11.03.2025, 15:21
AZ EN
09.10.2024, 16:00

Atamın qəbrini tapmışıq...

Mina RƏŞİD

Qəlbim oyula-oyula
Gen yollara baxdım... baxdım...
Məni sənə kim aparar?
Göz yaşımı daşa sıxdım...

Qəlbimdə əsən yellərdən
Ümidim sınar, üşüyər.
Bizi birgə kim əyərdi?
Üstümə dağlar yeriyər.

O gülən, nurlu gözlərdə
Bilirəm, yenə göyçəyəm.
Sən qərib, ellər didərgin,
Mən don vurmuş göyçiçəyəm.

 

Bu şeiri nə vaxt yazdığım yadımda deyil. Amma yadımda qalan odur ki, həmin gün sanki hər tərəf boz idi, həsrətli, sıxıntılı anlar idi. Onda hələ  gənc, deyilənə görə, gözəl bir qız idim. Amma indi təəssüf edirəm ki, o vaxt bunun fərqində deyildim... Nədən? Qəlbim çox yaralanmışdı, 1992-ci ildə Ağdamın Qiyaslı kəndində o ikimərtəbəli, eyvanını qıpqırmızı qızılgüllər qucaqlamış evimiz, o bənövşəsi xalı kimi yerə döşənmiş  bağçamız düşmənə qalmışdı. Hələ bu azmış kimi qoçaqlıqda kənddə adı misala dönən atam Rəşidin tikdirdiyi, o el diliylə desək, topdağıtmaz evində, o güllü bağçasında günahsız qanı tökülmüşdü...

Yaxşısı budu qoy həyat hekayətimizi başdan danışım.

1992-ci ilin aprel ayı... Artıq bir neçə il idi ki, erməni hərbi birləşmələrinin kəndimizə atdığı mərmi səsləri ilə sabahlarımızı açır, gecə də güllə səsiylə yuxuya gedirdik. Kəndimizdə o qədər yaralananlar var idi ki, hələ öldürülənləri demirəm... Bir çox ailələr bu aqibəti yaşamasınlar deyə yavaş-yavaş evlərini tərk etsələr də, biz özümüzə bənzəyən adamlarla hələ də kəndə keşik çəkirdik.   

1992-ci ilin yazı, aprelin 12-si idi. Düşmən mərmiləri dolu kimi kəndə yağırdı. Vəziyyət çox ciddi, qorxulu bir hal almışdı. Həmin anlarda anam həmişə bizi sığınacaq kimi evimizin alt mərtəbəsinə çağırardı. Bu dəfə gurultudan biz heç bir yerdə qərar tuta bilmirdik. Hamımız deyirdik ki, daha bəsdi, atam gələn kimi kəndi tərk etməliyik. Atam Ağdam Cümə məscidinə getmişdi... Elə mərmi yağışının altında bir də gördük qapını açıb içəri keçdi, əvvəlcə heç nə başa düşmədik, tezliklə onun qarın nahiyyəsindən yaralandığını gördük. Atamı o böyük evimizin geniş eyvanında yerə uzatdıq, yarasından axan qanı heç cür dayandıra bilmirdik. Məndən böyük bacılarım əllərindən gələni edirdilər, amma qan dayanmırdı ki, dayanmırdı. Bacım Samaya yaxınlıqda yaşayan uzaq qohumun oğluna ərə getmişdi. Qucağında körpəsi atamın başına fırlandı, dedi, nə dərdi-bəlası var, mənə gəlsin. Atam bizə çox əziz idi, həm el-obada abırlı, xətir-hörmətli, həm də ailəsinə canı yanan, min bir əziyyətlə 11 uşaq (bir bacım 9 yaşında vəfat edib) saxlayan bir kişi olmuşdu... Atamın yarasından axan qan indi də gözlərimin qarşısındadı... O gün ailədə hamımızın yaddaşına yazıldı.

Sonra atamı vertalyotla Gəncəyə apardılar.. Anam da atamla xəstəxanada qalırdı, biz isə 10 gündən çox idi ki, Sabirabadda qohum evinə sığınmışdıq. Bir gün qəribə yuxu gördüm, yadımda deyil, amma atamın şəhid olduğunu hiss eləmişdim... Elə o gün bir qohum gəlib bizi evimizə gətirdi, amma atamızın dünyasını dəyişdiyini demədi. Yolda ürəyim sıxıldı, maşını çayın üzərində saxladılar...

Evimizə yaxınlaşanda o şabalıdı rəngli, yanında dağdağan ağacı olan  böyük darvazamızı taybatay açıq gördüm... Evimizin böyük ölçülü, o 12 pilləkənini necə çıxdığımız yadımda deyil, amma atamın cənazəsinin qonşu qadınların əhatəsində olduğu həmişə yadımdadı. Onda mənim 19, bacımın 14 yaşı vardı, ikimiz də elə bil heykələ dönmüşdük, səsimiz içimizə çökmüş, için-için ağlayırdıq. Kəndin simsiz teleqraflarından olan bir qadın yadımdadı, bizə irad tutmuşdu ki, niyə üz-gözümüzü cırıb, qışqır-bağır salmırıq. O qadın haradan biləydi ki, bizim içimizdəki qışqırığın səsi ona heç vaxt çatmaz...

Atamı, el içində xətirli-hörmətli bir insan kimi, nənəm demiş, urvatlı bir şəkildə Qiyaslı qəbiristanlığında dəfn elədilər. Baş daşında mənim bir bənd şeirim də həkk olunmuşdu...

Atamdan sonra kənddən dəfələrlə mərmi yağışı altında qaçıb başqa yerlərə sığınmışdıq. Amma sonra yenə də qayıdıb evimizə gəlirdik. Bir dəfə qonşu kənddə yaşayan uzaq qohumun evində gecələdikdən sonra yenidən evimizə döndük. Anam qapını açan kimi əyilib torpağı öpdü. Onda mən bunun nə demək olduğunu yaxşı dərk edə bilməmişdim...

Amma sonra anam Bərdədəki dəmir vaqonda, “Ağdamın havasını buradan alıram”, deyə Bakıya gəlməyəndə bunu anlamağa başladım. Sonra yayda od tutub adamı yandıran, qışda soyuğu ilan kimi körpələri çalan bu dəmir evdə anam can verəndə, qəbri atamdan ayrı düşüb qəriblikdə dəfn ediləndə anladım. Daha sonra isə ayağıyalın, başıaçıq tikanların üstüylə qərib şəhərdə yetim, kimsəsiz addımlayıb ən böyük arzuma doğru yüyürəndə, bəzən ac-susuz tələbəlik həyatı yaşayanda və Müharibə əlili olmuş 18 yaşlı qardaşım Talib və doğru-düzgün orta təhsilini başa vura bilməyən sonbeşiyimiz, bacım Gülüzarla Bakıda yataqxanada başımıza çirkli su töküləndə bunu anladım...  

... Amma yaşadığımız ağrı-acını Ali Baş Komandanımız, Müzəffər Ordumuz, müqəddəs şəhidlərimiz və qəhrəman qazilərimiz bizə unutdurdular, torpaqlarımızı, kəndimizi özümüzə qaytardılar.

Bu il kəndimizin təməli qoyulanda biz də sanki yenidən dünyaya gəldik. Ata-anamın da ruhu şad oldu, bilirəm. Düzdü, atamın Qiyaslı qəbiristanlığında başdaşını, qəbrini də düşmən dağıtmışdı. Amma bu günlərdə müharibə veteranı, bədənində 30 illik qəlpələri daşıyan, buna görə də çəliklə güclə yeriyən, məndən iki yaş böyük qardaşım Nəsib atamın qəbrini tapıb və ona yeni “həyat” verib. Anamın hələ o işğal dövründə adını Hünər qoyduğu qardaşımın balası atamın məzar daşındakı şəklini bu günlərdə mənə göndərib. Elə bu yazını yazmağımın səbəbi də atamın yenidən bizə qaytarılan qəbri, onun məzar daşıdı...

Şair bacım Bəsti hələ ötən həftədən atamız haqqında yazmağı məndən istəsə də özümü toplayıb bircə cümlə yaza bilməmişdim. Amma ürəyim dolu imiş, hamımızdan, başımıza gələnlərdən, müharibənin necə dəhşətli bir şey olduğundan yazdım nəhayət ki...

İndi dünyanın o başında olsa da, harada bir uşağın atası, anası öldürülür, elə bilirəm ki, o uşaq mənəm, bacımla qardaşımdı... “Ulduz” jurnalının şöbə redaktoru, əziz dostum Hicran Hüseynova deyir ki, yazılarında sülhü tərənnüm etdiyin üçün mən sənə Nobel mükafatını verərdim. Düşünürəm ki, əgər bir gün müharibə sözü lüğətdən belə silinsə onda bu mənim ən böyük mükafatım olar. Təki heç bir uşaq gözüyaşlı qalmasın...

Müharibə sözünü

Görüm qar, çovğun alsın.

Qar yağsın, qoy silahlar

Qarın altında qalsın...