26.12.2024, 20:59
AZ EN
12.10.2024, 16:00

Qüdrətli Azərbaycan dövlətinə Qələbə yaraşır!

Sabit ƏZİMOV

  • Azərbaycan xalqının Vətən müharibəsində - torpaqlarımızın azad edilməsində qazandığı rəşadətli qələbədən 4 ilə yaxın vaxt ötür. Zəfərlə nəticələnən 44 günlük müharibə xalqımızın şanlı tarixinə çevrildi, xalq, dövlət və ordu birliyi Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Ədalətin bərpası istiqamətində silahlı qüvvələrimiz nəinki işğala məruz qalmış torpaqları azad etdi, eyni zamanda, beynəlxalq qurumların dövlətimizin ərazi bütövlüyünü dəstəkləyən, lakin yerinə yetirilməyən qətnamələrinin də icrasına nail oldu.

Çox əsrlik dövrdə xalqımızın başına gətirilmiş müsibətlərə nəzər saldıqda aydın görürük ki, yaxın keçmişimizdə baş vermiş ədalətsizliyin kökləri tarixin dərinliyinə gedib çıxır, məqsədli şəkildə anti-Azərbaycan mövqeyindən çıxış edənlər, gizli fəaliyyət proqramları hazırlayıb həyata keçirənlər, zaman ötsə də, niyyətlərindən əl çəkməyərək bəşəri dəyərlərə zidd hərəkətlər törətmişlər.

XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarına köçürülərək məskunlaşdırılan ermənilər özlərinə yuva qurmuş, havadarlarının dəstək və məsləhətləri əsasında xalqımıza qarşı məkrli planlar hazırlayaraq bir çox hallarda istəklərinə də nail olmuşlar.

Əsas ideoloji amillər ondan ibarət olmuşdur ki, Azərbaycan-erməni xalqları arasında dostluq-qonşuluq münasibətləri pozulsun, qarşıdurma yaransın və bu şərait kənar qüvvələrin maraqları naminə idarə olunsun. Elə bu günümüzdə Avropadan da qazandığımız qələbədən sonra dövlətimizə qarşı yönəldilmiş hücumların kökündə bu meyarlar əsas yer tutur.

XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı qətliamlar törədən ermənilər, eyni zamanda ərazi iddialarından da əl çəkməmiş, Ermənistan Respublikasının təşkil edilməsi məqsədilə Azərbaycana məxsus ərazilərin böyük bir hissəsini də zəbt etmişlər, nəticə etibarilə bu günümüzə kimi Azərbaycanın Naxçıvan bölgəsi blokada vəziyyətinə düşmüşdür.

SSRİ dövründə beynəlmiləl ailə prinsiplərinə uyğun davranış kodeksləri olsa da, xalqımıza qarşı mərkəzin qısqanc, ögeylik münasibətləri hər zaman ermənilərin xeyrinə olmuşdur, belə bir imkandan isə onlar bütün istiqamətlərdə istifadə etmişlər. Ən yeni tariximizdə baş verənlərin qeyd etdiyim şəraitdən qaynaqlandığını hər birimiz yaxşı bilirik.

Ötən əsrdə əzəli torpaqlarımız olan Qərbi Azərbaycanda xalqımıza qarşı məqsədli törədilmiş vəhşiliklər içərisində deportasiyalara davamı olaraq İttifaq hökümətinin rəvac verməsi ona gətirib çıxardı ki, 1987-ci ildə Qarabağ bölgəsinin ərazi olaraq Ermənistana birləşdirilməsi ideyası açıq müstəviyə gətirildi. Məlum həqiqətdir ki, bu məsələ SSRİ rəhbərliyi tərəfindən əvvəlcədən razılaşdırılmış plan olsa da, sonradan onun yaradacağı fəsadlar haqqında da düşünməyə başladılar, xüsusilə, Rusiya daxilində mövcud muxtariyyət və diyar statuslu etnik xalqların da öz niyyətlərini həyata keçirmək istəklərinin nə ilə başa çatacağını anlamağa başladılar. ..

Xankəndidə ekstremist qüvvələrin çağırışları, separatçılara xarici ölkələrdən dəstək, azərbaycanlılara qarşı əks insani münasibətlər ona gətirib çıxardı ki, 1923-cü ildə dövlətimizin daxilində yaradılan vilayət statusu daşıyan qurum dövlətçiliyimizə zərbə vurmağa başladı, bölgədə yaşayan, bu torpaqların əsl sahiblərinə qarşı soyqırım törətməkdən də çəkinmədilər, Azərbaycan dövlətinin konstitusiya tələblərinə məhəl qoymayaraq müstəqil dövlət yaratmaq xülyasını gerçəkləşdirmək istəyənlər var gücləri ilə beynəlxalq müstəvidə lobbilərin dəstəyilə informasiya təbliğatını gücləndirərək xalqımıza qarşı qara piar kampaniyası da təşkil etdilər.

Xalqın taleyüklü məsələlərin həllində vahid komanda şəklində birləşməyin nə qədər vacib olduğunu bilsək də, 1988-93-cü ilə kimi ali hakimiyyət orqanlarında çalışan rəhbər işçilərin səriştəsizliyi, mövcud şəraitdə uzaqgörən siyasətə malik olmamaları, mühüm dövlət proqramlarını həyata keçirmək qabiliyyətsizliyi ona gətirib çıxardı ki, xarici havadarlarına arxalanan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası  ərazisinin 20 faizi işğal edildi, 1 milyona yaxın azərbaycanlı məcburi köçkünə çevrildi. 1992-ci ilin fevral ayında Xocalı soyqırımı törədən ermənilər dünyada mövcud olan bəşəri dəyərlərə hörmətsizlik göstərdilər, işğal etdikləri bütün ərazilərdə mədəni-tarixi irsimizə ağır zərbə vurdular, insanlara və dövlətə məxsus bütün əmlakları taladılar, xalqın mənəvi dəyərlərinə qarşı qeyr-etik münasibətdən belə çəkinmədilər, milyardlarla ABŞ dolları dəyərində olan infrastruktur, istehsal müəssisələri tamamilə dağıdıldı, torpaqlarımız zərərli maddələrlə çirkləndirilldi. Xalqımızın hüquqlarının pozulmasına görə beynəlxalq qurumlar tərəfindən ermənilərə qarşı heç bir təsiredici tədbir görülmədi .

Ölkədə yaranmış çətinlikləri aradan qaldırmaq əvəzinə hakimiyyət uğrunda anti-milli qüvvələrin mübarizəsi vəziyyəti getdikcə daha da çətinləşdirdi, ermənilər isə daha geniş əraziləri əhatə edən işğal planları hazırlayırdılar. Azərbaycanın konstitusiya tələblərinin ermənilər tərəfindən pozulması ylə yanaşı, ölkədə vətəndaş qarşıdurmasına ideoloji və siyasi şəraitin yaradılmasında maraqlı olan qüvvələr vəziyyəti daha gərginləşdirmək üçün bütün vasitələri işə salmışdılar.

Belə bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə dövlətçiliyin qorunması istiqamətində möhkəm təməlin yaradılmasına nail oldu, beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ münaqişəsinin nizamlanmasına cəlb etdi, ölkənin dərin böhrandan çıxarmaq istiqamətində mümkün olan bütün addımları atdı. Beynəlxalq konsorsium təşkil edən nəhəng əməliyyat şirkətlərinin Azərbaycanda fəaliyyətini təmin etmək üçün Heydər Əliyev Əsrin Müqaviləsi adlı nəhəng sazişin imzalanmasına nail oldu. Atəşkəslə bağlı razılaşmanı əldə etmək bacarığı böyük qələbələrə aparan ən uğurlu, gələcəyimizə hesablanmış doğru yolun başlanğıcı idi. Dövlətçiliyimizə qarşı yönəlmiş təxribatların haradan gəldiyini yaxşı bilən Ulu Öndərin ən böyük xidmətlərindən biri də ondan ibarət oldu ki, O, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini təmin etdi, bu yolda özünü və ailə üzvlərini də qurban verməkdən çəkinmədiyini açıq bəyan etdi. Dünya birliyində isə Azərbaycan həqiqətlərinin qəbul edilməsi istiqamətində atılan addımlara qarşı məntiqsiz təzyiqlər, Qarabağ münaqişəsinin nizamlanması üçün vasitəçilər, ATƏT-in Minsk qrupunun üzvlərinin biganə, yersiz yanaşmaları da regionda olan vəziyyətin nizamlanmasına maneçilik törədilməsinə gətirib çıxarırdı, xalqımızı təslimçiliyə yönəltmək istəyənlər fikirlərini açıq bildirməkdən çəkinmirdilər. Təbii ki, bütün bu proseslər Ermənistan silahlı qüvvələrinin işğalçılıq hərəkətinə dəstəyin təsdiqi idi.

Siyasi və iqtisadi sahədəUlu Öndər Heydər Əliyevin nəyə qadir olduğunu isə zaman özü təsdiq etdi, memarı və qurucusu olduğu Müstəqil Azərbaycanı elə bir səviyyəyə çatdırdı ki, güclənən Azərbaycan dövlətilə dünyanın maraq dairələri hesablaşmalı olduqlarını hiss edirdilər. Azərbaycanda ordu quruculuğu, siyasi hakimiyyətin möhkəmləndirilməsi xalqın sabaha olan inamını artırdı, xalq-dövlət birliyinin möhkəmlənməsi cəbhə bölgəsində yeni reallıqlarla müşahidə olunmağa başladı.

Ulu Öndərin sağlığında Horadiz əməliyyatının uğurla həyata keçirilməsi, 2016-cı ildə Aprel döyüşləri böyük Zəfərə aparan yolda yeni bir ab-havanın yaranmasına səbəb oldu.

“Bizim həyata keçirilməsi mümkün olmayanları varislərimiz həyata keçirəcək”, - deyən Heydər Əliyev inanır və görürdü ki, işğala məruz qalmış ərazilərimiz mütləq azadlığına qovuşacaqdır. Belə də oldu, uzunmüddətli tam hazırlığa güvənən, zaman və şəraiti düzgün istiqamətləndirən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan kimi Müzəffər Ordumuzun gücü ilə Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi qələbə qazanaraq Qarabağımızı azad etdi, 8 noyabrda qəhrəmanlıq zirvəsi olaraq Şuşamız da azadlığına qovuşdu. Ata vəsiyyəti sədaqətlə yerinə yetirildi. Xalq-Dövlət-Ordu birliyi xalqımızın şərəf və ləyaqətini qorudu, təsdiq etdi. Yüzillik tarixi dövrdə ilk dəfə olaraq Azərbaycan öz ərazisini işğaldan azad edərək 2020-ci ildə tarixi, şanlı Zəfəri qazandı, 2023-cü ilin sentyabrında isə Qarabağ ərazisində yerləşmiş terrorçu erməni birləşmələri ərazidən tamamilə çıxarıldılar.

Prezident İlham Əliyev bütün çıxışlarında, son dəfə isı doğma ocaqlarında həyatlarını davam etdirəcək Cəbrayıl sakinlərinə mənzillərin açarlarını təqdim edərkən bir daha bildirdi ki, xalqımız uzun illər ədalətsizliyə məruz qalır, lakin haqlı tələbimizi yerinə yetirməyə cavabdeh qurumlar susurdular. Buna baxmayaraq haqlı mübarizəmizdə Azərbaycan xalqı-Ordumuz ədalətsizliyin aradan qaldırılmasını təmin etdi, BMT-nin qətnamələrini yerinə yetirdi.

44 günlük Qarabağ müharibəsində xalqımız uşaqdan böyüyə kimi vahid cəbhədən mövqeyini bildirməklə Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuz rəşadətli qələbə qazandı, dünya hərb tarixində müasir üslubda müharibə aparmaq qabiliyyət-təcrübəsini ortaya qoydu. Qələbəyə gedən yolda xalqımıza qarşı informasiya təbliğatı aparan media nümayəndələrinin suallarını cavablandıran Prezident İlham Əliyev çəkinmədən, izahlı şəkildə ermənilər və onların tərəfdarlarının yalan uydurmalarını, düşmən təbliğatını ifşa etdi.

Qələbəyə doğru uğurlu addımların atıldığı günlərdə hər gün azadlığına qovuşan kənd,qəsəbə və şəhərlərimiz haqqında məlumat aldıqca sevinc hisslərindən gözlərimiz yaşarırdı, vətən sevgisilə, qürurla düşməni susduran əsgər və zabitlərimizlə fəxr edirdik və edirik !

Qələbənin qazanılmasında qanı-canı hesabına əsgər-zabitlərimiz şəhidlik zirvəsinə ucaldılar, qazi oldular, adlarını Azərbaycan tarixinin ən şanlı səhifəsinə şərəflə yazdılar. Ata-analar övladlarını, bacılar qardaşlarını, uşaqlar atalarını, gənc xanımlar həyat yoldaşlarını, qızlar nişanlıllarını itirdilər, neçə-neçə gəncin arzuları yarımçıq qaldı, lakin vətən azad oldu, övladlarını itirmiş valideynlər isə Vətən Sağ Olsun dedilər.

Nə qədər zaman ötsə də, Azərbaycan tarixində ölməzlik qazanmış şəhidlərimizin xatirəsi hər zaman ehtiramla yad ediləcək, hər bir şəhid, qazi qürur ünvanımıza çevriləcəkdir.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı rəşadətli qələbədən sonra azad olunmuş torpaqlarımıza yeni həyat gəlmişdir, bərpa-quruculuq işləri sürətlə davam etdirilir, bir neçə kənd,qəsəbə, şəhərlərə qayıdış proqramına uyğun məskunlaşma artıq reallığa çevrilmiş, tədris müəssisələri fəaliyyətlərini bərpa etmişlər. Artıq məcburi köçkünlər öz doğma ocaqlarına alnı açıq, sevinc və həvəslə dönürlər. Doğma Ağdamda da yeni yaşayış massivləri, iş yerləri sürətlə tikilir, yaradılır, yaxın vaxtlarda köçürülmə prosesinin də şahidi olacağıq.

Günü-gündən inkişaf edən qüdrətli Azərbaycan dövlətinə Qələbə yaraşır!

Zəfər tariximiz Azərbaycanın şanlı səhifəsinə qızıl hərflərlə yazılmışdır !

44 günlük müharibə bir daha təsdiq etdi ki,xalqın bütün sahələrdə qələbəsinə təminat yaradan amil vahid birliyimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuzdur!