08.09.2024, 07:59
AZ EN
23.06.2024, 13:00

Ələmdar müəllimin uğuru – gənclərə nümunə

Sabit ƏZİMOV

Bağlı bir qapıya açar axtarsan,

Ancaq alimlərdə axtar, taparsan.

                                     N.Gəncəvi.

Doğru deyiblər ki, elm yolu çətin, anma mərtəbəsi uca olar. Əsrlər boyu inkişafımızın bütün sahələrində elmi-texniki tərəqqi ağılın gücünə arxalanaraq bu günümüzə gəlib çıxmağımıza şərait yaratmışdır.

Bütün elmlərinin əsası məktəblərdə qoyulur, bu sahədə çalışan müəllimlərin zəhməti isə danılmazdır.

Son dövrlərdə müstəqilliyini bərpa etmiş Azərbaycanda təhsilin inkişafına hesablanmış bütün dövlət proqramları ona gətirib çıxarmışdır ki, iqtisadi-siyasi və digər sahələrdə elmli potensiala malık insanlarımızın geniş təmsil olunması reallıqdır, xüsusi əhəmiyyət daşıyır, cəmiyyətin bütün sahələrində yüksək savadlı vətəndaşlarımız dövlətimizin hərtərəfli inkişafı üçün səfərbər edilmişlər.

Məktəblərdə təhsillə bağlı aparılan islahatlar, yüksək ixtisaslı müəllim kadrlarına olan tələbat müasir dövrümüzdə əsas vəzifələrdən hesab edilir.Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiya imtahanlarına cəlb edilməsi, onların sosial şəraitinə təsir edəcək layihələrin gücləndirilməsi respublikamızda keyfiyyətin yaxşılaşdırılması baxımından uğurlu nəticələrə səbəb olmuşdur.

Bu günlərdə sertifikasiya imtahanlarında iştirak edərək yüksək nəticə əldə etmiş Ağdam təhsilinin yetirməsi Ələmdar Bayramovun riyaziyyat fənni üzrə mümkün 60 baldan 59 bal toplaması onu təsdiq etdi ki, öz üzərində çalışaraq təhsilin bugünki tələblərini yerinə yetirmək üçün mütləq dərin biliyə, təhsilin metodikasına malik olmaq lazımdır. Ələmdar müəllim 1993-cü ilə kimi doğulduğu Novruzlu kəndində orta məktəbdə riyaziyyat fənnini tədris etmiş, sonrakı məcburi köçkünlük dövründə isə Bakı şəhərində Ağdam köçkün məktəbində fəaliyyətini layiqincə davam etdirməkdədir. O,Xankəndi Pedaqoji İnstitutunu bitirmiş, 25 yaşında Baş müəllim adına layiq görülmüşdür.

Hələ Əməkdar müəllim mərhum Səlim Əzimovun Novruzlu kənd orta məktəbində direktoru işlədiyi dövrdə dünya şöhrətli alimlər Xudu Məmmədov və Rafiq Əliyevlə ardıcıl görüşlər təşkil etməsi şagirdlərdə elmə böyük həvəs yaradırdı. Həmin görüşlərin iştirakçısı olan Ələmdar Bayramov da sonradan ali təhsilli riyaziyyat müəllimi kimi təhsil aldığı doğma məktəbdə müəllimlik etmişdir. Bu bir faktdır ki, vaxtilə Ağdam Rayon Təhsil Şöbəsinin, doğma məktəbinin rəhbərliyinin ona etimadı çox böyük idi, təssüf ki, torpaqlarımızın işğala məruz qalması onun da pedaqoji fəaliyyətinə ciddi təsir etdi. Lakin Ələmdar müəllim öz üzərində yorulmadan çalışaraq bütün dövrlərdə təhsilin yeni çağırışlarına cavab verə bildi, özünü təsdiq etməyi bacardı.

Qeyd etmək vacibdir ki, Ələmdar müəllim Təhsil Nazirliyinin müvafiq qaydasının tələb etdiyi yaş səviyyəsinə görə sertifikasiya imtahanına cəlb olumurdu. Amma o, imtahanda iştirak üçün ərizə ilə müraciət etdi və yüksək göstəriciyə nail oldu. Bax, cəsarət, elm, özünü təsdiq etmək budur!

Rəhmətlik, əbədiyaşar müəllimimiz Səlim Əzimovun təbirincə desək, Ələmdar müəllim gənc yaşından etibarən riyaziyyat müəllimi olaraq nümunəyə çevrilə bildi, mükəmməl bilik qazandı, bildiklərini də şagirdlərinə öyrətdi, hazırda da pedaqoji fəaliyyətini davam etdirir. Bu gün fəxrlə demək olar ki,onun yetirmələri respublikanın ən mötəbər ali məktəblərinin bitirmişlər, ölkənin ali təhsil ocaqlarında, idarəetmə strukturlarında, dövlətin təhlükəsizlik, müdafiə qabiliyyətinin artırılması istiqamətində çalışırlar, vətənin müdafiəsində yüzlərlə yetirməsi haqq savaşında rəşadət göstərmişlər.

Mənim övladlarımın da təhsilin ali səviyyəsini qazanmasında onun rolu müstəsnadır. Ələmdar müəllim sinifdə öyrətdikləri ilə kifayətlənməyərək, əlavə olaraq, şagirdlərinin hazırlıq səviyyəsinin artırılmasına da vaxt ayırmağı unutmur. O, həyatda da, ailədə də müəllim nüfuzunu qoruyub saxlamağı bacardı, şəxsi nümunəsi ilə bu peşəyə hörmət gətirdi, marağı daha da artırdı. Ən yaxşı haldır ki, övladı Aynur xanım da pedaqoji fəaliyyətlə məşğuldur, atası kimi sertifikasiya imtahanından yüksək nəticə qazanmışdır .

Əlbəttə ki, qazanılmış uğurlar hər birimizi çox sevindirir. Dövlətimizin başçısı İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət nəticəsində yurd həsrətiylə yaşayan vətən övladlarımız ləyaqətli qayıdış proqramına uyğun olaraq doğma ocaqlarına dönürlər, aparılan bərpa-quruculuq işləri sürətlə davam etdirilir, yeni-yeni təhsil ocaqları da öz daimi sahiblərini gözləyir. Əlbəttə, qayıdış çərçivəsində vaxtilə Ağdam rayonu təhsilində nüfuzlu yeri olmuş bir çox Ağdam ziyalıları indi cismani olaraq aramızda yoxdurlar. Qara Huseynov, Ofeliya Zeynalova, Zoya Ağamirova, Sabir Abdullayev, Səlim Əzimov, Süleyman Zeynalov, Sabir Rəhimov, Knyaz Quliyev, İldırım Səfərov, Mobil Primov, Səlim Mehdiyev, Səyyaf Əliyev, Xanış Məmmədov, Qulam Ağayev, Məmməd Kərimov, Kamal Məhərrəmov, Rüstəm Səlimov, Əli Eyvazov və yüzlərlə müəllimlərimiz müvəqqəti dünyamızdan köç etsələr də, onların ardıcılları keçilmiş şərəfli yolu ləyaqətlə davam etdirirlər. Tam məsuliyyətlə deyə bilərəm ki, Ağdamın işğala məruz qalması ümumi mənada hamımız üçün çox gerilik yaratdı, lakin bu gün yeni üslubda qurulan Ağdama yeni həyat gəlməkdədir, Ələmdar müəllim kimi savadlı, təcrübəli müəllimlərimiz gənc nəslin vətənpərvərlik, milli-mənəvi və elmi dəyərlərə sadiqlik ruhunda böyüməsində, həmişə olduğu kimi, yenə də öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Yaxşı iş üz ağardar - demişlər. Elə Ələmdar müəllimin qazandığı nailiyyətə sevinc qatanlar da gecikmədlər.Qarabağ Regional Təhsil İdarəsi, Ağdam Rayon Təhsil Şöbəsinin əməkdaşları da onu ilk təbrik edənlər sırasında oldular.

Respublikamızın hər bir yerindən, doğma Ağdam ziyalılarından, şagirdlərindən Ələmdar müəllimi təbrik edənlərin sayı çox oldu, böyük hissəsi işə Ağdamlı illərimizdə rayonun rəhbər idarəetmə strukturlarında ləyaqətlə çalışmış insanların olmağı xüsusi diqqət kəsb etdi.

Çimnaz Əliyeva, Cəmilə Kazımova, Hüseyn Kazımov, Rizvan Quliyev, Elşən Əliyev, Cabbar Abdullayev, Natiq Qasımov, Fikrət Əzimov, Xosrov İsmayılov, Vüsal Nuri, Məhərrəm İsmayılov, Azər Bəhramov, Əkrəm Abdullayev, Elbar Şirinov, Novruz Nurullayev, Hacı İsmayılov, Cəlal Fərzaliyev,Nurlan Şükür, Rafiq Kərimli, Məhəmməd Qasımov, Səbinə Əzimova, Kəmalə Məmmədova, Şahrun Əkbərzadə, Araz Sadıqov, Orxan Mehdiyev, Loğman Məmmədov, Yaməddin Həsənov, Famil Əsədov, Xalid Cəfərov, Mirxuda Məmmədov, Təhmiraz Meydinov, Cabir Qasımov, İsmayıl Abbasquliyev, Vüqar Məhərrəm oğlu, Nazim Bayramov, İlqar ismayılov kimi dəyərli insanlarımızın sevinc hissləri ilə münasibət bildirməsi qazanılmış nailiyyətə xüsusi dəyər verdi.

Ulu Öndər Heydər Əliyev "Təhsil millətin gələcəyidir" deyərkən qüdrətli Azərbaycanın qazandığı rəşadətli qələbənin elmi potensialla bağlı olduğunu, vətənpərvər gənc nəslin yetişdirilməsi ilə əldə olunacağını bildirmişdir. Qazanılmış bütün nailiyyətlərin başında isə məktəb-müəllimin xüsusi çəkisi var.

Bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır.

Ələmdar müəllim, Siz qazandığınız uğura layiqsiniz. İnanıram ki, tükənməz enerjiniz, iti zəkanız bundan sonra da təhsilimizin uğurlu inkişafına yeni təkan verəcəkdir.

Təbrik edirəm!