22.07.2024, 03:15
AZ EN
28.06.2024, 15:25

Tanrının hikməti ilə yazılan dastan

Şərif AĞAYAR

  • Çox zaman deyirlər, Qarabağ müharibəsi haqqında nə dünya səviyyəli bir kitab yazıldı, nə də bir film çəkildi. Əlbəttə, bu fikirdə müəyyən qədər həqiqət vardır. Əgər həqiqət olmasaydı, bu cür əsərlərin indiyədək yaranmama səbəbləri haqqında arqumentli fikirlərə rast gəlməzdik.

Tale yüklü hadisələrin yüksək səviyyəli sənət əsərinə çevrilməsi üçün hər şeydən əvvəl müəyyən qədər zaman lazım olduğunu deyirlər. Bizim də yaxından iştirak etdiyimiz və çoxsaylı itki verdiyimiz İkinci Dünya Müharibəsi təcrübəsi var. Bu irimiqyaslı savaş haqqında dünyanı fəth edən romanların yazılması və filmlərin çəkilməsi azı 30-40 il sonra start götürdü. Yəni hadisələr yaradıcı insanların içinə sindi, onların daxili süzgəcindən keçdi və özünün bədii ifadəsini tapdı.

Lakin düşündükcə adam qəribə bir paradoksun içinə girir: ilk Qarabağ savaşından da 30 il vaxt keçib axı.

Hanı o film?

Hanı o roman?

Hanı o pyes?

Əlbəttə, heç nə yoxdur demək insafsızlıq olardı. Çox gözəl əsərlər, xüsusən şeir və hekayələr yazılıb, bir çox maraqlı ekran əsərləri çəkilib, ancaq bütün bunlar doğrudan da dünya səviyyəlidirmi? Elədirsə niyə dünyaya çıxmır?

Bəlkə, məhsulumuz var, sadəcə onu təqdim edə bilmirik?

Amma yox, hamımız içimizdə əminik ki, bundan qat-qat gözəl əsərlər yazıla, gözəl filmlər çəkilə bilərdi. Biz bunu indiyədək lazımı qədər bacarmamışıq, indən sonra Allah kərimdir. 

Mənə görə Qarabağ hadisələrinin yüksək bədii inikasını tapmamasının ən ciddi səbəblərindən biri hadisələrin özünün həddən artıq dramatikliyidir. Bilənlər bilir, ciddi sənətdə “mövzu arxasında gizlənmək” deyə bir anlayış vardır. Səbəbi nə olur-olsun, sən bəhs etdiyin hadisədən zəif yazanda, bu arzuolunmaz hal baş verir. Bu fikri gözünə bir balaca yumor da qataraq, “Nu poqodi!” cizgi filmindəki canavarın ağırlıq qaldırmasına bənzətmək olar – ştanqın üstünə bir kəpənək qonmaqla o, “idmançı”nın üstünə yıxılır.

Biz də çox vaxt qaldırdığımız mövzuların ağırlığı altına düşüb əzilirik. Çünki mövzular doğrudan da çox ağırdır. Baxın, Xocalı hadisələri ilə bağlı hansı yüksək səviyyəli şeiri və ya hekayəni xatırlayırsınız? Şəxsən mənim ağlıma ayrı-ayrı detallar, parçalar gəlir, lakin bütöv halda nə isə yadıma düşmür. Hələ janrların ən kiçiyindən söhbət gedir. Səbəb mən deyəndir. Mövzu çox ağırdır, şair-yazıçı-rejissor təxəyyülü onu üstələyə bilmir.

Dediklərimə ən unikal nümunə Natiq Qasımovdur. İngilislərin çəkdiyi “Oğul” sənədli filmi ilə daha yaxından tanıdığımız igid Azərbaycan oğlu... Azərbaycanın Milli Qəhrəmanı... Bir neçə gün öncə ölkə başçısının imzaladığı sərəncamla təzədən gündəmə gələn və yeddidən-yetmişə bütün Azərbaycanı sevindirən gənc qardaşımız...

Bu cür insanların tərcümeyi-halı beş-altı cümlədən ibarət olur. Çünki qəhrəmanlıq an məsələsidir. O elə bir zirvə, elə bir yüksəklik, elə bir ucalıqdır ki, insan oğlu orda çox qala bilmir. Məşhur şeirdə deyildiyi kimi, sadəcə ölümə bir atılışdır...

Yeddi Azərbaycan döyüşçüsü Xocalı işğal olunan vaxt Pirlər kəndindəki kilsədə mühasirəyə düşür. Onlar son ana qədər döyüşür. Hamısı şəhid olur, bircə 21 yaşlı Natiq qalır. 21 yaş və belə bir ağır həyat sınağı... Görünür, ən dözülməz anlarda insana əlavə güc gəlir. Həm fiziki, həm mənəvi. Çünki normal insan işi deyil bu. Qəhrəmanlıq da budur. Tanrının göndərdiyi izafi güc, yenilməzlik, əzəmət... Super-insanlıq!

Natiq beş gün ac-susuz vuruşur, lakin təslim olmur. Hətta o yoldaşlarının əvəzinə də vuruşur. Onların şəhid olduğu mövqelərə gedib onların silahlarından atəş açır, beləliklə, tək qaldığını düşməndən məharətlə gizlədir. Düşmən kilsədə bir dəstə döyüşçü olduğunu düşünüb irəli gələ bilmir.

Yəqin nağıl və dastanlarda filankəsə yeddi kişinin gücü gəlmişdi ifadəsi ilə rastlaşmısınız. Mən fanatik deyiləm, lakin Natiqin o an şəhid olan döyüşçü dostlarının da fiziki-mənəvi gücünü özündə daşıdığına zərrəcə şübhə eləmirəm.

Əfsanəyə bənzəyir, deyilmi?

Düşmən kilsəyə girə bilmir, axırda Xocalı əsirlərindən olan bir müəllimi onun yanına göndərirlər. Deyirlər, əgər təslim olmasan, əlimizdəki 22 nəfər Xocalı əsirini güllələyəcəyik. Bundan sonra Natiqin əlacı qalmır. Lakin təslim olanda da cəmi bircə detalla – həyatın özünün “qələmə aldığı” detalla təslim olurkən qələbə çalır: Azərbaycan bayrağını sinəsinə sıxıb çıxır!

İtaliyalı fotoqraf Enriko Sarsini də indi internetdə az qala Azərbaycanın gerbinə çevrilən həmin fotonu bu vaxtlar çəkir. Natiq yenilməzdir. Qorxmur. Üzü beş günlük gərgin atışmanın his-pasına batsa da, ən yaxın silahdaşlarını itirib düşmən əlinə keçsə də, günəş kimi parlayır. Çünki gec-tez ədalətin zəfər çalacağına əmindir.

Onu dindirən erməni zabiti Vitali Balasanyandır. Heyrətlər içərisindədir. Düşmən olanda nə olar, o da Natiqin yenilməzliyini görür, duyur. Bəlkə, elə nifrəti də bundandır. Həmin söhbətdən sonra Natiq itkin düşür. Aqibəti haqqında hələ də dəqiq məlumat yoxdur.

Ancaq qəhrəmanlar ölmür. İllah da onu öz əllərinlə torpağa basdırmamısansa, daimi diridir. Yanındadır. Bu saat haradansa çıxıb gələcək.

Natiq Vitali Balasanyanı bir də şəkli ilə heyrətləndirir. Düşmən onun qarşısında sarsılır. Alçalır. Üzünə baxa bilmir. Buna görə britaniyalı kinematoqrafçıların gözlərinin içinə baxa-baxa yalan danışır. Natiqi tanımadığını deyir. Halbuki fotoda o özü də düşüb. Başqa hərbçi yoldaşları fotodakı hərbi formalı zabitin Balasanyan olduğunu etiraf edir.   

Böyük Britaniyanın "Broken Pot Media" şirkətinin çəkdiyi sənədli film (ssenari müəllifi və rejissoru Karan Sinqh) bütün bu prosesi aydınlığı ilə göstərir.

Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi Natiqi bizə italiyalı fotoqraf və britaniyalı rejissor tanıdır!       

İndi tutalım biz bütün dünyanı şoka salan Natiq Qasımov haqqında ya roman yazmaq, ya da bədii film çəkmək istəyirik. Necə olacaq? Sizi əmin edirəm, uduzacağıq. Həyatın gerçəkliyi bizim sənətkarlıq imkanlarımızı üstələyəcək.

Natiq Qasımov kimi igidlərimizin yazdığı dastan tale dastanıdır. O, qələmlə, mürəkkəblə, yaxud klaviatura ilə deyil, Tanrının hikmətləri ilə yazılır. Əsir düşməsindən düz 32 il sonra Natiqin sinəsinə sıxdığı bayrağı Xankəndidə qaldıran Ali baş komandanın ona Milli Qəhrəman adını verməsi isə bu dastanın son akkordu – təntənəli finalıdır.

Biz Natiqə, Natiq kimi igidlərə ömürlük yox, əbədi borcluyuq. Həyatdan gedəndən sonra da borcluyuq. Çünki ömür vətənin böyüklüyünü ölçən arşın kimi müəyyən ölçüyə malikdir, vətən özü isə əbədidir.

Şəhidlik Vətən əbədiyyətinin ən ülvi yoludur.

Bir ana qalib gəlib əbədiyyət qazanırsan.

Yəni vətənləşirsən.       

SON XƏBƏRLƏR