22.01.2025, 09:21
AZ EN
08.11.2024, 09:00

Şərəfli tarix – Zəfər günü

Sabit ƏZİMOV

1988-ci ildən etibarən Ermənistan silahlı qüvvələri, Azərbaycanın Qarabağ bölgəsində yaşayan bir qrup erməni separatçılar xarici havadarlarının, erməni lobbisinin dəstəyi ilə dövlətimizin ərazi bütövlüyünə qarşı yönəlmiş terror hərəkətləri, işğalçılıq siyasəti həyata keçirərək ərazilərimizin 20%-ni işğal etdilər, xalqımıza qarşı soyqırım törətdilər.

Müxtəlif illərdə beynəlxalq təşkilatlar, vasitəçilər, BMT kimi ali orqanın nümayəndələri danışıqlar, görüşlər təşkil etdilər, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi qəbul edildi. Lakin 30 ilə yaxın bir müddətdə heç bir nəticə əldə edilmədi, səmərəsiz danışıqlar prosesi süni şəkildə uzadıldı, ikili standartlar əsasında Azərbaycanın işğal olunmuş əraziləri düşmən tapdağı altında qaldı, 1 milyona yaxın Azərbaycan vətəndaşı doğma torpağımızdan məcburi köçkünə çevrildi. Yurd yerlərimizi tərk etmək məcburiyyətində qalan insanlarımız uzun illər ağrı-acılı günlər, illər yaşadılar, bir çox insanlarımız vətən həsrəti ilə əbədi olmayan dünyamızdan köç etdilər. Hər cür məhdudiyyət və əzablara, çətinliklərə dözən köçkün ailələri yaxın bir zamanda doğma ocaqlarına qayıtmaq istəsələr də, bu proses getdikcə uzanırdı. Torpaqlarımızın itirilməsi ölkənin bütün həyatında da dərin böhranlar yaratmışdı, eyni zamanda dövlətin idarə edilməsində siyasi xaos hökm sürürdü, bu da əlavə problemlərə yol açırdı. Bütün bu vəziyyətdən isə düşmən qüvvələri istifadə edərək işğal ərazisini daha da genişləndirmək istəyirdilər...

Belə çətin bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev hamının qəlbində gələcəyə inam baxımından bir məşəl yandırdı, ən çətin anlarda bütün ağırlığı öz çiynində daşımağa razılıq verərək xalqı və dövləti məhv olmaqdan xilas etdi. Xarici havadarlarına arxalanan Ermənistan dövləti isə təmas xətti adlandırılan bütün cəbhə boyu dinc sakinləri, əraziləri atəş altında saxlamağa, daha geniş əraziləri işğal etməyə çalışır, qorxu, vahimə yaradan hərəkətlərdən əl çəkmirdilər.

Əlbəttə, dövlətçiliyimizə, ərazi bütövlüyümüzə qarşı yönəldilmiş bütün təhdidlərə baxmayaraq, xalq öz siyasi liderinə güvənərək torpaqlarımızın azad ediləcəyinə çox böyük ümid bəsləyirdi. Dövlətimizin bütün sahələrdə qazandığı uğurlar, Azərbaycan gəncliyinin vətənə sadiqlik ruhu günü-gündən daha da artırdı. Ulu öndərin siyasi varisi İlham Əliyevin müəyyənləşdirilmiş strateji xətti uğurla davam etdirməsi insanların sabaha olan ümidini daha da möhkəmləndirdi. Elə bunun nəticəsi olaraq, son ikiyüzillik tarixi dövrdə işğala məruz qalmış Azərbaycan torpaqlarının bir qismi azad edildi.

Xüsusi qeyd etmək istəyirəm ki, Ulu Öndər bütün çıxışlarında, ən mötəbər beynəlxalq təşkilatların kürsülərində torpaqlarımızın azad ediləcəyini qətiyyətlə deyirdi və bunun baş verəcəyinə tam inanırdı. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində özünün birinci vəzifəsi olaraq torpaqlarımızı işğaldan azad edilməsini də xüsusi qeyd etmiş və and içmişdir.

Xalqımıza qarşı yönəldilmiş bütün təcavüz, dəhşətli hadisələr, anti-Azərbaycan təbliğatı döyüş ruhumuzu, birliyimizi və iradəmizi qıra bilmədi, daha da əzmkarlıq və mərdliklə Ali Baş Komandanı və ordumuzu dəstəkləmək davam etdirildi.

Azərbaycanın 2020-ci il 27 sentyabrda Ermənistanın işğalçılıq siyasətinə qarşı “Dəmir Yumruq” adı altında əks-hücum əməliyyatı ilə cavab tədbiri həyata keçirməsi Qarabağ münaqişəsinin hərbi-siyasi yolla nizamlanmasına səbəb oldu, 44 günlük müharibə nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısında tab gətirməyən, ağır məğlubiyyətə uğrayan Ermənistanın işğalçı ordusu üzərində qələbə — Zəfər qazanıldı. Ermənistanın təxribatına və növbəti təcavüzünə cavab olaraq xalqımızın möhkəm birliyi nəticəsində Ali Baş Komandan, onun müzəffər ordusu döyüş meydanında işğalçı dövləti sülhə məcbur etdi, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad edilməsi üçün qəbul etdiyi, lakin yerinə yetirilməmiş qətnamələrinin icrasını təmin etdi. Torpaqlarımızın işğalda saxlanıldığı dövrdə maddi və mənəvi irsimizə qarşı törədilmiş bütün dağıntı və vandalizm halları ermənilərin iç üzünü, əsl simalarını bütün dünyaya tanıtdı, baxmayaraq ki, yalançı erməni uydurmalarına hələ də dünya birliklərindən dəstək hiss olunur, yəqin edirəm ki, belə hallara da son qoyulacaqdır.

Müasir hərb modeli ilə müharibə aparmaq bacarığı Azərbaycan ordusunun adını dünya hərb tarixinə yazdırdı, bu təcrübə və üsul hərbi birliklər tərəfindən öyrənilməkdədir.

44 günlük müharibə nəticəsində düşmənə qarşı mübarizə aparan əsgər və zabitlərimizin rəşadəti, 19 sentyabr 2023-cü ildə aparılan antiterror əməliyyatı zamanı şəhidlərimizin qanı ilə azad olunan torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması, azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması, yurd yerlərimizə ləyaqətli qayıdışın təmin edilməsi, böyük qayıdış proqramının həyata keçirilməsi bu günümüzün ən qürurlu reallığıdır. İndi alnımız açıq, üzümüz ağ, torpağımız azaddır. Xalq kimliyini, öz varlığını təsdiq etdi.

8 noyabr tarixində Şuşa şəhəri azad edildi, bu tarix Zəfər günü olaraq dövlətimizin ən şərəfli salnaməsinə qızıl hərflərlə yazıldı, xalqımızın şərəf məsələsinə vurulan ləkə aradan qaldırıldı, qürurumuz təmin edildi.

Çox böyük əminliklə qeyd edirik ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin təminatçısı Ulu Öndərin ata vəsiyyətini yerinə yetirən, onun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev, onun müzəffər ordusu və vətənpərvər ruhda tərbiyə olunmuş Azərbaycan gəncliyidir!

2020-ci ildən etibarən 8 noyabrı Zəfər günü olaraq qürurla qeyd edirik. Haqq savaşımız nəticəsində qətiyyət, siyasi iradə, qəhrəmanlıq salnaməsini özündə əks etdirərək qazanılan Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Zəfərin qazanılması üçün uzun müddət mübarizə aparan ulu öndərimiz H.Əliyev dövlətçilik tariximizdə fenomen tarixi şəxsiyyət, Prezident İlham Əliyev isə torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandan olaraq əbədi yaşayacaqlar!

30 illik münaqişəni 44 günə başa çatdıran Azərbaycan Ordusu bütün dünyaya gücünü, xalqın qüdrətini sübut etdi, qürur mənbəyimizə çevrilən Zəfər günü şanlı tariximiz olaraq əbədiyyət qazanacaqdır. Azad olunmuş Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması, Şuşada çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi, Zəfər Günü münasibətilə hərbi paradların təşkil olunması bir gerçəklikdir, qalib ölkəmizin şücaətini təsdiq edir, nümayiş etdirir!

Bu günlər şəhidlərimizin ruhu şaddır, çünki onlar vətənimizi azad görmək üçün canlarını fəda etdilər, onların cəsarəti, peşəkarlığı, qəhrəmanlığı Zəfər Gününü bizlərə qismət etdi. Şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirəm.

Zəfər Günümüz mübarək!

Qarabağ Azərbaycandır!