08.09.2024, 07:13
AZ EN
15.07.2024, 16:58

Doyumsuz Başlıbel

Elxan SALAHOV

Bura Başlıbeldir!

Şəhidləri, Birinci Qarabağ müharibəsində 113 günlük mühasirə həyatı və silahlı düşmənlə üz-üzə gəlməkdən çəkinməyən mübariz ruhlu övladları ilə məşhurlaşan, adı BMT-nin tribunlarında səsləndirilən seyidlər ocağı! 

İşğaldan azad olunmuş Başlıbel üçüncü yayını yaşayır. Həyat qayıdır, müvəqqəti, mövsümi olsa da...

Yağı düşmənin viran qoyduğu kəndimizin xarabalıqları gözümüzü deşir. Gül-çiçəyə qərq olmuş çöllər, ilmə-ilmə toxunmuş ucsuz-bucaqsız xalçalara oxşayan yamaclar, buz bulaqların şırıtılı suyuna yaxa verən dərələr, ətəyi yaşıl çəmən, sinəsi qarlı, başı dumanlı dağlar da ermənilərin vəhşi cinayətini gizlədə bilmir.  Qarşıdakı təpədən kəndə tamaşa etdikcə qəhər adamı boğur, xarabalıqlar arasında doğulduğun evi, param-parça olmuş xatirələrini, yurd həsrəti ilə dünyasını dəyişmiş doğmalarının izini axtarırsan. Kol-kos basmış həyət-bacadan kəndarası yollara çıxmaq istəyərkən ilişib qalırsan, cığırı itirib başqa səmtə yönəlirsən...

Kədər yükü qəddini əyir, acı xatirələrdən ayrılıb gündoğana boylanırsan, sağ çiyin üstə göz işlədikcə uzanan dağların arasında qurulan Laçın aeroportundan Başlıbeldən keçməklə İstisu sanatoriyasına çəkiləcək dairəvi yolun marşrutunu təsəvvüründə canlandırdıqca ürəyindən bir "Ah!" qopur. Köks ötürüb pıçıldayırsan: Allah möhlət versin!

Gözünün qabağında xarabalıq, beynində bir xəfif küləyin söndürə biləcəyi ümid işığı və...

Durub getmək istəyərkən başını yuxarı qaldırıb ətrafa boylanırsan, hər yan gül-çiçəkdir, adam ayrılmaq istəmir!

Doymaq olmur Başlıbeldən! Hətta xarabalıqları da o qədər doğmadır ki!
Allah möhlət versin!

Dövlətimizə, otuz illik həsrətimizə son qoyan Ali Baş Komandana güvənirik! Qayıdışımız möhtəşəm olacaq İnşallah!