Səhnənin baş tərəfində 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun iri portretini görəndə xəyal məni keçmişə qaytardı...
Hər şey Raquf Orucovun şəhid olması ilə başlamışdı. Əfsanəvi kəşfiyyatçının nəşini qarşılamaq və son mənzilə yola salmaq üçün onun Sumqayıtdakı evinin qarşısına toplaşanların coşğusu indi də gözümün önündədir. Xalqın öz şəhidinə sevgisini, hörmət və ehtiramını sözlə ifadə etmək mümkün deyildi. Şəhidini başı üzərinə qaldıran insan seli, vətən sevdalı gənclərin çoşub-daşan əhval-ruhiyyəsi nələrisə deyirdi...
Elə həmin günlərdə Elşən müəllimlə birgə əziz dostumuz, ustad jurnalist Xanlar Məmmədovun tövsiyəsi əsasında qəhrəman şəhidimizin həyat və döyüş yollarını öyrənməyə, zəruri məlumatları toplamağa başladıq. Aprel şəhidlərinin qırx mərasimlərindən dərhal sonra qərarımızı qətiləşdirdik: Raquf Orucov haqqında məxsusi kitab yazıb çap etdirmək. Şəhidlərin birinci ildönümünə iki ay qalmış çapa hazır olan kitabın adını da müəyyənləşdirdik - “Murov qartalı”. Mətbəə xərcini isə VƏTƏN, XALQ, TORPAQ, ŞƏHİD yükünə çiyinlərini verə bilən oğulların qurub-yaratdığı özəl şirkətlərdən biri – “Azman holdinq” üzərinə götürmüşdü. Kitab çapdan çıxdı, “Murov qartalı” hər yana səs saldı, hər yerdə Raquf Orucovdan danışıldı. Bakıda, Sumqayıtda, Ağdamda təqdimatlar keçirildi. İki-üç ay ərzində təhsil ocaqlarında, ictimai təşkilatlarda çoxsaylı tədbirlər təşkil olundu...
Və elə həmin il, Aprel şəhidlərinin birinci ildönümündə Ağdamda Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol, Bakıda isə cüdo yarışları keçirildi. Təşkilatçı yenə də “Azman holdinq” idi...
2017-ci ildən əsası qoyulan bu ənənənin davamını dünən Bakı İdman Sarayında izləmək çox qürurlu idi. Cüdo üzrə V “Raquf Orucov kuboku” beynəlxalq turnirin yüksək peşəkarlıqla təşkil olunması, mütəşəkkillik öz yerində, iştirakçı ölkələrin sayının artması, Azərbaycanla yanaşı Rusiya, Türkiyə, Macarıstan, Gürcüstan, Türkmənistan kimi ölkələrin idmançılarının da bu yarışlara qatılmasına çox sevindim. Bu, təkcə idman hadisəsi deyil, həm də Raquf Orucov kimi qəhrəman şəhidlərimizin ölkə hüdudlarından kənarda tanıdılması, Qarabağ həqiqətlərinin təbliği deməkdir!
Dünənki tədbir şəhidlərə sevginin, hörmət və ehtiramın növbəti nümunəsi idi! Buna görə "Azman holdinq"in rəhbərliyinə və “Raguf Orujov Cup”un Təşkilat Komitəsinə əhsən!
Bu mötəbər turnirin təşəbbüsçüsü, veteran cüdoçu, “Judo Club 2012”nin təsisçisi Azər Əsgərova və komandasına xüsusi təşəkkürlər! VƏTƏN, XALQ, TORPAQ, ŞƏHİD dərdini bu yükü çəkənlər daha yaxşı bilər. Yükünüz yüngül, yolunuz rəvan olsun!