Ötən il Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) sosial şəbəkələrdə mənəvi dəyərlərimizin təbliği ilə bağlı müsabiqə keçirdi. Mənəvi dəyərlərimizdən yazdığımdan və mövzu mənə çox doğma olduğundan mən də müsabiqəyə qoşuldum. Birincisi, onu deyim ki, indiyədək qoşulduğum müsabiqələrin içərisində bunun qədər zövq aldığım olmamışdı. Çünki söhbət vətənpərvərlikdən, yaxşılıqdan, mərhəmətdən, ədalətdən gedirdi. Müsabiqədə yer tutdum və “Asan Radio” ilə MDTF-nin birgə layihəsində çıxış etməyə dəvət olundum.
Bunları indi nədən xatırlayıram, sözümün canı var axı…
Aparıcı İlkin Kərimov müsabiqə iştirakçılarına belə bir sual verdi:
- Sizin üçün mənəvi dəyərlərin hansı daha dəyərlidi?
Bu suala birinci mən cavab verməli oldum.
Heç düşünmədən, “vətənpərvərlik” dedim, amma bu sözün mənasından, özündən heç nə demədim. Digər iştirakçı isə sualı pafosla və uzun-uzadı cavablandırdı…
Sonra öz-özümə xeyli düşündüm: vətənpərvərlik bu idimi, dil-dil ötmək, pafosla danışmaq, şeir demək, bayrağı başına qaldırmaq, “mən Vətəni sevirəm” demək… Budurmu vətənpərvərlik?
Vətəni sevmək və ya vətənpərvərlik mənim üçün, böyük şair Məmməd Araz demiş, AZƏRBAYCAN, deyəndə ayağa durmaqdır. “Vətən” deyəndə qəlbin titrəyər, gözlərin dolar. Himnimiz səslənəndə üçrəngli bayrağımız kimi ucalıb, Vətənə layiq olmağa çalışarsan. Vətəni sevmək, sadəcə, bunlar da deyil, Vətəni sevdiyini öz işində, əməlində yaşatmaq və onu təbliğ etməkdir. Uşaqlarına, şagirdlərinə, doğmalarına “bura bizim Vətənimizdir, biz onun üçün yaşayırıq, bura bizim dogma evimizdir” - söyləməkdir.
30 ilə yaxın kəndimiz, şəhərimiz, dogma Qarabağımız düşmən tapdağı altında qaldı. O illər ərzində Qələbəyə olan inam idi vətənpərvərlik. O inam ki, bizi bir an da olsun tərk etmədi. Əlbəttə, “daha hər şey bitdi, torpaqlar getdi”, - deyə sabaha inanmayanlar da vardı. Bizim onlarla mübahisələrimiz də... Amma sonunda, görün, bu inam bizi gətirib hara çıxardı. Ali Baş Komandanımızın əmri və Qələbəyə böyük inamı hamımızı ayağa qaldırdı…
Hamı ona “Can”, dedi,
Bu “Mübarək an”, dedi,
“Can, Azərbaycan”, dedi
Ali Baş Komandanım!
Uşaqdan-böyüyə qədər hamı özünü əsgər sandı. Bütün millətimiz dəmir yumruq kimi birləşdi. Güclü ordumuz, dönməz inamımız, haqq uğrunda alnı açıq, üzü ağ savaşımız bizə Zəfər gətirdi. Vətənpərvərlik bax, budur, biz illərlə ona doğru gedirdik. Müzəffər Ali Baş Komandanımız o anda qəhrəmana çevrildi, çünki boşuna zaman xərcləməmişdi, hay-küydən uzaq, ədalət uğrunda mübarizəyə hazırlaşmışdı. Ona görə hamı ona “Can” dedi.
Vətən - demək, BÜTÖV AZƏRBAYCAN, deməkdir, qəlbimizin birgə döyünməyi, böyük amallar üçün çarpışmaq deməkdir. Vətəni sevmək can verən əsgərin bayrağa sarılmağı, onu son nəfəsinə qədər qorumağı deməkdir. Vətənpərvərlik bir əsgərin ona verilən tapşırığı unutmaması, olduğu yeri tərk etməyərək təkbaşına düşmən gözünə bir ordu kimi görünməsi deməkdir.
Vətənpərvərlik müqəddəs torpağımızda, Şuşada, Cıdır düzündə içib “yallı” gedən və bizə gözdağı verən düşmənə “QARABAĞ AZƏRBAYCANDIR”, demək və bunu sübuta yetirməkdir!