08.09.2024, 07:58
AZ EN
29.04.2024, 13:55

Xocalını qucaqlayan lalələr...

Mina RƏŞİD

Burda qırmızı lalələr

Saya gəlməz, Xocalı... 

Sən ay qırmızı köynəklim,

Dərd köhnəlməz, Xocalı!

 

Gözümüzün biri gülər,

Biri ağlar, Xocalı.

Bu lalələr min dərdimə

Məlhəm olar, Xocalı!

 

Bu laləzar qırğınlara,

Qadalara “Yox!”, - deyər.

Düşmənə meydan oxuyar,

“Gözəlliyə bax!”, - deyər...

 

Şəhid ruhlarını oxşar,

Məzarları qucaqlar.

Lalə deyər, burda yenə

Gur yanacaq ocaqlar...

 

Bəzən sözün tükəndiyi yerdə çiçəklər açarmış. Bəli, bu gün al qırmızı lalələrin adı belə qəlbimizi titrədən Xocalıdakı yaratdığı möcüzələr kimi... Bu gün sosial şəbəkələrdə, saytlarda, jurnal və qəzetlərimizdə səhifələr Xocalını qucaqlayan laləzarın görüntülərini  yaymaqdadır. Sanki Xocalı yaramıza  məlhəm kimi açılıb bu məsum, mərdanə duruşlu lalələr. Xocalıda zalım düşmənə meydan oxuyur lalə dənizi...

Bəli, Xocalı faciəsi heç vaxt unudulmayacaq, bu al qırmızı lalələr də şəhid ruhlarına, onların bilinən və bilinməyən məzarlarına Salam kimi bu gün Xocalını bağrına basıb.

Bu gün Xocalı azaddır. Xocalı yenə də bizimdir. Yaşasın bu Qələbəni, bu gözəlliyi bizə yaşadan Müzəffər Ordumuz, Ali Baş Komandanımız, Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə cansağlığı arzu edirik.