27.07.2024, 13:16
AZ EN
27.03.2024, 11:32

Köçkün ömrü: 31 il əvvəl və bu gün

Elxan SALAHOV

31 il əvvəl bu gün...

Ermənilər Kəlbəcərin işğalına 1993-cü il martın 27-də Ağdaban kəndindən başlamışdı. "Azərbaycan bayrağı" ordenli bölük komandiri Ülfət Kərimov tabeliyindəki könüllülərlə düşmənin hücumunun qarşısını almağa, qeyri-bərabər döyüş şəraitində dinc əhalinin təxliyəsi üçün maksimum dərəcədə şərait yaratmağa çalışmışdı. Məhz onun komandanlığı altında 5 saatdan artıq davam edən müqavimət nəticəsində Ağdaban kəndinin sakinləri itki vermədən döyüş zonasını sağ-salamat tərk edə bilmişdi.

Beləcə, düşmənin sürətli hücumu məhz Ağdabanda böyük müqavimətlə üzləşmiş, Xocalı qətliamının Kəlbəcərdə təkrarlanmasının qarşısı alınmışdı. Yalnız Ülfət Kərimov və daha bir neçə cəsur döyüşçü şəhid edildikdən sonra düşmən Ağdaban kəndini işğal etmiş, rayonun içərilərinə doğru soxula bilmişdi...

Təəssüf ki, müdafiənin yarılması və düşmənin üzük qaşı kimi mühasirəyə alınmış Kəlbəcərin içərilərinə soxulması, yol və keçidlərin tutulması xəbəri ucqar kəndlərə gec çatmışdı. Martın 31-dən aprelin 1-nə keçən gecə isə Tunel-Başlıbel yolu üzərindəki yeganə nəqliyyat keçidi düşmənin nəzarətinə keçmiş, Tutqunçay zonasında 42 yaşayış məntəqəsi mühasirədə qalmışdır. Bunun iki ağır nəticəsi aprelin 1-də Tuneldə və 18 gün sonra Başlıbeldə yaşandı. Başlıbeldə törədilən qətliamdan sonra sağ qalmış 30 nəfər dağlarda gizlənərək 113 gün düşmənlə ölüm-qalım mübarizəsi apardı. Onlardan 29 nəfəri iyulun 22-də Başlıbeldəki gizli sığınacaqları tərk edərək yola çıxdılar və 4 gündən sonra Kəlbəcərdən Daşkəsənə keçməklə mühasirədən xilas oldular. Yalnız bir nəfər - 75 yaşlı Ələsgər baba inadından dönməmiş, "nəvələrimi, gəlinimi sağ-salamat aparıb çıxara bilsəniz, mənə böyük yaxşılıq etmiş olarsınız" deyərək mühasirə yoldaşlarına uğurlu yol arzulamış, özü isə "Barıtlı kaha"da tək qalmışdı...

Otuz bir il əvvəl bu gün Ağdabandan başlayan işğal 113 gündən sonra Başlıbeldə bax, belə başa çatmışdı...
Allah şəhidlərimizə rəhmət eləsin!

Bu gün Kəlbəcər azaddır, Ülfətin, Ələsgər babanın, bütün şəhidlərin ruhu şaddır!

Düşmən tapdağından azad edilən Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəlir, sönən ocaqlarımız yenidən alovlanır...

Və bu il, cəmi iki aydan sonra Kəlbəcərə ilk köç karvanı yola salınacaq! Kəlbəcərə, doğma yurdlarımıza qayıdırıq! Yaşanılmamış, məcburi köçkünlükdə keçən 31 ilimizi yenidən yaşayacağıq. Həm də Vətən həsrəti ilə dünyasını dəyişən doğmalarımızın əvəzinə...

Biz qayıdırıq. Təkcə yaşamaq yox, həm də yaşatmaq üçün! Şəhidlərimizin, Kəlbəcərdən uzaqda uyuyan doğmalarımızın ruhuna xatir keçmişimizi yaşatmaq, əvvəlki Kəlbəcərin ənənələrini gənc nəslə öyrətmək və tanıtmaq üçün qayıdırıq!