O gecə yuxum ərşə çəkildi, döndüm dolandım, elə həyacanlı idim ki, qəlbimin döyüntüsü yağış damcısı kimi qulaqlarımda tapbıldayırdı. Axı, sabah Şuşaya, uşaqlığımdan həsrətində olduğum Şuşaya gedəcəkdim. Özü də mənim Şuşaya getməyim müqəddəs Qurban bayramına təsadüf edirdi. Buna isə Allahın hikməti deyərlər... Sübh namazına kimi gözümə yuxu getmədi. Namazdan sonra durub hazırlaşdım, hələ də həyacanım keçməmişdi. Saat 6-da gözəl bir qrupla yola düşdük...
Artıq Füzuliyə çatmışdıq. Vandal ermənilərin xaraba qoyduğu evlərin yanından ötüb keçdikcə göz yaşlarımızı tuta bilmirdik, yurd-yuvalarımızın necə talan olmasının şahidi idi gözlərimiz.
Bir də bu torpaqların azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu sanki bizi izləyirdi aydın səmamızdan...
Artıq Şuşanın dolanbac yollarına girmişdik. Dolama yolları keçdikcə göyün zirvəsi, aşağı baxanda isə dərənin dibi görünürdü. Bu qədər çətin relyefi olan bu dağlarda igid oğullarımız necə döyüşüb o soyuq, şaxtalı havalarda özü də... Burda düşünməmək mümkün deyil ilahi bir qüvvənin köməkliyini...
Hələ dağların yarılıb yolların çəkilməsi, yüksək səviyyədə bu əhəmiyyətli layihələrin qısa zamanda həyata keçirilməsinin özü də sanki bir möcüzədir...
Sanki ağ örpəyə bürünmüşdü Şuşanın yolları dağların döşündə pərvazlanan, qürurlanan çobanyastığı, lalələr, dağ çiçəkləri gəlib gedənlərə əl eyləyir, bu dağlara xoş gəlmisiniz deyirdi...
Artıq Şuşaya yaxınlaşdıqca ağlıma hakim ola bilmirdim, həyacandan bağrım çatlayacaqdı sanki. Bir yandan sevinc hissi, bir yandan kədər qəlbimi çuğlamışdı. Bu dağlarda döyüşən, düşməni məhv eləyən şəhidlərimiz, qazilərimizin İGİDliyinə əhsən deyib, şəhidlərimizə min rəhmət, qazilərimizə sansağlığı arzulayırdıq...
Müqəddəs Qurban bayramında qurbanlar kəsilirdi Şuşada. Hamının üzündə sevic, qürur hissini duymamaq mümkün deyildi, hələ uşaqların Cıdır düzündə "Yallı" getmələri, şəhidlərimizin qəhrəmanlığından fəxarətlə danışmaları məni elə kövrəltmişdi ki...
Burda hər şey başqa idi sanki... Bir yandan bərpa edilən, bir yanda xarabalığı xatırladan evlər...
Amma Şuşanın qaməti dikəlmişdi...Amma hər şeyə rəğmən özünə gəlmişdi Şuşa... Axı 30 il bu sevincə, şadlığa, insanlara həsrət qalmışdı toylu, büsatlı, qonaq-qaralı Şuşa...
Şuşa yenidən qonaqlara qapısını açmışdı....
SALAM ŞUŞA!
Salam Şuşa!
Mən öncə sənə gəldim,
Həsrətiylə yandığım
Doğulub boy atdığım
Dil açıb danışdığım
Doğma kəndimə deyil,
Əziz Şuşam, ilk dəfə
Sənə gəldim...
Daşını, torpağını,
Müqəddəs oylağını
Mən heç görməmişdim.
Səsini, sorağını, o saf növrağını
Dillərdən öyrənmişdim.
Hələ uşaqlığımdan
Üzünü görməsəm də,
Qoynuna gəlməsəm də,
Mən səni çox sevmişdim.
Əziz Şuşam!
Uşaqikən elə bilirdim
Şüşədən bir ev olmusan...
Bu sehirli aləmin xəyalıyla yatırdım.
Uşaqlıq xəyalıma yuxularda çatırdım...
Evdə böyüklərimiz
Səni vəsv eyləyirdi.
Şuşa candır deyirdi...
Böyüdüm öyrəndim ki,
Kemilməz qala olmusan.
Dahilər yetişdirib şan-şöhrət qazanmısan...
Sən Azərbaycanın tarixi torpağısan...
Qoynunda pərvazlanıb
Neçə oğulun, qızın.
Dillərdə dastan olub
Muğamın, tarın, sazın...
İlk dəfədir sənə gəldim, Şuşam.
Ey müqəddəs torpağım,
Qoy səndə dalğalansın
Bu üç rəngli bayrağım!.
Nələr çəkdi başın sənin,
Müqəddəsdir, Uludur
Torpağın, daşın sənin...
Burda neçə igidin qanlı xatirəsi var...
Burda neçə igidin şanlı
Qələbəsi var.
Burda xain düşmənin
Gözləri oyulubdu.
Burda xain düşmənin
planı pozulubdu.
Bu daşdan, qayalardan
İgidlərim güc alıb.
Burda neçə igidim
Gözləri gülə-gülə
şəhadətin oxuyub.
Burda neçə igidim
Zəfər səsini duyub...
Kiminin son kəlməsi
Kiminin son gülləsi
Bu torpağa yazılıb...
Ey müqəddəs torpağım,
Qoy səndə dalğalansın
Bu üç rəngli bayrağım!
Salamat qal, əziz Şuşam...
Gedirəm, qayıdacam,
Bil ki, ölənə kimi
Mən səndən doymayacam...
DƏLİQANLI İGİDLƏRİM
Daş-qayaya dırmaşaraq,
Əliyalın savaşaraq,
Düşmənlə əlbəyaxa olaraq
Dəliqanlı igidlərim
Şuşanı azad etdilər...
Nəfəs belə almadılar,
Qayalardan adladılar,
Dünyanı heyrətə saldılar,
Dəliqanlı igidlərim
Şuşanı azad etdilər...
Burda tank, top yeriməz,
İgidlərim qorxu bilməz,
Düşmən leşi saya gəlməz,
Dəliqanlı igidlərim
Şuşanı azad etdilər...
Düşmənin səddin yardılar,
Çox planların pozdular,
Qanla qələbə yazdılar,
Dəliqanlı igidlərim
Şuşanı azad etdilər...
16.VI.2024