17.04.2024, 12:39
AZ EN
28.03.2024, 09:00

Uşaqların xəstələnmədiyi dünya

Şərif AĞAYAR

  • Fikir vermişəm, ucqar bir kənddən bir nəfər çıxır, Bakıya gəlir, yaxşı təhsil alır və ardınca neçəsini çəkib gətirir. Bu adamlar əvvəl öz bölgələrinin, sonra bütün Azərbaycanın öndə gedən şəxsiyyətinə çevrilir. Böyük epoxalar bu cür başlayır...

Laçında oxumaq ənənəsi güclüdür. Müəllimlər lap çoxdur. Kəndlərdə elə ev var, beş-altı müəllim yetişib. İkinci yerdə həkimlərdir. Məncə, bu ənənə böyük doktor Mürsəl Şahsuvarovdan qalıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk təhsil naziri Nurməmməd Şahsuvarovun qardaşını deyirəm. Cümhuriyyət vaxtı onu Münhen Tibb Universitetinə göndərirlər. Daha doğrusu, özü Almaniyada oxumaq və qayıdıb ölkəmizdə tibb sahəsini inkişaf etdirmək arzusu ilə Xalq Maarifi Nazirliyinə  müraciət edir. Müraciəti müsbət qarşılanır. Gedib oxuyur. Yüksək savadına və bacarığına görə almanlar onu universitetdə saxlamaq istəyirlər. Lakin bir neçə illik təcrübə və elmi fəaliyyətdən sonra geri qayıdır. O oxuyanacan Cümhuriyyət süqut etsə belə öz xalqı qarşısındakı məsuliyyətini unutmur.

Mürsəl Şahsuvarov 1971-ci ilə qədər yaşadı, Azərbaycanda tibbin qurucularından biri oldu və Laçınla, doğma Minkəndlə əlaqəsini heç vaxt kəsmədi. O, bir neçə dəfə bizim kəndə də gəlmiş, təbiətinə heyran qalmışdı. Ağbulağı öz əsrarəngiz mənzərələrinə görə İsveçrəyə oxşadan da Mürsəl həkim olmuşdu.

Məlumat üçün deyim, Minkənd Laçının şimalında, İşıqlı dağının ətəyində yerləşir. Məşhur Qara gölə və Ermənistan sərhədinə ən yaxın kənddir. Bura Laçının ən böyük kəndidir. Tarixi də çox qədimdir. Minkənd həm də Zəngəzurun ilk məktəb açılan kəndlərindən biridir. Bax həmin bu məktəbin hesabına elmin işığı biz tərəflərə düşüb. Mirzə Cəlil zamanında – ölkəmizin mərkəzdə yerləşən ən böyük kəndlərində cahillik hökm sürdüyü vaxt Dəlidağın ətəyində adamlar dünyəvi təhsil alıblar. Buna görə Minkənd zonasında yazmaq, oxumaq yüz illər əvvəl tarixi ənənəyə çevrilib. Bizim kənd Minkəndin yeddi kilometrliyində yerləşir. Mənim atam da bir çoxları kimi yuxarı sinifləri Minkənddə oxuyub.

Sonralar ətraf kəndlərdə, o cümlədən bizim Ağbulaqda ibtidai məktəb tikilib. Sonra bu məktəb səkkizillik oldu. Qonşu kəndlərə doqquzuncu, onuncu sinifləri oxumağa gedən qoltuğu kitablı uşaqları mən də xatırlayıram. İsa həkim də onların arasında idi.

Söhbət ötən əsrin 80-ci illərindən gedir.

Biz kənddə qonşu idik. İsanı ömrüm boyu əlində kitab görmüşəm. Bir də hərdən o vaxt üçün nadir sayılan maqnitofonunda musiqi dinlədiyinin şahidi olmuşam.

Onun öz gücünə “Medinstitut”a qəbul olunması hamımızda oxumağa böyük inam yaratmışdı. İmkanım ola bu cümlədəki “öz gücünə” ifadəsinin altından qırmızı xətt çəkərəm. Çünki 80-ci illərdə, sovet Azərbaycanında Tibb İnstitutuna qəbul olunmaq əfsanəyə bənzəyirdi. İsa Alşanov bunu bacardı və ən başlıcası bizim də bacaracağımızı bizə inandırdı. Onun bitirdiyi orta məktəbdə zəif oxumaq ayıb sayılırdı. Müəllimlər özü belə İsanın əzəmətli obrazından çəkinib yaxşı dərs keçirdilər. Kənd əhli məktəbə futbol klubu kimi azarkeşlik edirdi. Yaxşı dərs danışan şagirdi həmin gün axşam kəndin aralığında müzakirəyə çıxarırdılar. Ata-anası, qohumları uçmağa qanad gəzirdi. Yaxşı oxuyan uşaq kəndin ulduzuna çevrilir, hamıya nümunə göstərilirdi.  

Bu ənənəni yaradan parlaq zəkalardan biri – birincisi idi İsa Alışanov. Xətti də möcüzə idi. Bakının bütün aptekləri onun reseptlərini tanıyırdı. Kompüter əsrinin gənclərinə qəribə gələr, bir zamanlar adamı həm də xəttinə görə tanıyır və dəyərləndirirdilər.

O vaxt universitetə qəbul olunmasında bu misilsiz əl yazısının böyük rolu olmuşdu. Adətən savadlı abituriyentləri “konkursa” salıb asanlıqla kəsirdilər. İsa institut rəhbərliyinə yazılı müraciət etmişdi. Eynən Mürsəl doktor kimi. Səhv etmirəmsə, o vaxt rektor Yaqub Məmmədov idi. Yazmışdı ki, uşaqlıqdan səhhətimdə çoxlu problemlər olub, həkimlərin hesabına yaşamışam, bu borcu yalnız həkim kimi insanların xidmətində dayanmaqla qaytara bilərəm, məni bu imkandan məhrum etməyin. Ona inandılar. Etimad göstərdilər. İsa da bu etimadı doğrultdu. Ölkənin ən yaxşı uşaq nevropatoloqlarından biri oldu.

Məncə, o, dahi həkim idi. Gözlərində heç kimə bənzəməyən bir işıq, əllərində heç kimdə olmayan bir enerji vardı. Xəstəni rentgenə, MRT-yə göndərəndə məəttəl qalırdım. Axı özü görə bilirdi hər şeyi... Amma yox, nə qədər görsə də, bilsə də, mütləq mütəxəssisdən rəy alırdı. İndiki “hərşeyşünas” həkimlərə baxanda İsanın təbəssümü ilə gülümsünürəm.

Bu cür savadın üstünə mənəvi təmizlik və sadəlik də gələndə adam qənimət adama çevrilir.

Və qənimət adamların itkisi çox ağır olur.

İsa Alşanovun aramızdan vaxtsız getməsi – bizi belə tez, belə gözlənilmədən yetim qoyması kəndimizin işğalı qədər ağır gəldi mənə. Təbii, o, təkcə bir kəndin, bir rayonun yox, bütün Azərbaycanın itkisidir. Kəndimizin isə sadəcə belini qırdı. O cür bir mütəxəssis, bir ziyalı yetişdirmək üçün balaca bir dağ kəndinə azı yüz il lazımdır...

Yüzlərlə uşağa həyat vermək, yüzlərlə uşağı şikəstlikdən, əqli çatışmazlıqdan xilas etmək...

Görəsən o biri dünyada bu parlaq əməllərin bədəli hansı mükafatdır?

Tanrının buna əvəz bir hədiyyəsi varmı?

İstənilən problemli uşağın göydə Tanrısı vardı, yerdə İsa həkimi. Müalicənin intizamını pozmağın üstündə körpələrin analarına əsəbiləşdiyini görəydiniz. Səsini elə ərklə qaldırırdı, deyirdin uşaq valideynindən çox bunun övladıdır. Dedim axı, Tanrı vardı, İsa həkim vardı, bir də uşaq vardı. Valideyn öz məsuliyyətsizliyi ilə son ucunda işıq görünən bu zəncirin zəif halqasına çevriləndə cin vururdu təpəsinə, nəzakət qaydalarını bir anlıq unudub çılğın dağ adamına çevrilirdi.     

O həm də böyük sənət bilicisi idi. Gəncliyində çox gözəl şeirlər yazırdı. Həmin nümunələr indi də dillər əzbəridir. İsa həkimin nə vaxtsa şeirin daşını atacağına heç kim inanmırdı. Deyəsən, o, poeziyadakı humanist arzuları praktiki işə çevirəndən sonra yazmağa ehtiyac duymadı. Şeiri yaşadı İsa həkim. Yaşadı və insanlara yaşatdı.

Müayinə vaxtı dönüb başqa adam olurdu, ətrafla irtibatı tamam kəsilirdi. Sanki bir addım o yanda paralel bir dünyadadır, bütün dərdlərin əlacı ulu Loğmanın özündən məsləhət alır, vəhy dinləyir.

Bir də sevdiyi musiqini dinləyəndə, sevdiyi yazını oxuyanda bu hala düşürdü. Dünyadan qopurdu. Onun ölüm xəbərini eşidəndə ilk ağlıma bu mənzərə gəldi: yenə dünyadan qopub, harasa gedib, lakin bu dəfə bir daha geri dönməmək şərti ilə...

Son otuz ildə bir gününü də Laçınsız, Ağbulaqsız yaşamadı. Hər görüşəndə mütləq maraqlı bir xatirə danışırdı. Kəndin saz-söz adamları, köhnə-təzə dostları, qohumları ilə oturmaq, söhbətləşmək üçün candan olurdu. Laçın azad olunandan sonra növbəti məclisi kəndimizin məşhur “Dəmirçi bulağı”nda planlaşdırmışdıq. Gedəcəkdik. Mütləq. Əcəl aman vermədi.

Ümid edirəm, uşaqların xəstələnmədiyi, torpaqların işğal olunmadığı ədalətli bir dünyadadır indi. Əllərini və ürəyini dincə qoyub xoşbəxtcəsinə gülümsünür. Axı deyirlər, Tanrı dərgahı bütün həsrətlərin bitdiyi yerdir. Nur içində yatsın deyirəm istər-istəməz, amma onun müqəddəs varlıqlar kimi başdan-başa işıq haləsinə büründüyünə də zərrəcə şübhə eləmirəm.