26.12.2024, 20:10
AZ EN
08.08.2024, 13:00

Qarabağımız nura qərq olur

Tahirə AĞAMİRZƏ

  • 30 il... Gözlədik... Səbr edib ümidlə gözlədik. Çox ağır günlər yaşadıq, neçə-neçə ayazlı, şaxtalı qış adladı ömrümüzdən... Asan deyildi, o boyda var-dövlətimizi, ev-eşiyimizi, ən əsas da doğma dədə-baba torpağımızı itirmiş, didərgin düşmüşdük... Bircə dəfə evindən çölə çıxmayan yüzlərlə insan, tanımadığı, bilmədiyi çöllərə dağılmış, yad yerlərə səpələnmiş, yurdsuz-yuvasız qalmışdı... Amma bizləri ayaqda tutan bir ümid vardı: yenidən doğma ocaqlarımıza nə vaxtsa qayıdacağımıza ümid… İllər keçsə də bizi həyata bağlayan bu ümidimiz ölmədi, diri saxladı bizləri də. Düzdür, neçə-neçə insan həsrətə tab gətirmədi, Vətən deyə-deyə əbədiyyətə qovuşdu... Bu da İlahinin bir qisməti idi...

İnsanın ümidi çiçək açanda yenidən doğulmuş kimi olur...

30 illik həsrətə sinə gərən insanlarımızın ümidi çiçəkləmişdi. Vətənimizin Qəhrəman oğulları, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən torpağını düşməndən təmizlədi. Bu azadlıq minlərlə Şəhidimizin qanı bahasına başa gəldi... "Vətən sağ olsun!"- deyə igid oğullarımız ömürlərindən keçdi...

Daşı daş üstə qalmayan şəhər və kəndlərimizin üzərinə Günəş doğdu...

Qısa zamanda dövlətimiz tərəfindən 30 il zülmətə qərq olan Qarabağımız, Şərqi Zəngəzurumuz yenidən qurulur, Böyük Qayıdış Proqramı həyata keçirilir... Şəhər və kəndlərimizin 30 il nəmli gözlərinin işığı indi ətrafa nur saçır, dağlar, dərələr səs- səsə verib azadlıq şərqilərini oxuyurlar...

 Azadlığına qovuşan doğma Qarabağımız yenə dünyanın diqqət mərkəzindədir...

Dövlət başçımızın apardığı siyasətə, qısa zamanda rəhbərliyi sayəsində həyata keçirilən layihələrə, böyük dövlətlərin dəvət olunduğu yüksək səviyyəli tədbirlərin işğaldan azad edilən bölgələrimizdə keçirilməsinə heyranlığını gizlədə bilməyən bəzi xarici dövlətlər qısqanclığını da açıq-aydın göstərir, hər vəchlə sülh prosesinə mane olmağa çalışırlar...

Amma Azərbaycan ədalət prinsipinə sadiq qalaraq, işğaldan azad olunmuş Qarabağlmızda böyük quruculuq işlərini davam etdirir.

Xankəndidə Qarabağ Univerditetinin yaradılması da Azərbaycanın ən uğurlu layihələri sırasındadır.

Bu gün Qarabağ Universitetindəki təyinatlar bir daha təsdiq edir ki, tezliklə Xankəndi regionun aparıcı təhsil mərkəzlərindən birinə çevriləcək. Xankəndidə çalışacaq gənc mütəxəssislərin kifayət qədər potensiallı və innovativ olması da tarixi şəhərimizdə təhsilinin inkişafı üçün yeni imkanlar yaradır.

Bəli, həyat və sevinclə bərabər təhsil də Qarabağa qayıdır. Bu çox qısa zamanda Qarabağda təhsil ənənəsinin bərpa olunacağından və həmin regionumuzda insan kapitalının daha da inkişaf edəcəyindən xəbər verir.