərvər insanları, münbit torpaqları, elm, mədəniyyət və dövlət xadimləri ilə tanınan yurd yerimizlə fəxr edir, qürur duyuram.

Məlum həqiqət budur ki, Ağdam aqrar rayon olaraq respublikamızda həmişə öncüllüyü, zəhmətkeş insanları ilə seçilmiş, ictimai-siyasi, sosial-iqtisadi inkişafına görə üstün mərtəbələrdə təmsil olunmuşdur. Danılmaz faktdır ki, işğaldan əvvəl mövcud olan Ağdam düşmənin təcavüzünə məruz qalmasaydı, müstəqil Azərbaycan dövlətinin məxsus olduğu imkanlara söykənərək dünyanın ən inkişaf etmiş regionuna, rəqabətə davamlı bölgəsinə çevriləcəyinə heç bir şübhə ola bilməzdi.

Bu gün Azərbaycan dövləti dünyada mövcud olan bəşəri dəyərlərə sadiqliyin təsdiq ünvanıdır, COP-29-un uğurla keçirilməsi dövlətimizin güc və nüfuzunun artmasının sübutudur.

Böyük inam hissi ilə qeyd etmək istəyirəm ki, yaxın keçmişimizdə mövcud olmuş ənənələrimizə söykənərək müasir üslubda qurulacaq Ağdamın çal-çağırlı günlərinə lap az qalıb, cəsarətli vətən övladlarımız ləyaqətli qayıdış proqramına uyğun olaraq doğma ocaqlarına qovuşacaq, tarixi torpaqlarımızda fədakarlıq nümunələri yaradacaqlar.

Torpaqlarımızın azadlığı uğrunda, vətən həsrətilə şəhid olmuş, dünyadan köç etmiş əzizlərimizə rəhmət diləyirəm, indi onların da ruhları şaddır.

Qəlbimizin ən yüksək zirvəsində yer tutmuş Ağdam, azadlığın mübarək! Qoy həmişə Azərbaycanın üç rəngi bayrağı torpaqlarımızda qürurla dalğalansın!

Ağdam bizi gözləyir-torpağımıza qovuşmağımıza ! Azadlığın mübarək Ağdam,  ağdamlılar, Azərbaycan xalqı!

Qarabağ Azərbaycandır !

https://youtu.be/M3YJPy5h8cI?si=np_WVqG6UvLy40t_