Ərikli kəndi qoynunda yandırılmış, dağıdılmış evləri ilə onu kədərləndirsə də, dağlar qonunda, yaşıllığa bürünmüş, xoş havası ilə bir yandan da onun yaralarına məlhəm olur...
O, bütün bunları kameranın yaddaşına köçürən “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğlu ilə birgə doğma evlərinə boylanır. Ancaq təkcə uçuq divarları qalmış evin içində yamyaşıl ot-ələf onların boyundan yuxarı qalxdığının şahidi olur. Nəhayət, həyəcanla evin içinə addım atır. İllərdən sonra doğma ocağından böyük bir qazan, beşik və s. kimi əşyalar gözə dəyir...
Laçın sakini deyir ki, düşmən uşaqlığımızı, gəncliyimizi əlimizdən aldı. Heyf ki, atam doğma kəndinə qayıda bilmədi. Amma həyat yenə davam edir və biz doğma kəndimizə dönmüşük.
İsabalıgilin evlərinin yaxınlığındakı arı təsərrüfatı ilə məşğul olan həmkəndlilərini görüncə düşünürsən ki, tezliklə Ərikli kəndində həyat yenidən başlayacaq. Burada yaraşıqlı evlərin işığı aləmə yayılacaq.
Avqustun 25-i doğma kəndini ziyarətə gələn qəhrəmanımızın doğum günüdür. Görəsən bir insana doğum günü ərəfəsində illərlə həsrətini çəkdiyi doğma ata ocağından da əziz, dəyərli bir hədiyyə olarmı?
Gözün aydın, qardaş!
Gözümüz aydın olsun!