13.09.2024, 02:49
AZ EN
29.08.2024, 11:31

Zəngəzur havası

Elxan SALAHOV

  • Avqustun 18-19-da Rusiya prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri edərək həmkarı İlham Əliyevlə həm ikitərəfli, həm də regional məsələrlə bağlı çox mühüm mövzularda danışıqlar aparıb. Müzakirələr məhdud və geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə davam etdirilib.

Bundan iki gün sonra Rusiya Federasiyasının lideri Ermənistanının Baş naziri Nikol Paşinyana zəng edərək Bakıda İlham Əliyevlə apardığı danışıqlarla bağlı onu məlumatlandırıb, Azərbaycanla Ermənistan arasında  sərhədin delimitasiyası, kommunikasiyaların açılması, sülh danışıqlarının gedişatı və perspektivlərini müzakirə edib.

Avqustun 26-28-də Ermənistanın Baş naziri xarici ölkələrin diplomatlarını və xaricdə fəaliyyət göstərən səfirləri Azərbaycanla sərhəddə - Dilican şəhərində toplayaraq böyük bir toplantı düzənləyib. O, yerli və xarici diplomatlar ayrı-ayrılıqda saatlarla davam edən müzakirələr aparıb. Çox mühüm hissəsi mətbuatdan və ictimaiyyətdən gizli saxlanılan həmin görüşlərdə Paşinyanla yanaşı prezident Vaaqn Xaçaturyan, xarici işlər naziri Ararat Mirzoyan və baş nazirin müavini, sərhədlərin delimitasiyası üzrə komissiyanın rəhbəri Mher Qriqoryan da iştirak edib. Toplantıya 50-dən çox erməni diplomat çağırılıb və onlara səfir olduqları ölkələrlə sıx işləmək tapşırılıb.

Avqustun 28-də Vladimir Putin yenidən azərbaycanlı həmkarına zəng edib. Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu bir daha vurğulayıb. Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova avqustun 28-də keçirilən ənənəvi brifinqdə Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə mühüm açıqlama verib: "Azərbaycanın qərb bölgəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilir. Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar çərçivəsində ən yüksək səviyyədə aparılır. Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi açıq-aydın və hamıya məlumdur. “Biz müvafiq razılaşmaların tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlər əsasında əldə ediləcəyindən çıxış edirik ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşuların maraqlarına cavab versin”.

Zaxarova ötən ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı bölgəni könüllü olaraq tərk etmiş ermənilərin geri qayıtmasına dair suala da qısa və tutarlı cavab verib: “Ermənistan tərəfinin bununla bağlı hər hansı geniş proqramı varmı? Proqram mövcud olsaydı, mən onu şərh edərdim. Siz başqa dövlətin nümayəndəsindən bunu necə görə biləcəyini niyə soruşursunuz? Biz tərəfləri bu məsələnin həll edilməsinə sövq edirik, lakin başa düşdüyünüz qədər, əldə edilmiş razılaşmalar həyata keçirilmədən bunu etmək olduqca çətindir”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi "Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaların alternativi yoxdur" bəyanatını da səsləndirib. Zaxarova açıq şəkildə bəyan edib ki, həmin razılaşmalar sülh müqaviləsinin işlənib hazırlanması, sərhədin delimitasiyası, demarkasiyası, regionda nəqliyyat kommunikasiyalarının açılması və vətəndaş cəmiyyəti xətti üzrə əlaqələrin inkişafı da daxil olmaqla, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının bütün əsas istiqamətlərini əhatə edir...

Bu faktlar Ermənistanla Azərbaycan arasındakı münasibətlərə dair son 10 gündə verilən bəyanatların, Moskva-Bakı-İrəvan üçlüyünün diplomatik trafikinin ən mühüm və üzdə olan hissələridir. Paşinyan hökumətinin üçtərəfli razılaşmalara məhəl qoymaması, Putinin vasitəsçiliyi ilə Azərbaycan lideri qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və hər vəchlə sülh danışıqlarını yubatması öz "bəhrəsini" verir. İrəvanın 4 ildir davam etdiyi sürdürməçiliyi artıq dalana dirənib. Qırx dörd günlük müharibədə Ermənistanın xilası naminə Azərbaycan prezidentindən xahiş edən Rusiya lideri üzərinə götürdüyü məsuliyyətin son vədəsinin yetişdiyinin fərqindədir...

Son həftələr regionda siyasi atmosfer çox dəyişib, Xəzərin üzərindən ətrafa yayılan bürkü çəkilir, dərələrə çökmüş duman ayazıyıdıqca dağlardan əsən Zəngəzur mehi Bakıda da hiss olunur.  İndi Zəngəzur havası hər yana yayılır...

Gəlir, Zəngəzur havası heç vaxt olmadığı qədər yaxından vurur...