26.12.2024, 20:18
AZ EN
08.05.2024, 10:12

Şuşaya qayıdırıq...

Elxan SALAHOV

Şuşaya qayıdırıq, ilk köç yol üstədir...
 
Otuz iki il əvvəl, məhz bu günkü tarixdə yağı düşmənin işğal etdiyi, yandırdığı, xarabalığa çevirdiyi Şuşa azad edilib, yenidən qurulub...
 
Şuşalılar doğma yurda qayıdır. Otuz iki il bu günün həsrətini çəkən şuşalı məcburi köçkünlər öz evlərinə, isti ocaqlarına köçür. Separatçıların 32 il əvvəl ələ keçirdiyi mədəniyyət paytaxtımız indi azaddır, dağldılmış şəhər dirçəlir, əvvəlki tarixi görkəminə qayıdır...
 
Şuşa doğma sakinlərinə qucaq açır. Uzun ayrılıq, acı həsrət son yetir. Şuşa öz sakinlərini qarşılamağa hazırdır!
 
Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma bir neçə gün əvvəl keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin püşkatma otağının qarşısındakı qələbəliyə mən də şahidlik edirdim. Şuşalıların üzündəki sevinci sözlə ifadə etmək çətindi. Qələbəlik, məğrurluq, doğma Şuşaya tez çatmaq istəyi püşkatma otağının qarşısına toplaşmış hər kəsin çöhrəsində sezilirdi. Ahıl kişilər, ağbirçək nəlnələr uşaq kimi sevinirdilər. Şuşalılar bir-birini qucaqlayıb təbrik edirdilər. Divarlar da şahiddir. Saki divarları da Şuşaya və şuşalılara görə sevinirdi.
 
İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.
 
Qarabağa Böyük Qayıdışın Şuşa mərhələsi yetişdi, sabah ilk 20 ailə doğma şəhərinə, isti yuvasına qovuşacaq. Bu tarixin seçilməsi təsadüfi deyil. Otuz iki il əvvəl mayın 8-də işğal olunan, 44 günlük müharibədə müzəffər ordumuzun azad etdiyi mədəniyyət paytaxtımıza qayıdışın bu təqvimə salınmasının mənəvi anlamını yəqin ki, izah etməyə heç gərək də yoxdur. Müharibədəki tarixi qələbəmiz Şuşa Zəfəri ilə yaddaşlara həkk olundu.
 
Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı əsasında, Böyük Qayıdışın Şuşa üzrə ilkin mərhələsinin reallaşması üçün demək olar ki, hər şey hazırdır. Yenidən qurulan şəhərə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar...
 
Şuşa azaddır! Azadlığın dirçəlişin və qayıdışın mübarək, Şuşa!
Şuşalılar son 32 ilin ən xoşbəxt və sevincli günlərini yayaşır. Gözünüz aydın, şuşalılar!