Qarabağımızın tam azadlığına qovuşması xalqın vahid birliyinin, şərəf və ləyaqətinin təsdiqidir!
Torpaqlarımızın işğaldan azad edilməsi bərpa-quruculuq işləri üçün tam şərait yaratdı, nəticə etibarilə ləyaqətli qayıdış istiqamətində xeyli işlər görülmüşdür. Artıq keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması günümüzün reallığına çevrilmişdir. Zəngilan, Füzuli, Laçın və digər rayonlardan köçkünlərin doğma ocaqlarına köçürülməsinin şahidiyik. Bütün azad olunmuş torpaqlarımızda görülən işlərin məntiqi nəticəsi olaraq bu günlərdə Şuşa şəhərinə - doğma ocaqlarına qayıdan insanlarımızın sevincinin şahidi olduq və bu qayıdış Dövlət Proqramına uyğun uğurla həyata keçirilir. Doğulub boya-başa çatdığım Ağdam rayonunda da quruculuq işlərinin gedişi ilə tanışlıq bir daha əminlik yaradır ki, yaxın bir müddətdə rayonumuzun yeni üslubda qurulan yaşayış məntəqələrində xoş-firavan həyat öz axarına düşəcəkdir.
Bu da bir həqiqətdir ki, insanlarımızın öz ata-baba yurdlarına qaytarılması üçün hələ də mina təhlükəsinin mövcudluğu, partlamamış sursatlarla çirklənmiş ərazilər əlavə olaraq çətinliklər yaratmaqdadır, mina təhlükəsi hələ də qalmaqdadır. Ermənistan tərəfindən mina xəritələrinin tam və dəqiq təqdim edilməməsi də əlavə çətinliklər yaradır. İşğaldan azad olunmuş torpaqlarımızda 350 nəfərdən çox mülki şəxslərin minaya düşərək həyatlarını itirməsi və ya qismən zərər görməsi də bunu təsdiq edir. Respublika mina təmizləmə Agentliyi - ANAMA əməkdaşlarının ilkin rəyi də təsdiq edir ki, 1.5 milyona qədər mina torpaqlarımızda basdırılmış, təmizlənməsi üçün kifayət qədər vəsait və zaman tələb olunur.
2023-cü ilin may ayında Ağdamda "Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı inkişafa gedən yol " mövzusunda keçirilən beynəlxalq humanitar konfransda, ardınca ABŞ-da dünya Ərzaq proqramına həsr edilmiş beynəlxalq müzakirələrdə də Azərbaycanın mina təhlükəsi üzləşən dövlətlər sırasında ön yerdə olduğu qeyd edilmişdir. Ağdamda vəzifə fəaliyyətini yerinə yetirərkən mina təhlükəsinin qurbanına çevrilmiş Hafiz Əzimzadənin bu beynəlxalq tədbirlərdə iştirakı və mövqeyini bildirməsi də konfrans iştirakçılarını əyani məlumatlandırılması, müharibə və minaların yaratdığı fəsadların aradan qaldırılması baxımından xüsusi əhəmiyyət daşımışdır. Ağdamda bərpa-quruculuq işləri həyata keçirilərkən yeraltı su mənbələrinin, suvarma sisteminin bərpası zamanı mövcud çətinliklər faktlarla konfrans iştirakçılarının nəzərinə çatdırılmışdır.
Bu gün Niderland krallığının ikinci böyük şəhəri olan - Rotterdam şəhərində mina təhlükəsizliyinə həsr edilmiş mötəbər beynəlxalq tədbirdə iştirak və çıxış edən Hafiz Əzimzadə Azərbaycanın haqlı mübarizəsi barədə həqiqətləri, Qarabağ torpaqlarının işğaldan azad edilməsindən sonra mina təhlükəsi ilə bağlı yaranmış çətinlikləri beynəlxalq qurumların təmsilçilərinin, tədbir iştirakçılarının nəzərinə çatdırdı, onları Azərbaycanın yanında olmağa çağırdı. Bir daha qeyd etdi ki, ləyaqətli qayıdış proqramının həyata keçirilməsi zamanı nina təhlükəsindən qorunmaq, vətəndaşların sağlamlığının qorunması vacib amillərdəndir.
Vətən torpağı müqəddəsdir - anadır. Şəhidlərimizin qanı bahasına azad olunmuş torpaqlarımızda yeni bir tarixin - qürurlu dövrün başlandığını hər gün hiss edirik. Qüdrətli Azərbaycan dövlətinin qorunmasına, onun əbədiliyinin təmin edilməsinə töhfələr verməkdə hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Əzizimiz Hafiz Əzimzadə, Sizə tutduğunuz şərəfli, apardığınız mübarizə yolunda uğurlar arzulayıram!
Vətənini sevən və ona bağlı olan insanlar çox xoşbəxtdirlər!