08.09.2024, 07:54
AZ EN
08.04.2024, 14:10

Dualarımız qəbul olundu

Mina RƏŞİD

Qoşa minarəli bu məscidinlə

Səni bütün dünya tanıyır, Ağdam!

İllərdi duamız ucaldı göyə,

Daha bizi heç kim qınamır, Ağdam!

Müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Həm də Yaradana sonsuz şükürlə daha böyük fərəh və sevinclə. Çünki illərdi həsrətində qaldığımız doğma Qarabağa, əsir yurd yerlərimizə qovuşduq artıq. Dualarımız qəbul olundu. Bu gün gözəlliyi dünyaya tamaşa olan doğma Laçınımızda Qarabağın ən böyük məscidi inşa edilir. Tezliklə Laçın dağlarına azan səsi yayılacaq, məsciddə eyni vaxtda 400 nəfər ibadət edə biləcək. Beləliklə, Laçının ilk məscidi ilin sonunda ixtiyarımıza veriləcək.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərimizdə 67 məsciddən cəmi biri – Şuşadakı Gövhərağa məscidi salamat qalmışdı ki, onu da düşmən özününküləşdirməyə çalışıb. Digər məscidlər yarıdağıdılmış vəziyyətdə olub, qalanları isə ümumiyyətlə məhv edilib.

Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Ağdam Cümə məscidi işğal dövründə erməni vandalizminə məruz qalan yüzlərlə tarixi-dini abidələrimizdən biridir. Məscidin minarələri daxildən qismən sökülmüş, məscidin tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınmışdı. Bir sözlə, məsciddə islam xüsusiyyətlərini əks etdirən nə varsa məhv edilmişdi. Eyni zamanda, işğal dövründə ermənilər bu ibadət ocağında mal-qara, donuz saxlamış, ondan müşahidə məntəqəsi kimi istifadə etmişdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində tarixi qələbə əldə edildikdən sonra işğaldan azad edilmiş torpaqlara ilk səfərini Ağdam Cümə məscidindən başladı, Məkkədən gətirdiyi “Qurani-Kərim”i  məscidə bağışladı. Bu gün isə məsciddə artıq son təmir işləri həyata keçirilir.    

Məscidlərimiz işğaldan azad edilmiş digər ərazilərimizdə də bərpa edilməkdədir. Zəngilanda Heydər Əliyev Fondu tərəfindən bərpa edilən məscidin bu ay təhvil verilməsi nəzərdə tutulub.

Bu il Ramazan bayramının sevinci ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş doğma ərazilərimizdə ayrı bir həyəcanla qeyd ediləcək. Bizə bu sevinci yaşadan Müzəffər Ali Baş Komandanımız var olsun. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfa, cansağlığı diləyirik.     

Bayramımız mübarək olsun!